Xatirə Turniri başa çatır: final matçı və bombardirlər CƏDVƏLİ
Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi, eləcə də Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə sentyabrın 27-dən noyabrın 8-dək təşkil olunan şəhid jurnalistlərin xatirəsinə həvəskar komandalardan ibarət 4-cü Ənənəvi Minifutbol Turniri noyabrın 8-də başa çatır.
Rakus.az xəbər verir ki, bu il sentyabrın 27-də start götürən turnir artıq sona yaxınlaşır. Oktyabrın 26-da keçirilən yarımfinal oyunlarının nəticələrinə görə, D qrupunun birincisi “AzTV” və B qrupunun ikincisi olmuş “Veteranlar” adlarını finala yazdırıblar. Bu komandalar kubok üçün tər tökəcək. A qrupunun və C qrupunun birincisi olmuş “İctimai TV” ilə “Dəmir Yumruq” üçüncü yer uğurunda mübarizə aparacaq.
Üçüncü yer və final oyunları noyabrın 8-də şənbə günü baş tutacaq. İlk olaraq saat 19:00-da “Dəmir Yumruq” – “İctimai TV” yaşıl meydana çıxacaq.

xxx
Ardınca saat 20:00-da “AzTV” – “Veteranlar”qarşılaşacaq.
Bu oyunlardan sonra turnirin mükafatlandırılması və bağlanış mərasimi keçiriləcək.
Tennis Akademiyasında keçiriləcək matçları AFFA-nın hakimləri idarə edəcəklər.

OYUNLARIN CƏDVƏLİ
8 noyabr
3-cü yer
saat 19:00
“Dəmir Yumruq” – “İctimai TV”
FİNAL
saat 20:00
“AzTV” – “Veteranlar”
Bağlanış-Mükafatlandırma

xxx
Turnirdə bombardirlər siyahısına hərəyə 9 qolla Səhman Xasıyev (“Dəmir Yunruq”) və Elmir Məlikov (“İctimai TV”) rəhbərlik edirlər. Onları 7 qolla Ramiz Vəlizadə (“Veteranlar”), 6 qolla Elçin Cuvarov (“Dəmir Yumruq”) izləyir. Bu oyunlarda “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “ən yaxşı qapıçı” adına da aydınlıq gələcək.

Xatırladaq ki, Ardanış Futbol Akademiyasının və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Televiziyası (AzTV), Baku TV, Real TV, AZƏRTAC, APA, Yurd Media agentliklərinin və BAKU.WS portalının informasiya dəstəyi, “Bee Tours”, “Mister Tum”un tərəfdaşlığı ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayev, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.















