Tokio Olimpiadasında idmançıların sayı azaldılmayacaq
Gələn ilə təxirə salınmış Tokio Yay Olimpiya Oyunlarının təşkilatçıları koronavirus pandemiyası fonunda yarışa qatılan idmançıların sayını azaltmağı düşünmürlər.
Rakus.az xəbər verir ki, bu sözləri Beynəlxalq Olimpiya Komitəsinin (BOK) vitse-prezidenti Con Kouts Yaponiyanın paytaxtında keçirdiyi mətbuat konfransında bildirib. Olimpiadada təxminən 11 min, Paralimpiadada isə 4,4 min idmançının iştirakı planlaşdırılıb.
BOK-un prezidenti Tomas Bax və rəhbərlik etdiyi qurumun nümayəndə heyəti bu həftə Yaponiyaya səfər edib. O qeyd edib ki, yarışlara qədər koronavirus peyvəndi olarsa, BOK olimpiadadan əvvəl idmançıların peyvənd edilməsi xərclərini ödəyəcək.
Tokio Olimpiadası 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Pandemiya səbəbindən yarış bir il təxirə salınıb və 2021-ci ilin iyulun 23-dən avqustun 8-dək keçiriləcək.