Üçüncü tur yekunlaşdı, yarımfinalçılar bəlli oldu - FOTO
Zəfər Günü (8 Noyabr) münasibətilə sabah, oktyabrın 28-də və 29-da Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 2-ci Ənənəvi Futbol Turnirində sonuncu – üçüncü tur başa çatıb.
Rakus.az xəbər verir ki, A və B qrupu üzrə 4 görüş olub və bununlada yarımfinala çıxan 4 komandanın adına aydınlıq gəlib.
Şənbə günü sahəyə ilk olaraq A qrupu üzrə “Göyçə” ilə “Loru-Borçalı” çıxıb.
28 oktyabr
A qrupu, saat 19:30
“Göyçə” – “Loru-Borçalı” – 4:7
Saat 20:30
“İrəvan”-“Qərbi Azərbaycan” – 10:3
Bazar günü A qrupunda “Ardanış” – “Çəmbərək” görüçşü yaddaqalan olub. Belə ki, qrup birinciliyi uğrunda tər tökən və ehtiyatı əldən verməyən komandalar əvvəlcə kəşfiyyat xarakterli oyuna üstünlük veriblər. İlk hissənin ortalarında “Ardanış”ın” hücumçusu Emin İmaməliyev fərqlənib.
Fasiləyə 1:0 məğlub gedən “Çəmbərək” ikinci hissəsə təzyiqi artırıb və Vüqar Hüseynova qarşı kobudluq penaltiyə səbəb olub. Elə həmin oyunçu penaltini qola çevirib. Ardınca Tariq Qasımov komandasını önə çıxarıb. Ardınca Vüqar Hüseynov və Azad Əliyev hesabı 4:1 ediblər.
Həvəsdən düşməyən “Ardanış” oyunun sonuna doğru mübarizəni artırıb və Hüseyn Qarayev iki qol vuraraq fərqi birə endirib- 4:3.
B qrupunda isə “Zəngəzur” komandasına texniki məğlubiyyət verildiyindən “Qaraqoyunlu”nun aktivinə 3 xal yazılıb.
29 oktyabr
B qrupu, saat 19:30
“Ardanış”-“Çəmbərək” – 3:4
Vüqar Hüseynov 2, Tariq Qasımov, Azad Əliyev.
Hüseyn Qarayev 2, Emin İmaməliyev 1.
29 oktyabr
B qrupu, saat 20:30
Texniki məğlubiyyət: “Zəngəzur” – “Qaraqoyunlu” – 0:3
Beləliklə, turnirdə yarımfinalçılar bəlli olub. A qrupundan 9 xal toplayan “Çəmbərək” və 6 xala sahib olan “Ardanış”, B qrupunda 9 xalla “İrəvan”, 6 xalla “Loru-Borçalı” yarımfinala adlarını yazdırıblar.
A qrupunda rəqiblərindən geri qalmayan “Göyçə” və “Qərbi Azərbaycan”, B qrupunda isə ən gənc oyunçulara sahib “Qaraqoyunlu” və “Zəngəzur” mübarizəni dayandırıb.
Yarımfinal oyunları noyabrın 1-də baş tutacaq.
Üçüncü yer uğrunda, Final oyunları və bağlanış mərasimi bazar günü – noyabrın 5-də keçiriləcək.
Xatırladaq ki, Ardanış Futbol Akademiyasının və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının və Azərbaycan Vəkillər Kollegiyasının dəstəyi ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayevin, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.
Bu il turnirdə 8 komanda – “Qərbi Azərbaycan” (AZƏRTAC), “Zəngəzur” (AzTv), “İrəvan” (Vəkillər Kollegiyası), “Göyçə”, “Loru-Borçalı”, “Qaraqoyunlu”, “Çəmbərək” və “Ardanış” adı altında mübarizə aparacaq. Medianı “Qərbi Azərbaycan” adı ilə AZƏRTAC, “Zəngəzur” adı ilə AzTv təmsil edir.
Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı futbolçu”, “ən çox qol vuran”, “ən yaxşı qapıçı” nominasiyaları üçün mükafat, kubok, medal və hədiyyələr nəzərdə tutulub.
Ənənəvi Xatirə Turnirinə informasiya dəstəyini AZƏRTAC, AzTv, “Report” İnformasiya Agentliyi və Rakus.az saytı verir.