Elm və təhsil 30.12.2025 16:00

Təhsil həm də ən yaxşı dostdur – tələbə adını qazanan ardanışlı gənclərlə görüş– GENİŞ HESABAT - FOTO - VİDEO

Xəbər verdiyimiz kimi,dekabrın 24-də “Meredian Plaza” Şadlıq Sarayında Ardanış Kənd İcmasının təşkilatçılığı ilə 2025-2026-cı tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Ardanışdan olan gənclərlə görüş keçirilib.

Rakus.az xəbər verir ki, tədbirin aparıcısı, Ardanış İcmasının İdarə Heyətinin üzvü ƏSGƏR İBRAHİMOV açaraq deyib: Axşamınız xeyir olsun, gözəl Göyçəmizin, gözəl Ardanışımızın dəyərli vətəndaşları. Sizin hər birinizi salamlayırıq.

Bildiyiniz kimi, bu gün Ardanış Kənd İcması ötən il olduğu kimi, bu ildə də 2025-2026-cı tədris ili üzrə ali məktəblərə qəbul olmuş Ardanış kökənli, Ardanış əsilli tələbələrlə görüş keçirir. Bu, demək olar ki, bizim ənənə halını alır. Hər birinizi bu gözəl məkanda salamlayırıq.

Əvvəlcə gəlin Ardanış haqqında hazırladığımız video-süjetə baxaq, sonra tədbirimizi davam etdirək.

Əziz dostlar, indi isə ənənəmizə uyğun olaraq şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edirik, ardınca Azərbaycanın dövlət himni səsləndiriləcək.

APARICI: Allah onlara rəhmət etsin, ruhları şad olsun!

İndi isə söz Ardanış Kənd İcmasının sədri, hörmətli professor Məhəmməd Kərimova verilir. 

MƏHƏMMƏD KƏRİMOV: Əziz tələbə gənclər, hörmətli iştirakçılar!

Hər birinizi ürəkdən salamlayıram. İlk növbədə sizi ürəkdən salamlayıram və bu il ali məktəblərə qəbul olunmuş bütün gəncləri səmimi-qəlbdən təbrik edirəm. Bu, sizin zəhmətinizin, əzminizin və inamınızın nəticəsidir. Qazandığınız bu uğur təkcə şəxsi nailiyyət deyil, eyni zamanda ailənizin, müəllimlərinizin və bütövlükdə Ardanışlıların qürurudur. Yolunuz açıq, bilik yolunuz uğurlu olsun!
Bu gün burada – Çəmbərək rayonunun Ardanış kəndindən olan gənclərlə bir arada olmaq mənim üçün böyük qürur və məsuliyyətdir. Çünki siz təkcə gənc nəsil deyilsiniz, siz həm də bir tarixin, bir yaddaşın daşıyıcılarısınız.

Bu gün dünya çox sürətlə dəyişir. Elm, texnologiya, peşələr, imkanlar artıb. Amma dəyişməyən bir həqiqət var: insanı irəli aparan onun məqsədi, zəhməti və özünə inamıdır. Heç kim uğuru hazır almır. Uğur çalışqanlıqla, səbir və davamlılıqla qazanılır.

Əziz gənclər, sizdən xahişim odur ki, özünüzə inanın, təhsildən, öyrənməkdən heç vaxt vaz keçməyin, kiçik imkanları böyük fürsətə çevirməyi bacarın. Unutmayın, böyük uğurlar kiçik addımlarla başlayır. Bugün oxuduğunuz bir kitab, öyrəndiyiniz bir bacarıq, qurduğunuz bir düzgün əlaqə sabah həyatınızı dəyişə bilər. Eyni zamanda, harada olursunuzsa olun, kəndinizi, ailənizi və dəyərlərinizi unutmayın. Güclü insan kökünü tanıyan insandır. Bir gün qazandığınız bilik və təcrübə ilə Ardanışa, Vətənə fayda vermək ən böyük uğurdur.

Ardanış sadəcə bir kənd adı olmayıb. Bu torpaq zəhmətkeş, mərd, vətənpərvər insanlar yetişdirib. Hamımız yaxşı bilirik ki, 1988-ci ildə Ardanış kəndinin azərbaycanlı əhalisi deportasiyaya məruz qaldı. İnsanlar zorla öz doğma evlərindən, ata-baba yurdlarından didərgin salındı. Bu, bir köç deyil, bir xalqın yaddaşına yazılan böyük ədalətsizlik idi. Amma bir həqiqəti xüsusi vurğulamaq istəyirəm: o torpaqlar bizim ana vətənimizdir. Sizin valideynləriniz, babalarınız, nənələriniz və bütün qohumlarınız məhz orada anadan olub, orada yaşayıb, orada zəhmət çəkib, orada yaradıblar. O torpaqların hər qarışı bizim tariximiz, yaddaşımız və kimliyimizdir. Bizi o torpaqlardan ayıra bildilər, amma xatirələrimizi, kökümüzü və haqqımızı unuda bilmədilər. Biz o yurdları heç vaxt unutmayacağıq. Ardanışın adı, taleyi və haqqı daim yaddaşımızda yaşayacaq.

Əziz gənclər, bu sözlər xüsusilə sizə ünvanlanır. Siz keçmişin ağrısını daşıyan nəsillərin davamısınız, eyni zamanda gələcəyin qurucularısınız. Biz sizin bilik, zəhmət, birliyiniz və iradənizlə öz doğma yurdumuza qayıdacağıq. Bu qayıdış təkcə torpağa dönüş deyil, ədalətin və tarixi həqiqətin bərpası olacaq. Bu gün siz oxuyaraq, işləyərək, peşə sahibi olaraq, cəmiyyətdə mövqe qazanaraq həmin qayıdışa xidmət edirsiniz. Güclü gənclik – güclü xalq deməkdir. Harada olursunuzsa olun, kim olursunuzsa olun, Ardanışlı olduğunuzu, kökünüzü və haqqınızı unutmayın.

Sözümün sonunda demək istəyirəm: keçmişimizi unutmayaq, amma gələcəyə inamla baxaq. Birliyimizi, kimliyimizi və dəyərlərimizi qoruyaraq daha güclü olaq. O torpaqlara qayıdacağımız günə inamımızı heç vaxt itirməyək.

Hamınıza möhkəm iradə, uğur və sağlam gələcək arzulayıram.

Sağ olun, var olun!

xxx

APARICI: Ötən il Azərbaycan Diplomatik Akademiyasına (ADA) yüksək nəticə göstərərək qəbul olmuş Ayişə Kərimlinyə söz verilir.

AYİŞƏ KƏRİMLİ: Axşamınız xeyir olsun, hamınızı salamlayıram!

Mən keçən il ADA universitetinə qəbul olmuşam və hazırda Qida Texnologiyası ixtisası üzrə təhsil alıram. Bu gün burada olmaq mənim üçün xoşdur və maraqlıdır. Çünki qarşımdakı auditoriya keçən ildəki kimi, mənə çox yaxşı təsir bağışladı. İlk olaraq onu qeyd etmək istəyirəm ki, bu gün ölkəmiz üçün nühüm tarixlərdən birinə təsadüf edir – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günüdür. Onun rəhbərliyi dövründə təhsilə və gənclərin inkişafına xüsusi diqqət göstərildiyi hər kəsə məlumdur.

Əvvəla, universitetə başlayan zaman hər birimizin müəyyən gözləntiləri olur. Fikirləşirik ki, hər şey əvvəlcədən planlaşdırdığımız kimi getməlidir. Lakin universitet həyatı əsasən proses ərzində öyrənilən bir mərhələdir. Mənim üçün də ilk dövrlərdə əsas çətinlik, yeni mühitə və tələblərə uyğunlaşmaq oldu. Zaman keçdikcə aydın olur ki, universitet mühitində hər kəs eyni tempdə irəliləmir. Bəziləri daha fəal olur, bəziləri isə müşahidə etməyi üstün tutur. Bu fərqliliklər tamamilə normaldır, əsas olan hər kəsin öz yolun tapmasıdır. Bir il ərzində müşahidə etdiyim əsas məqamlardan biri də, burada məsuliyyət tələbənin öz üzərinə düşür. Vaxtın düzgün idarə olunması, dərslərə yanaşma tərzi, və şəxsi inkişaf istiqaməti artıq tələbənin öz seçimlərindən asılı olur. Bu da universitet həyatının insanları formalaşdıran tərəflərindən biridir.

Yeni qəbul olan tələbələrə tövsiyyəm budur ki, ilk aylarda özünüzə qarşı səbrli olun. Hər şeyi eyni anda mükəmməl şəkildə yerinə yetirmək mümkün deyil. Çətin məqamlarda soruşmaqdan, kömək istəməkdən çəkinməyin. Özünüzə qarşı inamlı olun, dürüst davranın. Məsuliyyətli olun və çox çalışın.

Hər birinizə bu yeni mərhələdə uğurlar arzulayıram.

Diqqətiniz üçün çox sağ olun!

xxx

APARICI: Proqramımız davam edir. Burada bizim hörmətli qonaqlarımız iştirak edir, onları salamlayıram. Hər biri bizim üçün əzizdir. Hamı bilir ki, Ardanış camaatı qonaqpərvər olur, həmişə ürəkləri açıq olur. Qapılarımızda demək olar, qıfıl olumayıb. Ona görə, əziz qonaqlar, xoş gəlibsiniz, hər birinizə təşəkkür edirəm. Hər zaman Ardanışla bir olun, Ardanış da  həmişə sizinlədir.

İndi isə sözü bu il qəbul olaraq tələbə adını qazanmış Ayan Samir qızı Zeynalıya verirəm. O, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub.

AYAN ZEYNALOVA: Hər kəsi salamlayıram. Bu gün bu məclisə dəvət aldığım üçün çox qürur duyuran. Ardanışlıyam və ardanışlı olduğum üçün də fəxr edirəm. Bu gün sizin qarşınızda söz verirəm ki, həmişə Ardanışın başını uca edəcəyəm.  Bu görüşü təşkil edənlərə, o cümlədən Məhəmməd Kərimova ayrıca təşəkkür edir, minnətdarlığımı bildirirəm.

Çox sağ olun!

xxx

APARICI: Çox sağ olun. Ayan xanım, ingilis dilində də danışmağı planlaşdırmışdı, amma utandı. İndi isə bizim hörmətli müəllimimiz Şökət xanıma söz verilir. Buyurun, ürək sözünüzü deyin. Bundan sonra hörmətli Tapdıq müəllim, həm valideyn, həm də müəllim kimi fikirlərini bildirəcək.

ŞÖVKƏT MƏMMƏDOVA: Əziz ardanışlılar, hamınız bu məclisə xoş gəlmisiniz. Mən Ardamış camaatından, uşaqlarından çox razıyam. Ardamışda mənim ən gözəl günlərim keçib. Məhəmməd kimi şagirdim olub. Onun hər oturuşu, hər duruşu mənim üçün çox əziz olub. Adı gələndə heç bilmirəm, nə edim. Onun atası Məhəmmədəli müəllim, Kərimov Məhəmmədəli həmşə bizə gəlirdi. O, raykomda işləyəndə tez-tez gəlirdi. Bir dəfə atamla bizə gəlmişdi. Mən də yuxarıda mahnı oxuyuram. Bir də gördüm anam deyir ki, ay qız qonaq gəlir, sakit olun, sakit olun. Məhəmmədəli müəllim dedi, dəymə, qoy oxusun, qoy mahnı oxusun. Bu xatirələr heç yadımdan çıxmır, heç vaxt da yadımdan çıxmaz.

Məni dəvət elədiyinizə görə, çox sağ olun, təşəkkür edirəm. Mənim, bax, belə şagirdim olubdur. İndi də həmşə görəndə görüşürük, xoş günləri yada salırıq. Ən yaxşı şagirdlərimdən biri də Məhəmməd olub. Yaxşı şagirdlərim çox olub. Ən yaxşısı da Məhəmməd olub. Çox sağ olun, təşəkkür edirəm.

xxx

TAPDIQ QASIMOV: Hörmətli toplantı iştirakçıları. Hörmətli ellilər. Sizin hamınızı salamlayıram, hər vaxtınız xeyirli olsun!

Sizi qarşıdan gələn Dünya Azərbaycanlıların Həmrəyli Günü və Yeni il münasibətilə təbrik edirəm. Qoy bu yeni il hamımız üçün düşərli olsun. Bizim ən böyük arzumuz nədir? Öz elimizə, öz obamıza, öz torpağımıza, öz Göyçəmizə qayıtmaq. Bəli, böyük fəxrlə deyə bilərəm ki, hörmətli Prezidentimizin daxili və xarici siyasəti nəticəsində, aparılan danışıqlar nəticəsində İnşallah, 2006-cı il Köç İli olar, torpağımıza, elimizə-obamıza gedərik. Allah o günləri bizə pay versin. Çünki Göyçə bizim yaralı yerimizdir. Şair yaxşı deyib:

Həmdəmimdir, sirdaşımdır

Atam, anam, qardaşımdır,

Əbədilik yoldaşımdır,

Göyçə mənim ürəyimdə.

Göyçə bizim ürəyimizdədir. Ürəyimiz yaralıdır. Ona görə də biz həmişə oranı yad edirik. O hava, o su, o dağlar, o çöllər heç vaxt bizim yadımızdan çıxmaz.

İkinci məsələ barədə mən heç nə demək istəmirəm. Gözəl professorumuz Məhəmməd Kərimov qəşəng təhlil elədi. Mən də bir ağsaqqal, bir müəllim kimi, qəbul olan gənclərimizə tövsiyəm odur ki, yaxşı oxusunlar, yaxşı çalışsınlar. Peyğəmbərimizin bir kəlamı var: “Beşikdən qəbrə qədər elm  öyrənin”. Nə beşikdə özümüzü qanırıq, nə də qəbrdə özümüzü qanırıq. Yəni, boş durmaq lazım deyil. Kərimov Məhəmməd gözəl dedi, ingilis, alman dillərində oxu, öyrən. Bir diplomu olmaq o demək deyil ki, sən  ziyalısan. Əsl ziyalı odur ki, bütün peşələrə sahib olsun.

Gözəl bir kəlam var. Tale qələmdir, şəmçs nə qovur. Qələmin ucu qılıncdan itidir. Oxuyun, yazın, öyrənin. Məsələn, buradakı yaşlı nəsil yaxşı bilir. Kəndlə danışanda üç gün qabaq sifariş verirdik, yenə də alınmırdı. İndi bu boyda əl telefondu, hara ilə istəyirsən danış. Bunu kim icad elədi? Bəli, azərbaycanlı  Nuruzadənin köməyi sayəsində belə bir icad oldu. Hətta, bu, görüntülü alındı. Siz gənclərə mənim məsləhətim budur ki, Ardanışın xeyri, şəri heç bir yerdə yoxdur. Ardanışın alimləri, həkimləri, tərcüməçiləri,- adını çəkmək istəmirəm, neçə nəfər İranda səfirlikdə işləyib, İbad müəllim və başqa yoldaşlar.  Gözəl həkimlərimiz var, gözəl jurnalistlərimiz var. Siz də onları əvəz eləməlisiniz. Allah, bundan sizlərə pay versin.

Məndə alqışlayıram, bir valideyn kimi, bir müəllim kimi, ürəyim dağa dönür ki, bəli, ellilərim bunu yaddan çıxarmayacaq.

Siz, Bakıda doğulmusunuz. Ardanışı görməmisiniz, amma ardanışlı kim yetişirsiniz. Ona görə Ardanışın adını, ləyaqətini həmişə qorumalısınız. Sağ olun!

xxx

APARICI: Tapdıq müəllim, çox sağ olun. Ardanış kənd orta məktəbinin müəllimlərindənQədim müəllim söz istəyir. Qoşqar müəllim, sizdə buyurun. Qoşqar Abduyev bizim ardanışlı, vətənpərvər, araşdırmaçıdır.

QƏDİM NƏBİYEV:  Çox sağ olun. Bu gün sevincimin həddi-hüdudu yoxdur. Allah mənə qanad versə, buranı 3-4 dəfə fırlanardım. Ona görə ki, burada yaxınlarımı görürəm, müəllim yoldaşlarımı görürəm, vaxtı ilə mənə dərs deyən, sonra bir yerdə çalışdığım müəllimləri görürəm. Amma çox heyf ki, yaşlı müəllimlərimizdən indi bir-iki nəfər qalmışıq. Biri mənəm, 86 yaşında, biri də Mikayıl müəllimdir. Bu il ali məktəbə qəbul olunanların ataları – hamısı mənim şagirdlərim olublar. Onlara mən cansağlığı arzu edirəm. Yaxşı oxuyun, gələcəkdə bizim adımızı həmişə yüksəklərdə saxlayın.

Ardanış öyü çox hallanır burada,

Nəqədər ahəngi var, nə qədər?

Bir Ardanışda laçın süzər hər səhər,

Qayalara ürün salar boz səhər,

Ürəklərdən nə silinər, nə gedər,

Niftalının Naxçıvani havası,

Mən deyərdim aşıqlığın binası.

Ulu Göyçə, Nadirin yurdumu,

Arançılar orda dayə qurdumu,

O görünən daş-qayamı ordumu,

Nazlı xanın bulağına enə bir,

Bulaq üstə, ürəyimi süzə bir.

Ulu Göyçə Cullap çayı, sel daşı,

Dərin bulaq, Şirin bulaq yanaşı,

Novruz gülü oyananda yaz başı,

İskəndərin yurdu olar laləzər,

Əfsanələr, əsatirlər dil aşar.

Ada təpə görən dağmı, təpəmi?

Ətəyini döyəşləyən ləpəmi?

O görünən daş-qayamı, qəlpəmi?

Bir gün ola, Koroğluya çıxam mən,

O zirvədən Ardanışa baxam mən.

Var olsun ardanışlılar. Təkrarlamaq istəmirəm. Burada oturanların 50-60%-i mənim şagirdlərim olub. Onlara cansağlığı, işlərində müvəffəqiyyətlər arzu edirəm. Qoy onların adları həmişə dağın ətəyində, yamacında yox, qartal kimi zirvəsində gəlsin.

Qartal, o zirvədən belə düş, belə,

İnsanam, zirvədə mən olmalıyam.

Günəş yandıranda ana torpağı,

Daş olmalıyam, dağ olmalıyam.

 

Zirvədən salıbdı yolu babalar,

Kiri ürək dolu babalar,

Müqəddəs yaşayıb, ulu babalar.

Mən də fitnələrdən gen olmalıyam.

 

Kədər toy gətirməz, düyün gətirməz,

Sükunət dünyaya ürün yetirməz,

Ağlamaq heç kimə ağ gün gətirməz,

Neçə ki, həyat var, şən olmalıyam.

Neçə ki, həyat var, şən olun, yaşadın yaradın. Bayaq da dedim, burada  mənim şagirdlərim var. Daxili işlərdə, hərbidə işləyən var. Bacarıqlı,  əli şafalı həkimlərimiz var. Onlara cansağlığı arzu edirəm ki, bizim Ardanışın, Şorcanın insanlarının arxasında möhkəm dayansınlar, onları müalicə etsinlər. Sağ olun, var olun. Bir daha sizi ürəkdən təbrik edirəm.

xxx

QOŞQAR ABDUYEV: Hamınızı xoş gördük.Bu tədbirə görə Ardanış icmasına təşəkkür edirəm. Mən Ardanış kəndi haqqında qısaca bir xronika demək istəyirəm. Biz 2009-cu ildə Ardanış haqqında kitab ərcəyə gətirdik. Orada Ardanış haqqında nə varsa hamısı yazılıb. Ancaq deyim ki, biz Oğuz yurdunun övladları olaraq 4 min illik tarixə nəzər salsaq, bu gün həmin ənənəni Oğuz övladları kimi davam etdirməliyik. Bu, nə deməkdir? Bu, birlik deməkdir. Mən bu gün bu ənənəni görəndə həddindən artıq təsirlənirəm. Mən hansı tədbirdə olmuşam, qeyd edilib ki, bizim Ardanış məktəbi akademiyadır. Bu akademiyada 82 müəllim çalışıb. Məktəbimizin fəaliyyəti 1921-ci ildən başlayıb və hörmətli Rəşid müəllimin “Şahənşah” Sarayında onun 100 illiyi qeyd olundu. Bu tədbirdə məllimlərin çoxu iştirak etdi. Həmin iştirakda Ardanış kəndindən professorlar, dosentlər, elmlər namizədləri, müxtəlif sahədə çalışan insanları gördüm. Bu gün həmin ənənəni gənclərdə görürəm. Tövsiyəm odur ki, yaxşı oxusunlar, Ardanış ənənələrini davam etdirsinlər, yaxşı sədalarını eşidək.

Hörmətli Məhəmməd Kərimova bir daha dərin təşəkkürümü bildirirəm ki, icmada Ardanış kəndinin sakinlərini həmişə toplayırsınız. Bu toplantıda da gənc nəslə verilən təlim-təribiyyə ilə bağlı tövsiyənizə qoşuluram. Təkralamaq istəmirəm, onların ənənələri davam etdirməklərini istəyirəm. Çox sağ olun!

xxx

APARICI: Qoşqar müəllim, çox sağ olun. Əziz dostlar, tədbirimiz bir az uzandı, proqramdan kənara çıxdıq. İndi isə bir az istirahət edək, yemək yeyək. Elan edirəm ki, tədbirimizin musiqi hissəsində üzvləri Ardanış kökənli olan “Ulu Göyçə” Aşıq Qrupunun üzvləri Sneyvər  Rəhimova, Sevinc Rəhimova və Suma Əliyeva, Milli Konservatoriyanın tələbəsi, qanun aləti üzrə gözəl ifaçı Jalə Həsənzadə ifalarını dinləyəcəyik. Bundan sonra təqdimatımız olacaq,  mən də qısaca olaraq tələbələrə öz fikrimi bildirəcəm, xatirə şəkli çəkdiriləcək və bununla da məclisimiz yekunlaşacaq.

xxx

APARICI musiqiçilərin gözəl ifalarına görə təşəkkür etdi, tələbə adını qazanmış şəxslərin adlarını elan etdi. Tələbələrə mükafat və xatirə hədiyyələri təqdim olundu. Tələbələrin valideynləri soy kökləri haqqında məlumat verdilər. Mükafatları və hədiyyələri icman sədri, İdarə Heyətinin üzvləri və müəllimlər Məhəmməd Kərimov, Hümbət Hüseynov, Aqil Kərimov, Səməd Axundov, Vaqif Həsənov, Sahib Əhmədov, Rəşid Süleymanov, Şövkət Məmmədova, Səyalı İsmayılova,  Yunis Aslanov, Hüseyn İsmayılov, Əsgər İbrahimov və Daşdəmir Əliyev təqdim etdilər.

xxx

ƏSGƏR İBRAHİMOV: Möhtərəm qonaqlar, dəyərli dostlar, əziz ardanışlılar, əziz el oğlular!

Tədbirimizi yekunlaşdırmamışdan əvvəl mən də bir-iki kəlmə demək istəyirəm. Bizim icma 3 ildir fəaliyyət göstərir. Üç il ərzində görülən işlər hamının gözü qabağındadır və əminik ki, bu ənənə davam edəcək. Bu ənənə davam etdirməkdən ötürü mütləq yaxşı təhsil almaq lazımdır. Mən də tələbələrə yaxşı təhsil almaq üçün uğurlar arzulayıram. Çünki yaxşı təhsil insanı həmişə ucaldır, insanı həmişə parlaq edir. və yaxşı təhsil insanın ən yaxın dostudur. Qasım bəy Zakirin gözəl bir sözü var: Axmaq adamla oturub durmaqdansa, kitabla tənha qalmaq yaxşıdır”. Kitabı heç vaxt buraxmayın. Kitab həqiqətən sizin gələcəyinizdir. Kitab hər bir gəncin arzularına çatması, nail olması üçün yeganə vasitə təhsildir, kitabdır. Mən sizə bunu arzulayıram. Hamınızı var olun. İnşallah belə gözəl günlər davam edəcək. Biləsiniz ki, gələn ildə də bu ənənə davam edəcək. Gələn il Ardanış Məktəbinin 105 yaşı tamam olur. İnşallah, daha yaxşı, daha rövnəqli, daha maraqlı proqramlar hazırlayacağıq. Məqsəd nədir? Məqsəd sizi bir yerə toplamaq, Ardanış kökəninizi unutdurmamaq, bir-birinizi tanımaqdır. Rəşid müəllim bayaq dedi, keçən il bizim hörmətli professorumuz da təklif etmişdi ki, WhatsApp qrupu yaradın, bir-birinizdən əlaqə yaradın, bir-birinizdən əlaqə qurun. Hər biriniz bilin ki, Ardanışın elə gözəl oğlanları, elə gözəl xanımları, elə gözəl məşhur insanları var ki, heç bir şeydən çəkinməyin, heç bir şeydən sarsılmayın, həmişə ürəklə, ləyəqətlə, şərəflə həyatınıza davam edin. Sizdən yeganə tələb olunan vəzifə oxumaqdır, yaxşı təhsil almaqdır. Ona görə də, dünyanın bütün gözəlliklərinə nail olmaq üçün, dünyanın bəxtəvəri olmaq üçün təhsil alın. Mənim sizə son sözüm bundan ibarətdir.

xxx

APARICI: İndi isə hörmətli Məhəmməd müəllimi bura dəvət edirəm. Bizim xaricdə oxuyan tələbələrimizlə bağlı fikrini bildirmək istəyir.

MƏHƏMMƏD KƏRİMOV: Mən bayaq kiçik giriş verdim. Bu gün məclisimizdə builki tələbələrimizdən bir az yuxarıa ranqda olan, yəni təhsilin ikinci pilləsində olan, magistraturada oxuyan, həmçinin magistraturanı uğurla qurtarıb gələn tələbələrimiz var. Onlardan biri Əziz Kərimlidir. Əziz təhsildə mənim proyektimdir, yəni, orta məktəbdə 10-cu sinifdə oxuyanda dedim ki, mən bu ili “Əziz ili” elan edirəm. Sentyabr ayı idi. Onun uğurlarından xəbərim var idi. Doğrudan da həmin il Əziz 700 bal ilə yeganə tələbə kimi ADA Universitetinə daxil oldu. O, bu gün ikinci etapı- magistraturanı uğurla qurtardı və bu gün Böyük Britaniyadan qayıdıv Vətənə gəldi. İnşallah, biz onun növbəti uğurlarının şahidi olacağıq. Mən xüsusilə gənclərə demək istəyirəm ki, kimdir Əziz Kərimli, tanıyın.

İkinci uğurlu tələbəmiz bu gün buradadır. Lamiyyə Zülfüqarlı Yaşar qızı. Lamiyyə də Bakı Dövlət Univversitetinin Hüquq fakültəsini uğurla başa vurdu. Bu balaca balamız, maşallah, bu balaca bədəndə çox böyük güc var, ruh var, iradə var ki, getdi Şortlandiyada,  Edenburqda təhsil aldı, gəldi. Mən Edenburqda 2019-cu ildə konqresdə olmuşam. Sonra gəldim, Şotlandiyada 6 gün oldum, havası dumanlı Albiondur. Lamiyə orada təhsilini uğurla qurtardı. Təəssüf ki, onun təqdimatını burada göstərə bilmədik. Ona master statusu verildi, diplom verildi və əminəm ki, tezliklə sonun Azərbaycanda da  uğurlarınızdan məlumatımız olacaq. Sənə uğurlar diliyirəm. Ən xoş arzularımı çatdırıram.

Bura üçüncü nəfəri dəvət etmək istəyirəm. O da Məhəmməd Həmid oğludur. Məhəmməd mənim adaşımdır. Məhəmməd bizim əzizimiz, qardaşımız, dostumuz Həmid müəllimin oğludur. Məhəmməd mənim bu il xaricdə tanış olduğum, bir yerdə istirahət etdiyim gözəl balamızdır. Həmid müəllimi tanıyırsınız, təqdimata ehtiyac yoxdur.  Məhəmməd də təhsilini xaricdə davam etdirir. Əvvəlcə Türkiyədə, bu gün isə dünyanın ən gözəl yerlərindən olan Dubayda təhsilini davam etdirməkdədir. Məhəmməd sənə uğurlar diləyirəm. Arzu edirəm ki, sən də bu dediyimiz gözəl balamız kimi, Allah qoysa, diplomlarla Vətənə qayıdacaqsan. İnşallah, o diplomları sənə təqdim etmək bizə nəsib olacaq. Sənə uğurlar diləyirəm.

xxx

ƏZİZ KƏRİMLİ: İlk öncə, tədbirimizin bütün iştirakçılarını, xüsusilə də bu il ali təhsil məktəblərinə qəbul olmuş tələbələrimizi salamlayıram. Onlar böyük zəhmətin nəticəsi olaraq bu il tələbə adını qazanıblar. Ona görə onları səmmi qəlbdən təbrik edirəm. Demək istəyirəm ki, universitetə qəbul olmaq hələ yeni yolun başlanğıcıdır. Onlar bu yolda öyrənmək, inkişaf etmək, cəmiyyətə faydalı olmaq üçün bolca imkanlar, fürsətər əldə edəcəklər. Ümid və arzu edirəm ki, onlar bu imkanlardan, fürsətlərdən lazımınca istifadə edib, xalqımıza, dövlətimizə layiqli gənclər olacaqlar.

Bizim keçən ilki tələbələrlə olan görüşümüz Dövlət Suverenliyi Gününə təsadüf edirdi. Bugünkü görüşümüz isə canab Prezidentin doğum gününə təsadüf edir və bu, rəmzi məna daşıyır. Cənab Prezidentin təhsilə, gənclərə göstərdiyi xüsusi diqqət və qayğı bu gün həm Ardanış gənclərinin, həm də, ümumiyyətlə, Azərbaycan gənclərinin uğurlarında öz əksini tapır. Hər kəsi bir daha təbrik edirəm. Onlara, bizim gənclərimizə akademik və peşkər həyatlarında uğurlar arzu edirəm. Çox sağ olun.

xxx

LAMİYYƏ ZÜLFÜQARLI: Tədbir iştirakçılarını salamlayıram!

Bu il ali məktəblərə qəbul olmuş tələbələrə uğurlar arzulayıram. Siz çətin və məsuliyyətli yolun başlanğıcındasınız. Ümid edirəm, bu yolda qarşınıza çıxan bütün fürsətləri layiqincə dəyərlənmdirərsiniz. Hansı təhsil müəssisəsində, hansı ixtisas üzrə oxumağınızdan asılı olmayaraq, həmişə öz üzərinizə fokslanasınız və öz üzərinizdə çalışasınız. Bir daha hamınızı təbrik edirəm.

MƏHƏMMƏD KƏRİMOV: Sən Bakı Dövlət Universiteinin Hüquq fakültəsini bitirmisin. Bizim, Bakı Dövlət Universitetinin Hüquq  Fakültəsinə bu il qəbul olan balalarımız var. Sən onlara nə məsələhət görərdin? Onlar yaxşı oxumaq üçün nə etməlidirlər, Facebookda,  Instagramda nə etməlidirlər? Hər bir tələbənin tədris prosesində özünəməxsus bir sirri var. Lamiyyə, sənin sirrin nədir?. Bəlkə bu, uşaqlar üçün faydalı olar.

LAMİYYƏ ZÜLFÜQARLI: Mən Bakı Dövlət Universitetində həm bakalavr təhsili, həm də magistr təhsili almışam. Ona görə oradakı mühiti, kafedraları daha yaxşı bilirəm. Sizə onu deyə bilərəm ki, BDU-da təhsil aldığımız müddətdə ancaq universitetin sizə verdiklərindən kifayətlənməyin, əsas özünüz öz inkişafınızla məşğul olun. Çünki insanın özünün çalışıb əldə etdiyi hər hansı bilik daha çox özünün olur, daha dəyərli olur, heç kimdən asılı olmayaraq təhsil səviyyəniz artır. Həm müəllimlərdən, həm də fakültənin başqa üzvlərinin bilik və bacarıqlarından istifadə edin. Amma bununla kifayətlənməyin. Ən əsası özünüz öz üzərinizdə çalışın. Məncə əsas sirr budur.

MƏHƏMMƏD KƏRİMOV: Tələbələr leksiyalara, dərslərə getsinlər, yoxsa, sadəcə, evdə oturub internetlə məşğul olsunlar?

LAMİYYƏ ZÜLFÜQARLI: Əlbəttə, leksiyalar əhəmiyyətlidir.

MƏHƏMMƏD KƏRİMOV: Sağ ol. Müəllİmlərə verdiyin dəyərə görə təşəkkür edirəm.

Məhəmməd indi sən buyur, yəqin fərqli deyəcəksən.

MƏHƏMMƏD HƏSƏNOV (tələbə): Hamınızı salamlayır və uğurlar arzulayıram.

xxx

DAŞDƏMİR ƏLİYEV(Ardanış Kənd İcması İdarə Heyətinin üzvü):  Bugünkü tədbirimizə səbəbkar olan gənclərimizi bir daha təbrik edirəm. Professor demiş, onlara uğurlar arzulayıram. Gələcəyiniz parlaq olsun, yollarınız açıq olsun. İnşallah, sizləri zirvələrdə görək. Var olun.

KƏRƏM AXUNDOV (Ardanış Kənd İcması İdarə Heyətinin üzvü): Bizim futbolçumuz Namiq Həsənov Ardanış futbol komandasına iki top göndərib. Birini Rasim Həsənova, birini isə Əsgər İbrahimova. Ardanış futbolçularının yaxşı oynamaları üçün. Mən bu topları onlara təqdim edirəm.

ƏSGƏR İBRAHİMOV: Təşəkkürlər. Namiqiun oğlu İslam Həsənov da bu il Bakı Dövlət Universitetinin Kompyuter elmləri ixtisası fakültəsinə qəbul olub. Bu gün dərsdə olduğu üçün gələ bilmədi. Əlbəttə, bizim hörmətli professorumu əvvəldə çıxışında dedi. Ardanış Futbol Məktəbi demək olar ki, bu gün yaşayır. Onu yaşadanlardan biri də Rasim Həsənovdur. Bilin ki, Ardanış heç vaxt uduzmayıb. Futbol, idman özü bir siyasətdir. Üzr istəyirəm, bu sözümə görə, mən də bir az siyasəti bildiyim üçün elə məqamlar olur ki, sizdən güclü komanda olur. Ona uduzmamaq üçün oradan fırlanıb çıxmaq lazımdır. Onu da mən həyata keçirirəm. Bilin ki, Ardanış indiyə qədər heç kimə uduzmayıb və həmşə birinci olub. Kimsə deməsin ki, Ardanışın birinciliyi yoxdur. Bir şeyi də unutmayın ki, Ardanışda idman çox güclü inkişaf edib. Bir kəndin dörd komandası var. Məsələn, Qaraqoyunlu dərəsi yığışır bir komanda qurur. Ardanışın dörddə birinə qarşı oynayır və yenə də qalib gəlirik. Ona görə, Ardanışda idman həmişə olacaq.

Mən bu gün fürsətdən istifadə edib, bir məsələyə də toxunmaq istəyirəm. Bu il sentyabrın 21-də icmamızın sədri, öz sahəsi üzrə dünyada tanınmış professorumuzun 70 illik yubileyi tamam oldu. Onun yubileyinə xarici ölkələrdən və ölkəmizin mötəbər qurumlarından təbriklər gəldi. Milli Məclis, Səhiyə Nazirliyi, Seçenov Universiteti, Tibb Universiteti, Qərbi Azərbaycan İcması, Bakı Sağlamlıq Mərkəzi və digər qurumlar tərəfindən Fəxri Fərmanla təltif olundu. Biz də Sizi Ardanış adından bir daha təbrik edirik, həmişə uğurunuz bol olsun.

Belə bir müdrik söz var: “Heç kəsi tərifləməyən, heç kəsi pisləməyən, heç kimdən şikayətlənməyən və heç kəsi günahlandırmayan insan kamil insandır”. Həmişə kamil olasınız. İnşallah, belə gözəl günlərdə yenidən görüşərik. Həqiqətən kamillik hamımıza yaraşır. Məhəmməd həkim, siz həqiqətən Ardanışın kamil insanısınız. Sizi ürəkdən təbrik edirik.

İndi isə sözü Azərbaycan İqtisad Universitetinin dosenti Bayrəməli Qurbanova verirəm. Bundan sonra tələbələrimizin hansısa problemi olarsa hər zaman qulluğunuzda hazırdır.

xxx

BAYRAMƏLİ QURBANOV: Axşamınız xeyr. Mən burada İqtisad Universitetinin dosenti kimi yox, nəsillikcə müəllim ailəsi olaraq söz demək istəyirəm. Müəllimlər iki yerə bölünür. Biri var, vəzifədə işləyən müəllim, bir də var adi məllim. Mən müəlliməm və bu gün məclisin səbəbkarlarını bir daha təbrik edirəm, onlara bir neçə söz demək istəyirəm. Uşaqlar, siz Ardanış ruhunu qoruyub saxlayın, bir-birinizlə görüşün, internetlə, həyatda görüşməklə və s. əlaqə saxlayın. Ardanış həqiqətən elə bir məkan olub ki, həm təbiəti gözəl, həm də insanları gözəl. Bu gün biz o təbiəti itirmişik, amma Ardanışın insanları, o insanların ruhları mövcuddur, onu qorulub saxlayın. Ardanışın çox böyük insanları olub, alimləri, həkimləri, hakimləri, generalları və s. Bunların hamısını bilmək, onunla fəxr etmək lazımdır.

Mən indi çox vaxtınızı almaq istəmirəm. Bizim bu məclisi təşkil edən icmamızın rəhbəri Məhmməd müəllimin şərəfinə həvəskar kimi, bir şeir yazmışım. Onu sizə oxuyacam. Ancaq ondan əvvəl demək istəyirəm ki, Məhmməd həqiqətən əsl həkimdir. Eyni zamanda, o, bayaq çıxış edəndə dedi ki, çox insanlar yetişdirmişəm. Sizə deyirəm ki, Məhmməd həkimin yetişdirdiyi 2 insan mənim həyatımla bağlıdır.

Onun biri mənim həyatımı xilas edib, şəxsən özümün həyatını xilas edib. İkincisi isə yoldaşımın həyatında çox mühüm rol oynayıbdır. Deməli, təkcə həkim yox, həm də müəllim olmaq böyük səadətdir. İndi bilirəm, ağız büzən olacaq ki, zəifdir, nədir? Həvəskar yazılan şeirdir. Məhəmməd həkimə həsr etdiyi bu şeiri sizə oxumaq istəyirəm.

Əlləri yüngürdür, ürəyi təmiz.

Bir əsl loğmandır Məhəmməd həkim.

Onu qardaşdan da çox sevirik biz,

Əvəssiz insandır Məhəmməd həkim.

 

Hər xəstəyə baxar, öz övladı tək,

Əsirgəməz ondan qayğını bir an.

Tanımaz təmiz ad, həkim adı tək,

Hecə də fəxr edər həkim olmaqdan.

 

Ən çətin, ən ağır xəstəlikləri,

Sayalı əli ilə, o, dəf eyləyər.

Hər gün sağaldaraq neçə nəfəri,

Yönünü bu yana tərəf eləyər.

 

O, həm də sevimli bir müəllimdir,

Yetişdirib neçə gözəl həkimi.

Bildiyi hər şeyi o təlim edir,

Bu işdə fərqlənir ərəstu kimi.

 

Əbəssiz, əlləri yüngürdür, ürəyi təmiz,

Bir əsl loğmandır Məhəmməd həkim.

Onu qardaşdan da çox sevirik biz,

Əvəzsiz insandır Məhəmməd həkim.

Allah sizin canınızı sağ eləsin. Allah sizi bizə çox görməsin. Siz bizim elin-obanın ən gözəl insanlarından, yetişdirmələrindən birisiniz. Biz sizlə təxid edirik.

xxx

MƏHƏMMƏD KƏRİMOV: Çox sağ olun, təşəkkür edirəm. Allah hər kəsə şəfa versin.

Məclisimiz sona yaxınlaşır. Bir məsələni də demək istəyirəm. Bilirsiniz ki, bu günlərdə mətbuatın 150 illiyi qeyd olundu. Mətbuatın 150 illiyi ilə əlaqədar olaraq Prezident tərəfindən bir qrup jurnalist mükafatlandırıldı. “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025) Azərbaycan Respublikasının Yubiley Medalı” alan insanlar arasında bizim icmanın nümayəndəsi, bayaqdan hamınız görürsünüz, aktiv olan Əsgər İbrahimov da var. Gəlin, Əsgəri təbrik edək, uğurlar diləyək. Sağ ol Əsgər. Onun iti qələmi var, yaxşı yazısı var. Əsgər o qələmi jurnalistika qarşısında duran məsələlərin həyata keçməsində istifadə edir.

Bununla da məclisin bu hissəsini yekunlaşdırmaq istəyirəm. Deyəcəyim bir məsələ qaldı ki, qarşıdan iki bayram gəlir. Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il. Mən hər birinizi təbrik edirəm. Həm Prezidentimizin ad günü, həm icmanın hesabatı, həm də gənclərimizlə görüş, Dünya Azərbaycanlıların Həmrəyəlik Günü və Yeni il, – bu qədər tədbiri bir yerdə sizinlə qeyd etdik. İştirakımıza görə var olun, çox sağ olun. Uzaqdan, yaxından gələn hər birinizə təşəkkürümü bildirirəm.

Hansısa işinizdə bu və ya digər xətalar varsa, xahiş edirəm, bizi bağışlayasınız. Bizim çox yaşımız yoxdur, hələ 2-3 yaşındayıq. Hələ biz inkişaf etməliyik, böyüməliyik. Qabaqda çox işlər var. Yəqin ki, təkminləşəcəyik və daha kamil olacağıq. Hər kəsə bir daha təşəkkürümü bildiriəm.

xxx

APARICI: İndi isə xatirə şəkili çəkdirilir. Allah-təala qoy heç birimizi darda qoymasın. Yenə də deyirəm, Ardanış gəncləri heç nədən sarsılmasınlar. Çünki igid kimi valideynləri var, cigid kimi el oğulları var. “Meredian Plaza” Şadlıq Sarayının Hacı Ramiz Həsənov başda olmaqla bütün rəhbərliyinə, işçilərinə, bu gün əməyi olan hər kəsə minnətdarlığımızı bildiririk. Təşəkkür edirik Çox sağ olun. Gecəniz xeyrə qalsın!

Xatırladaq ki, bu il ali məktəblərə Ardanış kökənli 30-dan çox gənc Azərbaycanın müxtəlif nüfuzlu ali təhsil ocaqlarına qəbul olub. Onlardan Bakıda olan 21 tələbə görüşdə iştirak edib.

1.Mərvi Rasim qızı Həsənova – ADA Universiteti

2.Jalə Vüsal qızı Həsənzadə – Milli Konservatoriya

3.İslam Namiq oğlu Həsənov – Bakı Dövlət Universiteti

4.Orxan Telman oglu Məmmədli – Bakı Dövlət Universiteti

5.Dəniz Namiq qızı Əliyeva – Rəssamlıq Akademiyası

6.Sevinc Əli qızı Həsənova – Bakı Dövlət Universiteti

7.Ömər Ramin oğlu Allahverdi – İstanbul Texniki Universiteti

8.Lamiyyə Azər qızı Həsənova – Bakı Dövlət Universiteti

9.Günel Vüqar qızı Əlizadə – Bakı Dövlət Universiteti

10.Rüxsarə Hüseynqızı İsmayılova – Azərbaycan Texniki Universiteti

11.Ümid Xamid oglu Məmmədov – Bakı Biznes Universiteti

12.Tural İkram oğlu Həsənov – Slavyan Universiteti

13.Murad Natiq oglu Vəliyev – Bədən Tərbiyəsi və İdman Akademiyası

14.Fuad Elnur oğlu İsmaılov – Bədən Tərbiyəsi və İdman Akademiyası

15.Elşən Qasımzadə Rövşən – Azərbaycan Kooperasiya Universiteti

16.İsmayıl Akif oglu Bayramlı – Azərbaycan Texniki Universiteti

17.Şahnaz Yusif qızı Abduyeva – Azərbaycan Universiteti

18.Sevinc Elşən qızı Məmmədova – Azərbaycan Dillər Universiteti

19.Məmmədov Nurlan Elçin oğlu – Memarlıq və İnçaat Universiteti

20.Nəzrin Rəşad qızı Hüseynova – Memarlıq və İnşaat Universiteti

21.Ayan Samir qızı Zeynalova – Bakı Dövlət Universiteti

22.Verdiyev Əli Elman – Azərbaycan Dövlət İqtisad Universiteti

 

 

 

 

XƏBƏR LENTİ
Siyasi / 31.12.2025 14:22
Ermənilər erməni olmaq istəmirlər – ANONS
Gündəm / 31.12.2025 00:02
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Siyasi, Sosial / 30.12.2025 23:31
Baş Abaran, Baş Abdalar, Başkənd – türk tarixinin izi - VİDEO
Elm və təhsil / 30.12.2025 16:00
Təhsil həm də ən yaxşı dostdur – tələbə adını qazanan ardanışlı gənclərlə görüş– GENİŞ HESABAT - FOTO - VİDEO
Sosial / 30.12.2025 14:22
X əsrdən yadigar qalan türk yurdu – ANONS - VİDEO
Müsahibə / 29.12.2025 23:32
“Böyük Məzrədə tarixən oğuz türkləri yaşayıb” - VİDEO
Elm və təhsil / 29.12.2025 10:20
Vəli Abduyev – 10 yaşında Fəxri Fərmana layiq görülən istedadlı övlad - FOTO
Siyasi, Sosial / 28.12.2025 17:41
Ardanış Kənd İcması Çəmbərək və Karvansara rayonlarının bayram tədbirində iştirak edib - FOTO
Maraqlı, Mədəni / 27.12.2025 23:10
Aşağı Necilidə gəlin köçən qıza niyə balış verilirdi? - VİDEO
Siyasi, Sosial / 26.12.2025 23:49
“Günlərin birində eşidəcəyik, növbəti dayanacaq Zəngəzur dəhlizidir” - VİDEO
Siyasi, Sosial / 26.12.2025 14:22
“Bakı-Noraşen” qatarı ilə kəndə gedəcəm” – Nanə Məmmədovanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 25.12.2025 23:41
“Azərbaycanlılar Ermənistan parlamentində təmsil olunacaqlar” - VİDEO
Siyasi / 25.12.2025 14:22
Ermənistan güzəştə hazırlaşır – ANONS - VİDEO
Elm və təhsil / 25.12.2025 12:16
Tələbə adını qazanan Ardanış kökənli gənclərlə görüş keçirilib - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 24.12.2025 23:54
Rusiyanın Azərbaycan dövlətçiliyinə qarşı 300 illik gizli savaşı - VİDEO
Elm və təhsil, Siyasi / 24.12.2025 14:51
Rusların Qafqazda erməni kartı – ANONS - VİDEO
Gündəm / 24.12.2025 00:01
Prezident İlham Əliyevin doğum günüdür - FOTO
Siyasi, Sosial / 23.12.2025 23:18
Baharlı və Bahar bəyin bağları – türk tarixinin izi - VİDEO
Elm və təhsil, Müsahibə / 23.12.2025 18:40
“Şaumyanın transformasiyası- “ilahilik”dən təcavüzə” - FOTO - VİDEO
Sosial / 23.12.2025 14:46
Baharlı tayfasının Zəngəzurda saldığı kənd – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə / 23.12.2025 13:22
Şaumyan – təcavüzkara dönən obraz – ANONS - VİDEO
Müsahibə / 22.12.2025 23:51
“Nizami rayonunda 48 mindən çox Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Hərbi / 20.12.2025 23:10
Qarabağ adı silah üzərində niyə təsvir olunurdu? - VİDEO
Siyasi, Təhlil / 18.12.2025 23:51
“İrəvanın Qərbi Azərbaycanla bağlı təklif etdiyi “yol xəritəsi”nin hədəfi nədir?” - VİDEO
Mətbuat / 18.12.2025 17:35
“Global Media Group”dan 55 nəfər mətbuatın 150 illik yubiley medalı ilə təltif edilib - FOTO
Siyasi / 18.12.2025 14:22
Paşinyanın “yol xəritəsi” – ANONS - VİDEO