XİN: Qondarma seçkilərin hər hansı hüquqi qüvvəsi yoxdur
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırıb.
Rakus.az xəbər verir ki, o deyib ki, ölkəmizin işğal olunmuş ərazilərində qondarma seçkilərin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi öz mövqeyini ifadə edib.
Onun sözlərinə görə, bu ilin 31 mart tarixində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində Ermənistan Respublikası tərəfindən təşkil edilmiş qanunsuz “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pisləndi və rədd edildi:
“Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğalının davam etdiyi, eləcə də etnik təmizləmə nəticəsində yüz minlərlə azərbaycanlının öz doğma evlərindən zor gücünə didərgin salındığı, işğal olunmuş ərazilərin yerli azərbaycanlı əhalisinin fundamental insan hüquqlarının pozulduğu bir vəziyyətdə Ermənistan Respublikası tərəfindən təşkil olunan bu qanunsuz fəaliyyətə başqa cür münasibət ola da bilməz.
Seçkilərin keçirilməsi ilə bağlı beynəlxalq standartların, o cümlədən ATƏT-in tələblərinə uyğun olaraq, hər hansı ölkədə keçirilən seçki həmin dövlətin Konstitusiyasına və Seçki Məcəlləsinə uyğun olaraq keçirilməlidir. Ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsində təşkil olunan qondarma seçkilər Azərbaycan Respublikasının Konstitusiyasını pozur və bu baxımdan hər hansı hüquqi qüvvəsi yoxdur.
Beynəlxalq və regional təşkilatlar, o cümlədən Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, NATO, GUAM, Türk Şurası, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri, çoxsaylı dövlətlər bu qondarma seçkiləri pisləyən və onların hər hansı hüquqi əsasının olmadığını vurğulayan bəyanatlarla çıxış etdilər. Bu təşkilatların və dövlətlərin hər birinə öz prinsipial mövqelərini bir daha ifadə etdiklərinə və Ermənistana “ərazilərin zor gücünə əldə edilməsi legitim ola bilməz; torpaqların işğalı beynəlxalq tanınma əldə etmək və ya hüquqi statusun dəyişdirilməsini qəbul etdirmək üçün istifadə oluna bilməz” ismarışını verdiyinə görə təşəkkür edirik.
Təəssüf ki, Ermənistan hələ də dərk etmir ki, Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin hərbi işğalı onun arzu etdiyi siyasi nəticəni verməyəcək. Dağlıq Qarabağda uydurma seçkiləri təşkil etməklə və bu ximeraya öz büdcəsindən heç də az olmayan maliyyə sərf etməklə Ermənistan nə əldə etdi? Hələ də davam edən hərbi işğal və etnik təmizləmənin mövcudluğu şəraitində “demokratiya”dan dəm vurmaq insuniasiya və özünü aldatmaqdan başqa bir şey deyildir. Yeri gəlmişkən, Ermənistan XİN-in Dağlıq Qarabağdakı qondarma seçkilərlə bağlı ayrıca bəyanatla çıxış etməsi faktı bir daha, Dağlıq Qarabağ ermənilərinin danışıqlarda iştirak etməsinə ehtiyac olmadığını sübut edir.
Bir daha vurğulamaq istərdim ki, Azərbaycan Respublikası ərazisində seçkilər ölkə Konstitusiyasına uyğun olaraq keçirilir və bu ali qanuna zidd olaraq təşkil edilən hər hansı akt legitim deyil və ola da bilməz”.