Təhsil Nazirliyi elektron qeydiyyat sistemi istifadəyə verdi
2020-2021-ci tədris ili üzrə Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin dərnək və qruplarına qəbul üçün elektron qeydiyyat sistemi yaradılıb.
Rakus.az xəbər verir ki, nazirlikdən bildirilib ki, sistemdən istifadə etmək istəyən şəxslər https://portal.edu.az/ linki üzərindən qeydiyyatdan keçməklə şagirdlərin meyl və maraqlarına uyğun idman və yaradıcılıq istiqamətləri üzrə seçim edərək, müxtəlif dərnək və qruplara üzv olmaq üçün müraciət edə bilərlər.
Qeydiyyatdan keçən şəxslərə qəbul, dərnək və qrupların dərs cədvəli, tədrisin formatı, həmçinin digər məlumatlar müvafiq müəssisələr tərəfindən əlaqə saxlanılaraq bildiriləcək.
Uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətləri və fiziki imkanlarının inkişafı məqsədilə fəaliyyət çərçivəsində uşaq-gənclər inkişaf mərkəzlərində təsviri sənət, dekorativ-tətbiqi sənət, xoreoqrafiya, musiqi, bədii və texniki yaradıcılıq, turizm və diyarşünaslıq, ekologiya və intellekt istiqamətləri üzrə dərnəklərin, uşaq-gənclər idman-şahmat məktəblərində idmanın 29 növü üzrə qrupların fəaliyyəti nəzərdə tutulur.