Türkiyə çempionatının 32-ci turu maraqlı keçir - FOTO
İyulun 12-də futbol üzrə Türkiyə çempionatının 32-ci turunun ikinci gün qarşılaşmasında “Ankaragücü” doğma meydanda “Qalatasaray”ı qəbul edib.
Rakus.az xəbər verir ki, maraqlı keçən qarşılaşma paytaxt təmsilçilərinin minimal hesablı qələbəsi ilə bitib – 1:0. Meydan sahiblərinin yeganə qolunu Oskar Skarione vurub.
“Fənərbağça” isə “Sivasspor”u qəbul edib. Qarşılaşmada hesabı 9-cu dəqiqədə Sivas təmsilçilərinin hücumçusu Arouna Kone açıb. Görüşün 27-ci dəqiqəsində istanbulluların yarımmüdafiəçisi Dəniz Turuc hesabı bərabərləşdirib. Lakin 44-cü dəqiqədə qonaqların yarımmüdafiəçisi Əmrə Qılınc komandasına qələbə qazandıran topun müəllifi olub.
Beləliklə, “Sivasspor” səfərdə “Fənərbağça”nı 2:1 hesabı ilə məğlub edib.
İyulun 13-də “Kasımpaşa” – “Rizəspor”, “Kayserispor” – “Qaziantep”, “Konyaspor” – “Başakşəhər”, “Dənizlispor” – “Trabzonspor”, “Yeni Malatyaspor” – “Beşiktaş” komandaları qarşılaşacaq.
Türkiyə çempionatında hazırda “Başakşəhər” 66 xalla turnir cədvəlinin lideridir. “Trabzonspor” 62 xalla ikincidir. “Sivasspor” 54 xalla üçüncü, “Beşiktaş” klubu isə 53 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə “Qalatasaray” (52 xal), “Alanyaspor” (51 xal), “Fənərbağça” (50 xal) və digər komandalar gəlir.