Şəhid Jurnalistlərin Xatirə Turnirində kuboku “AzTV” qazanıb - FOTO
Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi, eləcə də Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə sentyabrın 27-dən noyabrın 8-dək təşkil olunan şəhid jurnalistlərin xatirəsinə həvəskar komandalardan ibarət 4-cü Ənənəvi Minifutbol Turnirində çempion bəlli olub.
Rakus.az xəbər verir ki, noyabrın 8-də bayram əhval-ruhiyyəsi ilə bəzədilmiş Bakı Tennis Akademiyasında şəhidlərin əziz xatirəsi bir dəqiqəlik yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Sonra final görüşünə start verilib. “AzTV” və “Veteranlar” komandaları münasibətlərinə aydınlıq gətiriblər. Görüşdə 3:1 hesabı ilə qələbə qazanan “AzTV” kubokun sahibi olub.

8 noyabr
FİNAL
saat 19:30
“AzTV” – “Veteranlar” – 3:1
Qollar: Cavidan Şükürov 2, Elvin Qulusoy (“AzTV”)
Ramiz Vəlizadə (“Veteranlar”)
Hakimlər: Elgün Hüseynov, Ramil Namazov
Sarı kart: Cavidan Şükürov, Tural Abdullayev (AzTV)


Final qarşılaşmasından sonra bağlanış və mükafatlandırma mərasimi keçirilib.
Tədbirin təşkilatçısı, Rakus.az saytının təsisçisi, şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı, jurnalist Əsgər İbrahimov yarışın baş tutması və yüksək səviyədə başa çatması üçün göstərdikləri təşəbbüsə və iştiraka görə əməyi olan hər kəsə təşəkkür edib, bütün komandaların yüksək əzmkarlıqla turnirə qoşulduqlarını və əsl idman mübarizəsi apardıqlarını bildirib, tamaşaçıların bu yarışa göstərdikləri marağı yüksək qiymətləndirib.
Milli Məclisin deputatı Rizvan Nəbiyev, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Aqşin Fərəcov, Mətbuat Şurasının təmsilçisi İlqar Tağıyev, M. Ə. Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, Ardanış Futbol Məktəbinin fəxri sədrləri Yunis Aslanov, Sahib Əhmədov, futbol mütəxəssisi Vüqar Hacıyev, Baku TV-nin Departament rəhbəri İman Məcidov və İdman TV-nin direktoru Zaur Zeynal çıxış edərək Zəfər bayramı münasibətilə arzularını çatdırıb, turnirin əhəmiyyətindən danışıb, yarışların yüksək səviyyətə keçidiyini bildirib, iştirakçılara təşəkkür edib, qalib komandaları təbrik ediblər.
Sonra mükafatlandırma olub.
Xatirə turnirində qalib komandalar – birinci yeri tutan “AzTV”, ikinci yerin sahibi “Veteranlar”, üçüncü yeri tutan “Dəmir Yumruq” və “İctimai TV” komandaları mükafatlandırılıb. Onlara kubok, medal, təşəkkürnamə və xatirə hədiyyələri təqdim edilib.


Turnirin “ən nümunəvi komandası” Baku TV seçilib. Dəmir Yumruq” komandasının oyunçusu Şah Xasıyev turnirin “ən yaşlı futbolçusu” elan olunub.
Xatirə turnirinin “ən yaxşı oyunçu”su Cavidan Şükürova (AzTV) (“Veteranlar”), “ən çox qol vuran” Ramiz Vəlizadəyə (“Veteranlar)” və “ən yaxşı qapıçı” seçilən Natiq Vəliyevə (“Veteranlar”) medal və xatirə hədiyyələri verilib.
Sonda xatirə şəkli çəkdirilib.
Bununla da sentyabrın 27-dən noyabrın 8-dək davam edən şəhid jurnalistlərin xatirəsinə həvəskar komandalardan ibarət 4-cü Ənənəvi Minifutbol Turniri başa çatıb.
(Bağlanış və mükafatlandırma mərasimi ilə bağlı geniş hesabat növbəti yazıda dərc olunacaq)
Xatırladaq ki, Ardanış Futbol Akademiyasının və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Televiziyası (AzTV), Baku TV, Real TV, AZƏRTAC, APA, Yurd Media agentliklərinin və BAKU.WS portalının informasiya dəstəyi, “Bee Tours”, “Mister Tum”un tərəfdaşlığı ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayev, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.















