Şumaxerin “Reynard 903″ü satılır
“Formula 1″in əfsanəvi pilotu Mixael Şumaxerin dünya çempionu olduğu “Reynard 903” avtomobili satışa çıxarılıb.
Rakus.az xəbər verir ki, bolidin qiyməti açıqlanmayıb. Bildirilib ki, bunu yalnız sorğu göndərməklə öyrənmək olar.
Şumaxerin 1990-cı ildə məhz həmin bolidlə WTS komandasının tərkibində Almaniyada “Formula-3″ün qalibi olduğu vurğulanıb. 185 at gücündə olan “Opel” yarış avtomobili tam işlək vəziyyətdədir.
Bu ilin yanvarında “Formula 1″in 7 qat çempionunun ən son fotosunun satılacağına qərar verilmişdi. Hətta sui-istifadəçilər buna görə 1 milyon funt-sterlinq ödəməyə hazır idilər.
Amma həmin vaxt Şumaxerin vəziyyətindəki dəyişiklik barədə danışan neyrocərrah Nikola Aççarri bildirmişdi ki, pilotun hazırkı görünüşü xizək qəzasından əvvəlkindən xeyli fərqlənir.
Xatırladaq ki, Mixael Şumaxer 2013-cü ildə Alp dağlarında xizək sürərkən qəzaya uğrayıb. O, başından aldığı ağır zərbədən komaya düşmüşdü.