Təhsil naziri suallara aydınlıq gətirdi - VİDEO
“Son kurs tələbələrinin böyük hissəsi praktikada idilər. Bir çoxları praktikanı başa çatdırmayıb. Son kursda oxuyan tələbələrə xüsusi yanaşma tətbiq edilə bilər”.
Rakus.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib.
Nazir deyib ki, IV kursda təhsil alan oğlan tələbələrin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağırışı ilə bağlı məsələ hökumət qarşısında qaldırılacaq:
“Düşünürəm ki, bu məsələ öz həllini tapacaq”.
O deyib ki, Azərbaycanda koronavirusa yoluxma halı ilk aşkar edilən gündən dərhal sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, mart ayının 2-dən tədrisin dayandırılması barədə qərar verildi.
Onun sözlərinə görə, qəbul edilən qərar məhdudlaşdırıcı tədbir olub: “Bu qərar qəbul edilən zaman dünyanın 12 ölkəsində oxşar tədbirlər görülmüşdü. Daha sonrakı dövrlərdə 191 ölkədə oxşar məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsinə başlandı. Bu, Azərbaycan dövləti tərəfindən insanların sağlamlığı və təhlükəsizliyini nəzərə alaraq qərarların qəbul edilməsinin göstəricisidir”.
Nazir vurğulayıb ki, Azərbaycanda ali təhsil alan tələbələrin 50 faizi, yəni iki nəfərdən biri dövlət hesabına oxuyur.
Onun sözlərinə görə, 2020-ci il üzrə sosial baxımdan həssas qrupa aid olan ailələrin övladlarının təhsil haqqından azad edilməsi ilə bağlı Nazirlər Kabineti tərəfindən qəbul edilən qərara uyğun hazırlıq işləri həyata keçirilir: “Keçən həftə bu məsələ universitet rektorları ilə geniş müzakirə edildi. Sənədlər yoxlanıldıqdan sonra tələbələrin təhsil haqlarının ödənilməsi həyata keçiriləcək”.