Virusa yoluxan tibb işçilərinin 65 faizi sağalıb – RƏSMİ
Bu günə qədər Azərbaycanda 300-ə yaxın tibb işçisi koronavirusa yoluxub.
Rakus.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın aprelin 24-də keçirdiyi brifinqdə səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.
Nazir müavini virusa yoluxan tibb işçilərinin artıq 65 faizinin sağaldığını deyib.
“Yoluxanlar arasında həm həkim, həm də orta tibb işçisi olub,” o qeyd edib.
Öz növbəsində, Viktor Qasımov deyib ki, koronavirusun qeydə alındığı 25 faiz ərazidə risk ocaqları ləğv edilib. Hazırda 12 rayonda xəstəliyə yoluxma halı yoxdur.
V.Qasımovun sözlərinə görə, Azərbaycanda hazırda ev şəraitində karantində olan 3 000-ə yaxın insan var.
Xatırladaq ki, Azərbaycanda virusa yoluxan təcili tibbi xidmətin həkimi Zakir Xəlilov aprelin 18-də vəfat edib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı isə bildirib ki, virusa yoluxanların 5 faizi 0-9 yaş arası uşaqlardır:
“Virusa yoluxanların 6 faizi 10-19, 14 faizi 20-29, 18 faizi 30-39, 16 faizi 40-49, 22 faizi 50-59, 13 faizi 60-69, 4 faizi 70-79, 2 faizi isə 80 yaşdan yuxarı olan şəxslərdir. 40-49 yaş arasında 1 nəfər, 50-59 yaş arası 8 nəfər, 70-79 yaş arası 3 nəfər, 80 yaşdan yuxarı isə 4 nəfər vəfat edib”.