Elm və təhsil 22.09.2025 12:00

Tibb elminin cəfakeşi – professor Məhəmməd Kərimovun yubiley portreti  - FOTO

Göyçə mahalının Ardanış kəndinin yetirməsi, hamımızın fəxri, bütün idealları ilə dövlətə, dövlətçiliyə, xalqına sadiq, ziyalılığı, şəxsiyyəti və savadı ilə diqqət çəkən, gözəl insan, sədaqətli dost və nümunəvi ailə başçısı və təşkilatçı, çalışdığı bütün vəzifələrdə ləyaqəti və əxlaqı ilə fərqlənən tibb elmləri doktoru, professor Məhəmməd Məhəmmədəli oğlu Kərimovun 70 yaşı tamam olur. Göyçə torpağının fəxri professoru Məhəmməd Kərimovun 70 illik həyat və elm yolu dəyəli bir nümunədir. Tibb elminin cəfakeşi olan M.Kərimovun yubiley portreti hər birimizin evimizdə və ürəyimizdən asılıb. Professorun Ardanış kəndindən dünya tibb elminə, zirvələrə uzanan yolunun tarixçəsi həm çətin, həm də çoxvektorlu olub.

Akademik A.V.Pokrovski Məktəbi

Professor Kərimov dünya şöhrətli akademik A.V.Pokrovskinin rəhbərliyi altında namizədlik dissertasiyasını müdafiə edib. Rusiyalı mütəxəssislər deyirlər ki, Anatoli Vladimiroviç olmasaydı, SSRİ-də, sonra isə Rusiyada damar cərrahiyyəsi də olmazdı. Professor bu barədə deyir: “Mənə ilk növbədə belə bir gözəl insan, böyük alim, virtuoz cərrah, öz sahəsinin korifeyinin rəhbərliyi altında işləmək və onun məktəbini keçmək xoşbəxtliyi nəsib oldu və bu mənada özümü xoşbəxt sayıram. A.V.Pokrovski məktəbi çox ciddi məktəbdir, ünsiyyətdə nə qədər mülayim, yumşaq olsa da, iş prosesində, xüsusilə də gənc mütəxəssis hazırlığına, onun keyfiyyətinə qarşı çox tələbkardır”.

Azərbaycanın damar cərrahiyyəsində, varikoz xəstəliyinin müalicəsində inqilab

Azərbaycan tibb elmində damar cərrahiyyəsi sahəsində böyük uğurlara imza atmış professor Məhəmməd Kərimov, xüsusilə lazer cərrahiyyəsi sahəsində əldə etdiyi yeniliklərlə minlərlə vətəndaşımızın sağlamlığına qovuşmasında mühüm rol oynayıb. Ölkəmizdə varikoz xəstəliyinin müasir müalicə üsullarının tətbiqi məhz onun adı ilə bağlıdır. O, müsahibələrinin birində deyib: “Son iki əsr ərzində varikoz xəstəliyinin müalicəsində yalnız bir üsul – damarın çıxarılması metodu tətbiq olunurdu. Lakin XXI əsrdə xəstəliyin dünyada geniş yayılması və mövcud müalicə metodunun lazımi tələblərə cavab verməməsi yeni üsulların işlənib hazırlanmasını zəruri etdi. Qısa müddət ərzində “xalq xəstəliyi” adlanan bu patologiyanın yeni-yeni müalicə metodları kəşf edildi: lazer, radiotezlikli dalğalar, buxarla müalicə. Ən son isə, Non Termal-Non Tumessent (NT-NT) metodu yarandı”.

Səhiyyə Nazirliyinin baş cərrahı olduğu dövrdə və sonrakı illərdə beynəlxalq forumlarda iştirak edən alim, dünyada cərrahiyyə sahəsində gedən prosesləri və yenilikləri yaxından izləmək imkanı qazanıb. Damar cərrahiyəsində lazer dövrünün başladığını görən professor, bu texnologiyanı Azərbaycana gətirmək qərarına gəlib və buna nail olub. O, bu metodla tanışlıq və ona tam yiyələnmək üçün onlarla ölkədə olub və 2011-ci ildə ilk dəfə Azərbaycanda Endovenoz Lazer Ablasiyası əməliyyatını icra edib. Sonra ardıcıl olaraq radiotezlikli dalğalarla ablasiya və exoskleroterapiyanı (köpüklə müalicəni) tətbiq edib.

MDB məkanında ilk: NT-NT metodu

2019-cu ildə professor M.Kərimov və komandası yeni ilkə imza atıblar. Bu sahədə dünyada ən son, az invaziv müalicə üsulu sayılan NT-NT obliterasiyanı MDB məkanında ilk dəfə olaraq Azərbaycanda, ATU-nun Tədris Cərrahiyyə Klinikasında Türkiyədən dəvət olunmuş mütəxəssislərlə birlikdə uğurla həyata keçirib.

Professor özü deyir ki, bu gün ölkəmizdə, xüsusilə də isti aylarda corab geyinmək istəməyən xanımlarımızın ən çox sevdiyi əməliyyat olduğundan ondan geniş istifadə edirik: “NT-NT metodunun iki – Amerika və türk variantı var və bu gün daha çox türk üsuluna üstünlük verilir. Artıq 80-dən çox ölkədə məhz türk üsulundan istifadə edilir. Müasir cərrahiyyənin əsas qayəsi odur ki, müalicə üsulları az invaziv, yəni kəsiksiz, ağrısız, qansız olmalı, insana əziyyət verməməli, həyat keyfiyyətinə mənfi təsir etməməlidir. Ancaq effekti klassik üsullardan daha yüksək, radikal olmalıdır”.

Bəli “insana əziyyət verməmək” kodeksi hörmətli professorun ən əsas amalı olmaqla yanaşı, həyat prinsipinə çevrilib. Bu vicdani yanaşma onun birbaşa genetik kodu ilə bağlıdır. Təbii ki, doğulub-boya başa çatdığı məkan – ulu Göyçənin havası, suyu, təbiəti və ailəsi onun mülayim, tərbiyəli və rəhimli böyüməsinə mütləq şəkildə təsir edib. Məhz bu təsir yeddi onillik – 70 il keçcə belə  onun həm həyat yolunda, həm də uğurla davam etdirdiyi peşə yolunda hiss olunur.

Beynəlxalq elmi inteqrasiya

Professor M.Kərimovun elmi fəaliyyətinin beynəlxalq inteqrasiya bölməsi də var. Belə ki, müdriklərin də dediyi kimi, tibb elmi hansısa bir xalqın, dövlətin, qurumun və ya korporasiyanın mülkiyyəti deyil, bütün bəşəriyyətə məxsusdur. Ona görə hörmətli professorun elm yolu buna bariz nümunədir. İlk elmi fəaliyyətimi Moskvada A.Vişnevski adına Cərrahiyyə İnstitutunda damar cərrahiyyəsi ilə başlayan, sonrakı elmi araşdırmalarını yenə Moskvada N.Bloxin adına Rusiya Onkoloji Mərkəzində qida borusu xərçənginin cərrahi müalicəsinə həsr edən professorun bu fəaliyyəti akademik M.A.Topçubaşovun adı ilə bağlı olan Azərbaycan cərrahiyyəsinin bir çox vacib sahələri, o cümlədən qida borusu cərrahiyyəsi ilə bağlıdır. Onu da deyək ki, 1990-cı illərin əvvəlində qida borusu cərrahiyyəsilə məşğul olmaq bir çox səbəblərdən böyük cəsarət tələb edirdi və bu şücaəti məhz Məhəmməd Kərimov göstərdi…

Fleboloq kimdir?

Fleboloq venoz damarların xəstəliklərinin diaqnostikası və müalicəsi ilə məşğul olan, yəni flebologiya sahəsində çalışan həkimə verilən addır. Flebologiya venoz sistemin xəstəliklərini öyrənən elm sahəsidir. M.Kərimov bunu belə izah edir: “İnsan orqanizmində 3 növ damar sistemi mövcuddur: arterial, venoz və limfatik. Bütün damarların patologiyaları ilə məşğul olan elm angiologiya, həkimlər isə angioloq və angiocərrah adlanır. Müasir flebologiya genişlənmiş damarların sadəcə çıxarılmasından ibarət deyil, damarlarda gedən rekonstruktiv və bərpa əməliyyatlarını, qapaqların korreksiyası, venoz damarların köçürülməsi, kəskin tromboz, tromboflebit və onlardan sonra inkişaf edən posttrombotik xəstəlikdə, anadangəlmə malformasiyalarda və s. aparılan, istər konservativ, istərsə də cərrahi tədbirləri özündə ehtiva edir”.

Texnologiya və kliniki təfəkkür

Professor M.Kərimov tibb sahəsində yüksək sürətli texnoloji inkişafın kliniki təfəkkürə təsirini dəyərləndirənlərdəndir. O qeyd edir ki, kliniki təfəkkür uzunmüddətli proses olub tibbin əsası sayılan fundamental elmlərə yiyələnməkdən başlayır və sonrakı tibbi təhsil dönəmində getdikcə cilalanır və formalaşır: “Klinik təfəkkürə bu günün reallığından yanaşsaq, obrazlı olaraq peşəkar həkimin beynində uzun illər ərzində yaranan bir proqram və ya kodlaşma kimi dəyərləndirilməlidir”.

O da yadımızdadır ki, əvvəllər həkimlərin geniş texniki imkanları olmadığından aldıqları çox az informasiya ilə qənaətlənir və daha çox kliniki təfəkkürə istinad edirdilər. Sonrakı dövrlərdə tibbi texnikanın peşə fəaliyyətinə geniş sahədə nüfuzu vəziyyəti əsaslı şəkildə dəyişdi. Tibb sahəsində son onilliklərdə texniki təchizatın kosmik sürətlə irəliləməsi müəyyən mənada kliniki təfəkkürə mənfi təsir göstərdi. Ona görə ki, bu gün həkimlərə bütün məlumatları texnologiya verir və həkim öz işini onun əsasında qurur, qərar verir, nəticədə texnologiyanın arxasınca getməyə məcbur kimi görünür.

Sağlamlığa etinasız yanaşma

Professor M.Kərimovun sağlamlıqlarına etinasız yanaşan vətəndaşlara müraciətini hər zaman eşidirik: “Bəzi insanlar istirahətə, əyləncəyə vaxt, vəsait tapır, amma səhhətində problemlərlə bağlı müayinəyə getməyə vaxt “tapmırlar”. Təbii kii, bu, normal hal deyil. Belə davranışı, düşüncə tərzini anlamaq olmur və bu kökündən dəyişilməlidir. Sağlamlıq ön planda olmalıdır, çünki həyatda sağlamlıqdan dəyərli heç nə yoxdur və ola da bilməz”.

M.Kərimov hazırda tibbi təhsil sahəsində dünyanın ən nüfuzlu mərkəzlərindən biri olan Seçenov adına Birinci Moskva Tibb Universiteti Bakı Filialının Cərrahiyyə Departamentinin müdiri, Azərbaycan Tibb Universitetinin professoru, Azərbaycan Angiologiya və Endovaskulyar Cərrahiyyə Cəmiyyətinin prezidentidir. Uzun illərdir peşəkar həkim-pedaqoq kimi Azərbaycanda tibbi cərrahiyyə sahəsində həkim-mütəxəssislərin hazırlanmasında və ixtisasının artırılmasında əvəzsiz xidmətləri var. Azərbaycan tibb elminin inkişafında mühüm rol oynayan professor, xüsusilə damar cərrahiyyəsi sahəsində apardığı tədqiqatlar və tətbiq etdiyi innovativ müalicə metodları ilə beynəlxalq səviyyədə tanınıb. Onun rəhbərliyi altında yüzlərlə gənc həkim yetişib, Azərbaycan cərrahiyyə məktəbi dünya standartlarına uyğunlaşdırılıb.

Məhz onun bu xidmətləri yüksək dəyərləndirilərək Səhiyyə Nazirliyi, Qərbi Azərbaycan İcması tərəfindən Fəxri Fərmanla təltif edilib, xüsusi qərarla qiymətləndirilib. Bu gün Azərbaycan səhiyyəsinin və tibb elminin görkəmli nümayəndələrindən biri, Səhiyyə Nazirliyinin Baş cərrahı olmuş, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin professoru, Qərbi Azərbaycan İcması Çəmbərək rayonunun Ardanış kənd icmasının sədri, hörmətli Məhəmməd Kərimov Göyçə torpağının yetirməsi, Azərbaycan tibb elminin fəxri alim və cərrahı kimi tarix yazıb.

Bəli, Məhəmməd Kərimovun həyat və elm yolu, tibb sahəsindəki nailiyyətləri, beynəlxalq tanınmış cərrah və alim kimi fəaliyyəti haqqında daha geniş yazmaq üçün faktlar çoxdur. Azərbaycanın tanınmış damar cərrahı M.Kərimov yaddaşımızda lazer cərrahiyyəsi sahəsindəki nailiyyətləri, MDB məkanında ilk dəfə tətbiq etdiyi NT-NT metodu və müasir tibb texnologiyaları haqqında bilikləri, varikoz xəstəliyinin müalicəsində inqilabi yenilikləri və beynəlxalq tibb elmində rolu, Azərbaycan tibbində inqilabi işləri, damarların müalicəsində yeni era yaradıcısı, varikoz xəstəliyinin müasir müalicə ustası, kəsiksiz, ağrısız, qansız adam sağaltma prinsipi, dünya standartlarını Azərbaycana gətirən alim və nəhayət, Azərbaycan tibbinin qürurudur.

Hörmətli M.Kərimov, təkcə Azərbaycan cəmiyyəti üçün şöhrətli alim, professor, həkim, cərrah deyil, həm də dəyərli vətəndaş, vicdanlı adam, nümunəvi ailə başsısı, tərbiyə məktəbi və ən əsası da elimizin-obamızın səhiyyə elmi sahəsində təhsili, xüsusi biliyi olan, əqli əməklə məşğul olan şəxsdir. Onun bir  ziyalı kimi, cəmiyyətin inkişafında, problemlərin dərk edilərək həllində vəzifələri böyükdür. Müdriklərin də dediyi kimi: ömrünü xalqının elmi inkişafına və maariflənməsinə, fundamental elmi axtarışlara həsr etmiş vətənpərvər ziyalılar dünyanın bəzəyidir. Başqalarına işıq saçmaq üçün insanın özündə günəş olmalıdır. Böyük işlər görmək üçün dahi olmaq, insanlardan yüksəkdə durmaq şərt deyil, bunu onlarla bir yerdə də etmək olur. Professor böyük yaradıcılıq potensialı olan şəxs kimi, öz mənəvi-intellektual enerjisini şüalandıra bilən ziyalıdır. Unutmayaq ki, bütün sular ləpələnə bilər, dalğa isə ancaq dəryada olur. Dağlar zirvədə tənha olsalar da, təməlləri birdir. M.Kərimov parıltılı, təməlli şəxs olaraq öz  mühitini öz qəlbində gəzdirən dəyərli vətəndaşdır. Onun icma sədri kimi gənclərə, tələbələrə verdiyi dəyər də unudulacaq deyil…

Bir sözlə, istək ilə nəticə arasında keçilməz bir uçurum var, onu ancaq M.Kərimov kimi qüvvətli simalar keçə bilirlər. O, mənəvi gücü, əxlaqi dəyərləri ilə çox-çox insanlara həyat verib. O, ona görə böyükdür ki, öz beyni ilə ürəyi arasında rabitə yarada bilir. Təbii ki, müdriklik sağlam düşüncə ilə olur. Yaddan çıxarmayaq ki, yüksək təpələrdə həm ilana, həm də quşa rast gələ bilərik; biri sürünərək, o biri isə uçaraq yüksəlir. O, 70 illik yüksəlişə, bugünkü zirvəyə  “sürünərək”, əziyyət çəkərək, həm də uçaraq çatdı. Çünki onun  zirvəyə gedən yolu öz qəlbinin dərinliyindən keçib. Zirvədən o yana isə ancaq eniş ola bilər. Dərində üzməyi bacaranlar üçün dayazda üzmək darıxdırıcı olur. Ancaq eniş, dayazda üzmək dəyərli alimimizin fəlsəfəsinə zidd olduğu üçün, 80 illik yubiley yoluna çox həvəslə, sağlam ruhla qədəm qoyur. Bu qədəm uğurlu olsun. Əminliklə deyə bilərik ki, o, yenə də əsl ziyalı kimi öz zəmanəsindən yüksəkdə duracaq. Ona görə ki, M.Kərimov kimi ziyalılar heç vaxt kütləni kor qoymayacaqlar. Unutmayaq ki, ziyalısız kütlə kordur.

Sonda fikrimi bu cümlə ilə tamamlamaq istədim: “Azərbaycan cərrahiyyəsinin canlı əfsanəsi olan professor Məhəmməd Kərimovun 70 illik yubileyi elm və sədaqət simvoludur”.

Əsgər Əlioğlu

 

 

XƏBƏR LENTİ
Elm və təhsil, Gündəm / 22.09.2025 12:00
Tibb elminin cəfakeşi – professor Məhəmməd Kərimovun yubiley portreti  - FOTO
Mədəni, Sosial / 20.09.2025 23:51
“Çingizxan sarayından İrəvana uzanan dad” - VİDEO
Siyasi, Sosial / 19.09.2025 23:26
“Sonrakı həyatımız Xocalı, Quşçular, Malbəyli faciəsi ilə bağlı oldu” - FOTO - VİDEO
Sosial / 19.09.2025 14:22
“Nənəm ermənilərə gavır deyirdi” – İsmayıl Ağayevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 18.09.2025 23:44
Ermənistan ordusu ixtisar edilir: addım-addım Zəngəzura doğru - VİDEO
Təhlil / 18.09.2025 14:22
Qərbi Azərbaycanla bağlı razılıq var – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 17.09.2025 23:36
“Erməniləri qorumaq üçün Rusiyanın müdaxilə imkanları yarandı” - VİDEO
Siyasi / 17.09.2025 14:22
“Urartu dövləti ermənilərə aid deyil” – ANONS - VİDEO
Siyasi, Sosial / 16.09.2025 23:50
Aşağı Çəmbərək, Aşağı Şipirxan, Aşağı Şəhərcik, Aşağı Şorca – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 16.09.2025 18:29
“NATO nəzəri olaraq Rusiyaya qarşı hərəkətə keçə bilər” - VİDEO
Sosial / 16.09.2025 14:45
“Adı qədim xəritəyə yazılan məkan” – ANONS - VİDEO
Müsahibə / 16.09.2025 13:22
“Ermənistan rəhbərliyi səhvini düzəldir” – ANONS
Müsahibə / 15.09.2025 23:57
“Şəki kəndinin adı Sak tayfasının adı ilə bağlıdır” - VİDEO
Elm və təhsil / 15.09.2025 15:15
Sonbeşiyin yaratdığı sevinc – Pəricanın ilk məktəb günlüyü - FOTO
Mədəni / 13.09.2025 22:02
“Torpağa qayıdan xalq mətbəxini də geri gətirir” - VİDEO
Siyasi, Sosial / 12.09.2025 21:42
“Amağuya 20 maşın erməni saqqallıları dolmuşdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 12.09.2025 14:22
“İtmiş Vətən həsrəti” – Elmira Hüseynovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 11.09.2025 23:40
Azərbaycanlıların Qərbi Azərbaycana qayıdış hüququnun təmin edilməsi asanlaşdı - VİDEO
Siyasi / 11.09.2025 14:22
Paşinyanla rəqibləri dava edir – ANONS - VİDEO
Siyasi / 10.09.2025 23:35
“Böyük Ermənistan xülyası Hitlerlə ermənilərin gizli planı idi” - VİDEO
Siyasi / 10.09.2025 14:52
“Armenizm bəşəriyyət üçün bəladır” – ANONS - VİDEO
Siyasi, Sosial / 09.09.2025 23:35
Aşağı Türkmənli, Aşağı Xatınarx, Aşağı Xotanan, Aşağı Hunud, Aşağı Çanaxçı – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 09.09.2025 18:38
“Xankəndidə XİN binasının sökülməsi – torpaqlarımızda separatizmin izlərinin məhv edilməsi deməkdir” - VİDEO
Təhlil / 09.09.2025 16:45
Xamənei niyə Pezeşkianı himayəsinə alır? – TƏHLİL
Sosial / 09.09.2025 14:22
Adı Musagyuğ edilən türk məskəni – ANONS - VİDEO
Siyasi / 09.09.2025 13:18
“Paşinyan Rusiyanın təsirindən qurtulmağa çalışır” – ANONS