“Topaz Futbol Festivalı 2019”un qalibi müəyyənləşdi - FOTO
Şağan Olimpiya İdman Kompleksində “Topaz Futbol Festivalı 2019”un qalibi müəyyənləşib.
Rakus.az xəbər verir ki, turnirin final mərhələsində 8 komanda – “Premier Quba”, “Füzuli”, “Xəzər Lənkəran”, “Qax”, “Gəncə Şərab 2”, “Novxanı”, “Abşeron” və “Sumqayıt – 70” komandaları birincilik uğrunda mübarizə aparıb.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda “Sumqayıt-70” komandası bütün rəqiblərinə qalib gələrək birinci olub. “Xırdalan” komandası yarışı ikinci, “Fuzuli” isə üçüncü pillədə başa vurublar.
Qaliblərə kubok, medallar, qiymətli hədiyyələr və pul mükafatı verilib.
Tədbir çərçivəsində müxtəlif viktorinalar da təşkil olunub. Futbola aid hərəkətləri ən yaxşı yerinə yetirən uşaq, yeniyetmə və gənclərə idman dəstləri, top və digər futbol ləvazimatları hədiyyə edilib.
Respublikamızın 7 bölgəsini əhatə edən festivala ümumilikdə 48 komanda, o cümlədən yüzlərlə iştirakçı və onlarla könüllü qatılıb. İki ay davam edən festivalın bütün komandalarının üzvlərinə, hakimlərə, dəvət olunmuş qonaqlara, könüllülərə “Topaz” öz xüsusi hədiyyəsini verib.
Ənənəvi xarakter alacaq festivalın keçirilməsində məqsəd Azərbaycanda futbolun inkişafına dəstək vermək, futbol həvəskarlarının asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaq, paytaxtla yanaşı, bölgələrdə də minifutbolun kütləviliyini artırmaqdır.