XİN: Ermənistan həmsədrləri pis vəziyyətə salır
“Zöhrab Mnatsakanyan Nikol Paşinyanın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində səsləndirdiyi absurd bəyanatı bir daha təkrarlaması, əslində, onu beynəlxalq birlik, xüsusilə də ATƏT-in Minsk qrupu həmsədrləri qarşısında pis vəziyyətə salır”.
Rakus.az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.
O bildirib ki, həqiqətən də, bu cür məsuliyyətsiz ritorika nəinki beynəlxalq hüquqa və beynəlxalq vasitəçilərin mövqeyinə tamamilə ziddir, eyni zamanda, münaqişənin sülh yolu ilə tənzimlənməsinə yönələn bütün səyləri heçə endirə bilər: “Ermənistan tərəfinin əsl simasının üzə çıxması və maskalarının atılması danışıqlar prosesinin pozulmasına yönələn Ermənistan hökumətinin rəsmi mövqeyinə beynəlxalq təsisatların diqqətinin cəlb edilməsi üçün ciddi əsas təşkil edir”.
L.Abdullayeva “bu gün Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan bu ölkənin Dağlıq Qarabağın mənsubiyyəti ilə bağlı rəsmi mövqeyi nədir sualını şərh edərək, baş nazir Nikol Paşinyanın təxribatçı ifadəsini təkrarlamaqdan başqa bir şey qeyd etmədi. Bununla əlaqədar nə deyə bilərsiniz?” sualına belə cavab verib: “Azərbaycanın Xarici İşlər Nazirliyi BMT və ATƏT-in Baş katiblərinə, habelə ATƏT-in Minsk qrupunun həmsədrlərinə və bu Qrupun digər üzv ölkələrinin Xarici İşlər nazirlərinə məktublar ünvanlayaraq, N.Paşinyanın bəyanatları səbəbindən meydana gələn təhlükəli vəziyyətlə bağlı artıq mövqe bildirib”.
XİN rəsmisi diqqətə çatdırıb ki, Azərbaycan tərəfi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının, habelə Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin işğalının ağır nəticələrini xatırladaraq, Ermənistan baş nazirinin son bəyanatlarını vəziyyətin daha da gərginləşməsinə gətirən “qırmızı xəttin” aşılması kimi qiymətləndirir.
“Biz Ermənistan tərəfinə ATƏM Nazirlər Şurasının 1992-ci il 24 mart tarixli qərarı, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mandatı ilə diqqətlə tanış olmalarını israrla tövsiyə edirik. Bu sənədlərdə münaqişənin sülh yolu ilə tənzimlənməsinə nail olmaq üçün lazımi tədbirlər dəqiq təsbit olunur. Münaqişənin sülh yolu ilə həlli silahlı təcavüzün nəticələrinin tanınmasına əsaslanmamalı, əksinə – BMT Nizamnaməsinə, Helsinki Yekun Aktının müddəalarına, BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərarları üzərində qurulmalıdır. Sonda Şərqdə işlədilən bir atalar sözünü xatırlatmaq istərdim: “Halva, halva deməklə ağız şirin olmaz!”, – Azərbaycan XİN-in rəsmisi qeyd edib.