Superkubokun qalibi bu gün müəyyənləşir
Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək.
Rakus.az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə yerləşən “Puşkaş Arena”da baş tutacaq qarşılaşmada Almaniyanın “Bayern” və İspaniyanın “Sevilya” klubları üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Hər iki klub keçirdiyi son beş rəsmi matçında məğlub olmayıb. “Bayern” UEFA reytinqində birinci, “Sevilya” isə səkkizincidir.
Almaniya təmsilçisi iştirak etdiyi UEFA Superkubok oyunlarından birində qələbə qazana bilib. Belə ki, 2013-cü ildə İngiltərənin “Çelsi” klubu ilə qarşılaşan “Bayern” Superkubok matçında qələbə qazanıb.
“Sevilya” isə çıxdığı UEFA Superkubok oyunlarının heç birində qələbə qazana bilməyib.
Tərəflər sonuncu dəfə 2018-ci ildə UEFA Çempionlar Liqasının 1/4 finalında qarşılaşıb. İlk qarşılaşmada “Bayern” rəqib meydanda 2:1 hesablı qələbəyə sevinib. Cavab qarşılaşması isə qolsuz heç-heçə ilə bitib. “Bayern” “Sevilya”nı öz meydanında udan ilk alman klubu kimi tarixə düşüb.
“Bayern”in baş məşqçisi Xansi Klik oyundan öncə fikirlərini bölüşüb: “Sevilya” Avropa Liqasının qalibi olub. Taktiki cəhətdən yaxşı hazırlanmış komandadır. Onun baş məşqçisi vəzifələrinin öhdəsindən layiqincə gəlir. Çox dinamik və gərgin oyun olacaq. Hər iki komandadan çox şey gözləmək olar. Biz qələbə qazanmaq istəyirik, oyuna ciddi hazırlaşmışıq”.
“Sevilya”nın baş məşqçisi Yulen Lopeteqi “Bayern”in baş məşqçisinin ən yaxşı sözlərə layiq olduğunu deyib: “Qısa zamanda o, klubun nəticələrini və oyununu dəyişdi. Buna nail olmaq çox çətindir. “Bayern” necə oynamaq lazım olduğunu bilir və bu qarşılaşmada hücum futbolu oynayacaq. Biz dünyanın ən güclü klubuna qarşı oynayacağıq. Ancaq biz bu qarşılaşmadan məğlub çıxmaq niyyətində deyilik”.