Tələbə adını qazanan Ardanış kökənli gənclərlə görüş keçirilib - FOTO - VİDEO
Dekabrın 24-də “Meredian Plaza” Şadlıq Sarayında Ardanış Kənd İcmasının təşkilatçılığı ilə 2025-2026-cı tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Ardanışdan olan gənclərlə görüş keçirilib.
Rakus.az xəbər verir ki, əvvəlcə Vətən yolunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın dövlət himni səsləndirilib.
Tədbirin aparıcısı, Ardanış İcmasının İdarə Heyətinin üzvü Əsgər İbrahimov tədbiri açıq elan edib, iştirakçıları salamlayıb, keçirilən tədbirin artıq ənənə xarakteri aldığını söyləyib, doğulub boya-başa çatdığımız kənd haqqında 8 dəqiqəlik video-süjet hazırlandığını bildirib.

Ardanış haqqında video-süjet nümayiş olunub.
Ardanış Kənd İcmasının sədri professor Məhəmməd Kərimov çıxış edərək deyib: “Tələbə adını qazanan gənclərimizi və onların valideynlərini salamlayıram. Gəncləri göstərdikləri yüksək nəticələr münasibətilə təbrik edirəm və qarşıdakı təhsil illərində, həyat yollarında uğurlar diləyirəm. Bu gün çox şərəfli, çox önəmli bir gündür. Bu gün cənab Prezidentin doğum günüdür. Tədbirimizin bu günə təsadüf etməsi bizim üçün çox xoşdur. Kənd icmamız artıq yaxşı formalaşıb, tədbirlərimizin sayı artır. Qərbi Azərbaycanın Göyçə mahalının Çəmbərək rayonunun Ardanış kəndinin təhsil sahəsində ilbəil uğurlar artıq. Ötən il 30-dək gənc tələbə adını qazanmışdısa, bu il bu rəqəm 30-dan çoxdur və indiki gənclərimiz bu ənənəyə sadiq qalaraq xarici ölkə və yerli ali məktəblərə qəbul olublar. Tövsiyə edirəm ki, beynəlxalq aləmə inteqrasiya olmaq üçün tələbələrimiz xarici dillərə üstünlük versinlər. Onların xarici dillərdə öyrənməsi və sərbəst danışması perspektiv üçün yeni imkanlar açacaq. Əminik ki, onlar bütün ümidləri doğruldacaq, tarixi keçmişlərini, soy köklərini unutmayacaqlar. İnşallah, belə günlərimizi doğma yurdumuzda da keçirmək hamımızın nəsibi olacaq”.

Görüşdə çıxış edən ötən il Azərbaycan Diplomatik Akademiyasına (ADA) yüksək nəticə göstərərək qəbul olmuş Aişə Kərimli, Edenburq Universitetinin məzunu Lamiyyə Zülfüqarlı, bu il Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakultəsinə qəbul olmuş Ayan Zeynalova, gənclərdən Əziz Kərimov tədbirin təşkilatçılarına təşəkkür edib, onlara bəslənən bütün ümidləri doğruldacaqlarına, cəmiyyətdə ləyaqətli yerlər tutmaq üçün daha yaxşı təhsil alacaqlarını, yaxşı karyera qurmaq üçün çalışacaqlarını söyləyiblər.
Ardanış kənd orta məktəbinin müəllimlərindən Tapdıq Qasımov, Qədim Nəbiyev, araşdırmaçı Qoşqar Abduyev, İqtisad Universitetinin dosenti Bayraməli Qurbanov tələbələri təbrik edərək, yeni nəslin savadlı böyüməsi, tələbələrin yaxşı təhsil alması, onların öz soy köklərini unutmaması üçün belə görüşlərin əhəmiyyətindən danışıb, icmanın səmərəli fəaliyyətini təqdir ediblər: “Əminik ki, gənclərimiz öz bilik, bacarıqları ilə Ardanış adını hər yerdə uca tutacaq, kəndin təhsil ənənəsini yaşadacaq, yaxşı təhsil alaraq ölkəmizin, elimizin-obamızın ictimai, siyasi, mədəni həyatında fəal iştirak edəcək, müxtəlif sahələr üzrə Azərbaycanı savadlı kadr kimi təmsil edəcəklər”.


Tədbirimizin rəsmi hissəsi başa çatdıqdan sonra bədii hissə başlayıb. İştirakçılar yemək süfrəsi arxasında gözəl musiqiyə qulaq asıblar. Tədbirin musiqili hissəsində üzvləri Ardanış kökənli olan “Ulu Göyçə” Aşıq Qrupunun üzvləri Sneyvər Rəhimova, Sevinc Rəhimova və Suma Əliyeva, Milli Konservatoriyanın tələbəsi, qanun aləti üzrə gözəl ifaçı Jalə Həsənzadə ifaları ilə tədbiri rövnəqləndiriblər.
Ə.İbrahimov tələbələrə təhsillə bağlı bəzi kəlamları xatırladaraq tədbiri yekunlaşdırıb: “Əziz gənclər, bir uşağın təhsili doğumundan 20 il öncə, valideyninin təhsili ilə başlayır. Valideynlər övladlarını öz dövrləri üçün yox, övladlarının dövrləri üçün hazırlamalıdırlar. Təhsil həm də ən yaxşı dostdur. İnsan arzusuna çatmaq üçün yaxşı təhsil almalıdır. Axmaqla oturub-durmaqdansa, kitabla tənha oturmaq yaxşıdır. Yaxşı təhsili olan adam həmişə parlaq olar. Hər zaman parlaq olun. Sizi bir daha təbrik edirik. Yolunuz hər zaman açıq və işıqlı olsun. Bilin ki, heç kəsi tərifləməyən, heç kəsi pisləməyən, heç kimdən şikayətlənməyən və heç kəsi günahlandırmayan insan kamil insandır. Həmişə kamil olasınız”.
“Meredian Plaza” Şadlıq Sarayının Hacı Ramiz Həsənov başda olmaqla bütün rəhbərliyinə, işçilərinə, bu gün əməyi olan hər kəsə minnətdarlıq bildirilib.















