Türkiyədəki azərbaycanlıların karantin müddəti bitdi
Aralarında azərbaycanlıların da olduğu Türkiyənin Çindən təxliyə etdiyi 42 nəfərin heç birində koronavirus aşkarlanmayıb.
Rakus.az xəbər verir ki, 14 günlük karantin bitdikdən sonra onlar evə buraxılıblar.
Xatırladaq ki, fevralın 1-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus ambulans təyyarəsi Çinin Vuhan şəhərindən 42 nəfəri təxliyə etmişdi. Onlardan 6-sı azərbaycanlı idi.
Türkiyənin səhiyyə naziri Fahrettin Koca karantin müddəti bitənlərlə bağlı mətbuatın suallarını cavablandırıb. Nazir Uhandan təxliyə edilən, aralarında azərbaycanlıların da olduğu xarici vətəndaşların bilet rezervasiyası ilə əlaqədar Türkiyədə bir gün artıq qalacaqlarını açıqlayıb.
“14 günlük müddətdə xəstəlik aşkarlanmayıb. Bu gün çıxan nəticələrin neqativ olduğunu, yəni koronavirusun olmadığını rahatlıqla söyləyə bilərik. 42 nəfərin hamısı ilə görüşmüşəm. Xarici vətəndaşlar isə daha bir gün qalmaq istədiklərini deyiblər. Təxliyəni yaxşı təşkil edən yeganə ölkə oluğumuzu xüsusi bildirmək istəyirəm”, – nazir vurğulayıb.
Azərbaycanın Türkiyədəki səfirliyindən verilən məlumata görə isə bu gün azərbaycanlılar koronavirusla bağlı sonuncu yoxlamadan keçiriləcək: “Həmin şəxslərdən müvafiq analizlər götürüləcək. Sabah səhər saatlarında Azərbaycan vətəndaşları Ankarada karantin altında saxlanıldıqları Zəkai Tahir Burak Xəstəxanasından buraxılacaq. Daha sonra isə onlarla səfirlikdə görüşlər keçiriləcək. Hazırda onların səhhəttində heç bir problem yoxdur. Azərbaycan vətəndaşları sabah axşam saatlarında artıq Bakıda olacaqlar”. (Report)