Vəli Abduyev – 10 yaşında Fəxri Fərmana layiq görülən istedadlı övlad - FOTO
Bu ilin oktyabr-dekabr aylarında Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Elm və Təhsil Nazirliyi ilə birlikdə məktəblilər arasında “Fövqəladə hallar uşaqların gözü ilə” XIII Respublika Uşaq yaradıcılıq müsabiqəsi keçirilib.
Rakus.az xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, ümumilikdə ictimaiyyətin diqqətinin məktəblillər arasında fövqəladə hal probleminə cəlb edilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda tərbiyələnməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılması və onlara dəstəkdir. Məktəblilər təqdim etdiyi işlərdə həyatımızın aktual problemi olan fövqəladə halları göstərməklə yanaşı, xilasedici və yanğınsöndürənlərin fədakarlıq və peşəkarlığını da təsvir ediblər. Müsabiqəyə “Rəsm”, “Plakat”, “Əl işi”, “Yanğın və xilasetmə texnikasının modeli” və “Yumşaq oyuncaq” nominasiyaları üzrə işlər təqdim olunub.
Müsabiqədə Bakı şəhəri 100 nömrəli orta məktəbin 5-ci sinif şagirdi Vəli Qoşqar oğlu Abduyev “Yanğınsöndürənlərin yanan binanın söndürülməsi ” maketi ilə qatılıb. Onun düzəltdiyi maket müsabiqənin münsiflər heyəti tərəfindən yüksək dəyərləndirilərək II yerə layiq görülüb. O, FHN, Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub.

Bununla əlaqədar dekabrın 26-da Fövqəladə Hallar Nazirliyinin Akademiyasında geniş tədbir təşkil edilib. Müxtəlif nominasiyalarda iştirak edən və yüksək yerləri tutan şagirdlərə, o cümlədən Vəli Abduyevə Fəxri Fərman və hədiyyələr təqdim olunub. Bundan əlavə, Vəlinin şəkili və düzəltdiyi maket bu tədbir haqqında xüsusi hazırlanan kitabda çap olunub.
Göyçə mahalının Ardanış kəndində anadan olan araşdırmaçı Qoşqar Abduyevin oğlu olan Vəli Bakıda doğulub. Bu il dekabrın 28-də onun 10 yaşı tamam olub. Vəli yaradıcılıq qabiliyyəti, gələcəyə yönəlik düşüncələri, bacarıq və istedadı ilə fərqlənir. O, orta məktəb səviyyəsində dəfələrlə sertifikatlara, diplomlara layiq görülüb. Hələ kiçik yaşlarından elimizin-obamızın adını uca tutan, fitri istedadı ilə seçilən gözəl balamızı doğum günü münasibətilə təbrik edir, qazandığı mükafat və hədiyyələrlə bizi sevindirdiyi üçün minnətdarlığımızı bildiririk. Əminik ki, Vəli gələcək yaradıcılığında daha mötəbər yarışlarada iştirak edəcək, bilik və bacarığı yeni-yeni uğurlar qazanacaq. Bu yolda ona möhkəm cansağlığı diləyirik.
Xatırladaq ki, ingilis, türk dillərində sərbəst danışan Vəlinin ən böyük arzusu konstruktor olmaqdır. O, müxtəlif təyyarə, gəmi, maşın və digər müasir qurğu və mexanizmlərin maketini qurur.






















