“Tokio-2020”nin sınaq yarışlarının təqvimi açıqlandı
“Tokio-2020”nin Təşkilat Komitəsi növbəti ildə Olimpiya Oyunlarından əvvəl keçiriləcək sınaq yarışlarının təqvimini açıqlayıb.
Rakus.az xəbər verir ki, martdan mayadək Yaponiyanın paytaxtında 18 idman növü üzrə turnir keçiriləcək. Test yarışları zamanı, əsasən üç sahəyə – yarış zonası, texnologiyanın istifadəsi və kadr hazırlığına önəm veriləcək. Bununla yanaşı, koronavirusun yayılmasına nəzarət tədbirlərinə xüsusi diqqət yetiriləcək. Belə ki, Olimpiya məkanlarındakı rəhbərlik həm yarış iştirakçılarının, həm də tamaşaçıların sağlamlığının qorunmasına yönəlmiş bir sıra tədbirlər hazırlamalıdır.
Test yarışlarının proqramına martın 4-7-də Su İdmanı Mərkəzində keçiriləcək sinxron üzgüçülük üzrə Olimpiya seçmə turniri ilə start veriləcək. Eyni vaxtda – martın 6-8-də “Aomi” parkda qayayadırmanma üzrə yarış keçiriləcək. Mayın 4-də “Ariake” arenasında idman gimnastikası üzrə dünya kuboku yarışları təşkil olunacaq.
Təqvimdə üzgüçülük, su polosu, BMX velosiped idmanı, reqbi, atıcılıq, voleybol, bədii gimnastika, trek velosiped idmanı, 3×3 basketbol, atletika, skeytbord və bir sıra sınaq yarışları var.