Maaşı min manatdan çox olan müəllimlərin sayı açıqlandı
“Müəllimlərin əməkhaqqının son artımından sonra aylıq əməkhaqqı min manatdan çox olan müəllimlərin sayı 5000 nəfərə çatıb. Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlərin sayı 3 dəfədən çox artıb”.
Rakus.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, aparılan işlər nəticəsində artıq ucqar kəndlərdə 5 yaşlı uşaqlar məktəbəqədər təhsilə cəlb olunub. Növbəti ildə ölkə üzrə məktəbəqədər təhsilə cəlb olunan 5 yaşlı uşaqların göstəricisinin 90 faizə çatdırılması nəzərdə tutulur.
C.Bayramov müəyyən kateqoriyalı, sosial cəhətdən qayğıya, dəstəyə ehtiyacı olan insanların akademik göstəricilərindən asılı olmayaraq dövlət vəsaiti hesabına təhsil almaq hüququna malik olduğunu vurğulayıb.
O qeyd edib ki, sənaye və innovasiyalar üzrə Bakı Dövlət Peşə Mərkəzinə bu tədris ilində 8 istiqamət üzrə 231 tələbə qəbul edilib. Gələn ildən tələbə sayının 1000 nəfərə çatırıdılması nəzərdə tutulur. “Bu il həmçinin tələbələrə verilən təqaüdlərin həcmi 20% artırılıb, bu da 110 mindən çox tələbəni əhatə edib. Növbəti tədris ilindən təqaüd alan tələbələrin 50%-ə çatdırılması planlaşdırılır”.