TANAP Avrasiyada xüsusi missiya daşıyan layihə kimi tarixə düşdü – Şamil Ayrım
Trans-Anadolu təbii qaz boru kəmərinin (TANAP) funksiyası iqtisadi baxımdan Azərbaycanın təbii qazını Anadoluya və Avropaya nəql etməkdir. Lakin bu kəmər özündə bir sıra digər mühüm missiyaları da ehtiva edir.
Rakus.az xəbər verir ki, bu fikri TANAP və TAP xətlərinin qovuşmasının Avrasiyanın sosial-iqtisadi və siyasi həyatındakı rolunu şərh edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib.
Şamil Ayrım deyib: “Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, digər dost və qonşu ölkələrdən də yüksək vəzifəli şəxslərin iştirakı ilə Ədirnədə keçirilən təntənəli mərasim dünya ictimaiyyətinin diqqətini bir daha bölgəyə yönəltdi. Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin birləşməsi təkcə iqtisadi layihə kimi yox, xalqların, ölkələrin və mədəniyyətlərin inteqrasiyasına önəmli təsir göstərən uğur olaraq cəlbedicidir. Bakıdan başlayan bu boru kəməri Gürcüstan və Türkiyədən keçməklə Avropaya doğru səmt alıb. Heç şübhəsiz ki, kəmər yaxın gələcəkdə təbii qaz ixrac və idxal edən digər ölkələri də özünə doğru çəkəcək”.
TANAP-ın milyonlarla insanın rifahını yüksəldəcəyini ifadə edən Şamil Ayrım əminliklə vurğulayıb ki, bu xətt Avropanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, qitədə çoxistiqamətli sosial-iqtisadi inkişafa da müsbət təsir göstərəcək. (Azərtac)