Xələf Xələfov Azərbaycan-Türkiyə əməkdaşlığını qiymətləndirdi
Azərbaycan ilə Türkiyə arasında əməkdaşlıq bütün sahələrdə uğurla davam edir.
Rakus.az xəbər verir ki, bu fikri Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” adlı vebinarda söyləyib.
X.Xələfov Azərbaycan-Türkiyə qardaşlığının türk dünyasında mənəvi birliyin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. O deyib ki, iki qardaş ölkənin əməkdaşlığı regionun sabitliyinə və təhlükəsizliyinə öz töhfəsini verir, bu əməkdaşlıq heç bir üçüncü ölkəyə qarşı yönəlməyib.
Nazir müavini deyib ki, qardaş ölkələrimizin birgə işi olan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Trans-Anadolu layihəsi xalqlarımızın rifahının yaxşılaşdırılması ilə yanaşı, regional və qlobal inkişaf proseslərinə də öz töhfəsini verir. Transmilli layihələrin uğurla həyata keçirilməsi iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açır.
Azərbaycan ilə Türkiyə arasında münasibətlərin heç zaman indiki qədər yüksək səviyyədə olmadığını vurğulayan X.Xələfov qeyd edib ki, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə Azərbaycan–Türkiyə münasibətlərinin inkişafı dönməz xarakter alıb.
“Bir millət, iki dövlət” olaraq bizim strateji məsələlərdə vahid mövqedən çıxış etmək imkanımız var.
Hərbi sahədə də əməkdaşlığımızın yüksək səviyyədə olduğunu deyən nazir müavini son birgə təlimlərin əhəmiyyətini qeyd edib. O vurğulayıb ki, ölkələrimiz beynəlxalq və regional təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edir.
Nazir müavini onu da deyib ki, Azərbaycan tarixən Aralıq dənizi bölgəsinin inkişafı və tərəqqisində önəmli rol oynamış Türkiyənin bütün addımlarını birmənalı şəkildə dəstəkləyir və gərginliyin tezliklə həllini tapacağına inanır.
X.Xələfov əlavə edib ki, Azərbaycan bu məsələdə daim Türkiyənin yanında olacaq.