Tacikistan Azərbaycan təcrübəsini öyrənir
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə Tacikistanın ölkəmizdə səfərdə olan aqrobiznes strukturlarının nümayəndələrindən ibarət heyət arasında görüş keçirilib.
Rakus.az xəbər verir ki, görüşdə Azərbaycan Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova, Nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Rəşad Fərəcov, Tacikistanın ölkəmizdəki səfiri Rustam Soliyev, Tacikistanın Xudjand şəhərinin rəhbəri Maqruf Muhammadzoda və nümayəndə heyətinin üzvləri iştirak edib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən verilən məlumata görə, tərəflər iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Bildirilib ki, kənd təsərrüfatı sahəsində mövcud əməkdaşlığın genişləndirilməsi, hər iki ölkənin aqrar sahədə fəaliyyət göstərən sahibkarları və kənd təsərrüfatı məhsulları istehsalçıları arasında sıx münasibətlərin qurulması prioritet məqsədlərdəndir.
Son illərdə Azərbaycanın kənd təsərrüfatında davamlı iqtisadi artım tempini müşahidə etdiklərini deyən Tacikistan nümayəndə heyəti Azərbaycan təcrübəsini öyrənməkdə maraqlı olduqlarını vurğulayıb, gələcəkdə bu sahədə həm elmi, həm də təcrübə mübadiləsi baxımından iki ölkənin müvafiq dövlət və özəl qurumları arasında əməkdaşlığın genişləndirilməsinin mümkünlüyünü qeyd ediblər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.