“US Open” bu şərtlər altında keçiriləcək
Tennis həvəskarları mövsümün bərpasını səbirsizliklə gözləyirlər. Xüsusən də ABŞ açıq tennis turnirinin startını gözləyənlərin sayı daha çoxdur. Bu da səbəbsiz deyil. Sonuncu dəfə “Böyük dəbilqə” seriyalı turnirlərdən olan “Australian Open”i yanvarda izləyən azarkeşlər əsl mübarizə üçün darıxıblar.
Rakus.az xəbər verir ki, “US Open”in hansı şərtlər altında keçiriləcəyi məlum olub. ABŞ mətbuatının məlumatına görə, koronavirus infeksiyası ilə əlaqədar tennisçilər xüsusi şərtlər altında mübarizə aparacaqlar. Belə ki, turnir boyunca tennisçilər Nyu-Yorkun “Long İsland Marriot”, ya da “Garden City” otellərində məskunlaşacaqlar. Hər bir tennisçiyə oteldə iki nömrə sifariş etməyə imkan yaradılacaq. Nömrələrdən birinin ödənişini ABŞ Tennis Assosiasiyası, digərini isə idmançının özü edəcək.
ABŞ-a səfər zamanı turnirdə iştirak edəcək hər bir tennisçi və ya texniki heyətin üzvü koronavirus testindən keçəcək. Onlar yalnız neqativ cavab aldıqdan sonra “US Open”in keçiriləcəyi kortlara girə biləcəklər. Növbəti test isə otelə gəldikdən 48 saat sonra həyata keçiriləcək. Amma ümumilikdə tennisçilər müntəzəm olaraq həkim nəzarəti altında olacaqlar. Tibb işçiləri tez-tez onların hərarətlərini yoxlayacaqlar. Mühüm şərtlərdən biri də tennisçilərin müntəzəm olaraq tibbi maska ilə gəzməsi olacaq. Korta çıxanadək hər tennisçi ətrafdakı insanlarla sosial məsafəni qorumalıdır.