UNESKO Günü qeyd olunur
Bakı. Rakus.az
Noyabrın 16-da UNESKO Günü qeyd olunur.
1945-ci ilin həmin günü Londonda keçirilən konfransda Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı (UNESKO) yaradılaraq 37 dövlətin imzası ilə Nizamnaməsi qəbul edilib. Yeni beynəlxalq təşkilatın bəşəriyyətin əqli və əxlaqi həmrəyliyini təmin etməklə dünya müharibəsi ehtimalının qarşısını almaq məqsədi daşıdığı güman olunurdu.
Azərbaycan BMT-nin bu tabe təşkilatına 3 iyun 1992-ci il tarixində üzv olub. Beləliklə, 27 ildən artıqdır UNESKO ilə mövcud olan əlaqələr getdikcə inkişaf edərək yeni-yeni sahələri də əhatə edir. Azərbaycan təhsil, mədəniyyət, ətraf mühit, idman kimi sahələrə aid UNESKO-nun bir çox konvensiyalarına qoşulub.
Azərbaycanın Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva UNESKO-nun xoşməramlı səfiri fəxri adına layiq görüldükdən sonra Azərbaycanla bu təşkilat arasında əməkdaşlıq əlaqələri daha da güclənib. Belə ki, Mehriban Əliyevanın rəhbərliyi və qayğısı ilə həm ölkədə, həm də xaricdə maddi və qeyri-maddi mədəni irsin qorunması, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması ilə bağlı mühüm işlər görülür.
Belə ki, Heydər Əliyev Fondunun prezidentinin səyləri ilə UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması Komitəsinin Əbu-Dabi şəhərində keçirilən 4-cü sessiyasında Azərbaycan aşıq sənəti UNESKO Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Həmçinin sessiya zamanı adıçəkilən siyahıya Novruz bayramı da salınıb. Bir sıra ölkələrdə qeyd olunduğu nəzərə alınmaqla və təşkilatın də tövsiyəsi ilə bu bayram beynəlmiləl qeyri-maddi mədəni irs nümunəsi olaraq təqdim edilmişdi.
Bundan başqa, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi Dünya İrs Siyahısına salınıb.
Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət sahəsindəki fəaliyyətinin başqa bir mühüm istiqaməti də Azərbaycan mədəniyyəti, incəsənəti, elmi sahələrindəki görkəmli şəxsiyyətlərin beynəlxalq miqyasda tanıtmaqdır.
Belə ki, 2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda və Parisdə böyük bəstəkarımız Üzeyir Hacıbəyovun 120 illiyinə həsr olunmuş təntənəli tədbirlər keçirilib. Parisdə UNESKO xəttilə görkəmli kimyaçı alimimiz Yusif Məmmədəliyevin 100 illiyi qeyd edilib. Həmçinin dünya şöhrətli musiqiçi Mstislav Rostropoviç ilə həyat yoldaşı, opera ifaçısı Qalina Vişnevskayanın birgə yaradıcılıq fəaliyyətlərinin 50 illiyi münasibətilə albom və disklər buraxılıb.
Yenə də 2005-ci ildə UNESKO-nun Parisdəki qərargahında Heydər Əliyev Fondunun nəşr etdirdiyi “Qarabağ xanəndələri” musiqi albomunun təqdimat mərasimi keçirilib.
Heydər Əliyev Fondu tərəfindən həmçinin istər ölkədə, istərsə də bütün dünyada mədəniyyət abidələrinin mühafizəsinə dair mühüm humanitar və mədəni layihələr də həyata keçirilir.
2007-ci ildə Heydər Əliyev Fondu Parisin Versal sarayı qarşısındakı parkda yerləşdirilən, adları UNESKO-nun Dünya İrs Siyahısında olan iki abidənin bərpa işlərini yerinə yetirib. Bundan əlavə, Heydər Əliyev Fondu Luvr muzeyində İslam mədəniyyətinə həsr olunan yeni bölmələrin açılmasında da əhəmiyyətli rol oynayıb. 2012-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, həmçinin Fransa prezidenti Fransua Oland Luvr muzeyində İslam sivilizasiyasına aid memarlıq, rəngkarlıq və başqa mədəni irs nümunələrinin təqdim olunduğu yeni salonların açılışında iştirak ediblər.
Heydər Əliyev Fondu Fransanın Orne departamentindəki Santiyi, Frene o Sovaj, San İler la Jerar, Tanvil, Kurjüst, Revelyon, Mal yaşayış məntəqələrindəki X-XII əsrlərə aid kilsələrin, XIV əsrə aid Strasburq kafedral kilsəsindəki şəkillərin bir hissəsinin bərpasına kömək edib.
Həmçinin Fond İtaliyada və Vatikanda tarixi mədəni abidələrin mühafizəsilə bağlı da bir sıra layihələr icra edib. Belə ki, 2016-cı ildə Vatikandakı Müqəddəs Sebastian katakombalarının bərpa işlərinə başlanılıb. Cəmi iki il sonra isə birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva böyük tarixi, mədəni əhəmiyyətə malik bu katakombaların açılış mərasimində iştirak edib.
Bundan əvvəl, 2016-cı ildə Heydər Əliyev Fondu tərəfindən həmçinin Müqəddəs Merselino və Müqəddəs Pyetro katakombaları, Kapitoline Muzeyinin Filosoflar Salonu da bərpa olunmuşdu.
Heydər Əliyev Fondu II Dünya müharibəsi zamanı dağılıb yandırılmış Berlin qəsrinin bərpası təşəbbüsünə də qoşulub. Bu məqsədlə keçirilən ianə toplama kampaniyası çərçivəsində 2011-ci ilin 29 sentyabr tarixində Mehriban Əliyeva həmin abidənin məsul şəxslərinə Heydər Əliyev Fondunun töhfəsi olaraq 50 min avroluq qəbz təqdim edib. Berlin qəsrinin bərpası işlərinin cari ildə başa çatdırılacağı güman edilir.
Bolqarıstanın Veliko Tarnovo şəhərindəki Trapezitsa qalası da Heydər Əliyev Fondunun dəstəyilə bərpa edilib. 2016-cı ilin 22 sentyabr tarixində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və vitse-prezidenti Leyla Əliyeva Trapezitsa Muzey Memarlıq Qoruğunun açılışında iştirak ediblər. Bolqarıstanın və Şərqi Avropanın mühüm tarixi turizm mərkəzlərindən olan bu qoruq ərazisində bərpa və konservasiya işləri 10 ay davam edib. Belə ki, Heydər Əliyev Fondu tərəfindən qalanın 158 metr uzunluğundakı qərb divarında bərpa və konservasiya işləri, orta çağa aid üç kilsədə təmir və konservasiya işləri həyata keçirilib, Mədəni Miras Mərkəzi və 880 metr uzunluqda turist xiyabanı salınıb.
Bundan əlavə, Fond təhsilə dair bir çox sosial layihələrə, o cümlədən Pakistanda və Viyetnamda məktəb tikintisi, Bosniya və Herseqovinada sosial mərkəzlərin tikintisi layihələrinə də dəstək verib.
Beləliklə, UNESKO ilə Azərbaycan arasındakı əlaqələr get-gedə genişlənərək yeni-yeni məzmun kəsb edir. (report.az)