XİN rəsmisi: “Ermənistanın əsl niyyəti hamıya bəllidir”
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı söylədikləri ilə bağlı KİV-in sualını cavablandırıb.
Rakus.az xəbər verir ki, mətbuat katibi deyib: “İlk növbədə, nəzərə alınmalıdır ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edilən ərazi bu gün Ermənistan Respublikasının silahlı qüvvələrinin hərbi işğalı altında olan və beynəlxalq səviyyədə tanınmış Azərbaycan əraziləridir. Bunu BMT Təhlükəsizlik Şurasının qətnamələri, həmçinin beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələri təsdiq edir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən hər hansı şəxsin, ilk növbədə, bu sənədlərlə tanış olması vacibdir”.
Münaqişənin həlli üzrə aparılan danışıqlara Dağlıq Qarabağın erməni icmasının da daxil edilməsi məsələsi ilə bağlı mövqeyimizin dəfələrlə ən yüksək səviyyədə səsləndirildiyini vurğulayan Leyla Abdullayeva bildirib: “Bir daha təkrar etmək istərdik ki, danışıqlar münaqişənin birbaşa iştirakçıları olan Ermənistan və Azərbaycan arasında aparılır. O ki qaldı Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarına, danışıqların müəyyən mərhələsində əsas tərəflərin razılığı ilə hər iki icmanın nümayəndələri prosesə cəlb oluna bilər. Bu barədə ATƏT-in qərarı ilə tanış olmaq istəyənləri təşkilatın 1992-ci il Helsinki qərarını oxumağa dəvət edirəm.
Beynəlxalq ictimaiyyətin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş əraziləri boşaldıqdan, bu ərazilərdə etnik təmizləməyə məruz qalaraq didərgin salınmış azərbaycanlılar öz evlərinə geri qayıtdıqdan və Dağlıq Qarabağın hər iki icmasının birgə yaşayışı təmin edildikdən sonra Dağlıq Qarabağın statusu məsələsinə baxıla bilər və bu barədə rəsmi Azərbaycanın mövqeyi bəllidir”.
“Təəssüflə qeyd etməliyəm ki, bu gün məhz işğalçı Ermənistan rəhbərliyi bir tərəfdən münaqişənin yalnız sülh yolu ilə həllindən danışır, digər tərəfdən isə azərbaycanlı hərbi qulluqçuların məhv edilməsi əmrini verir.
Sözdə sülhməramlı bəyanatlar verərək, əməldə qanunsuz hərbi işğalı davam etdirən və onu möhkəmləndirməyə çalışan Ermənistanın əsl niyyəti hamıya bəllidir. Ermənistan tərəfi ilk dəfə deyil ki, bu kimi bəhanələrlə danışıqlarda irəliləyişin əldə edilməsinə maneçilik törədir”, – deyə XİN-in mətbuat katibi əlavə edib.