“Təhsil işçilərinin təltifi bu sahəyə qayğının göstəricisidir” – Musa Qasımlı
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə bir qrup təhsil işçisinin “Tərəqqi” medalı ilə təltif edilməsi, habelə bir qrup təhsil işçisinə “Əməkdar müəllim” fəxri adının verilməsi dövlətin uğurlu təhsil siyasətinin göstəricisidir.
Rakus.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.
O bildirib ki, dahi şəxsiyyət, ulu öndər Heydər Əliyev elm və təhsil sahəsinə hər zaman yüksək qiymət verib, “Təhsil millətin gələcəyidir” deyib. Bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təhsil işçilərinə fəxri adlar verilməsi, onların təltif olunması ilk növbədə dövlətimizin elm və təhsilə xüsusi qayğısının göstəricisidir. Çünki bugünkü inkişaf səviyyəmizin əldə olunmasında elm və təhsilimizin, xüsusilə müəllimlərimizin rolu böyükdür. Müəllim əməyinə verilən bu qiymət təhsil işçilərimizin daha da həvəslə çalışması üçün stimuldur.