Xocalı soyqırımından 34 il ötür - FOTO
Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin növbəti ildönümüdür.
Rakus.az xəbər verir ki, bu gün Xocalıda törədilən dəhşətli soyqırımından 34 il ötür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum ediblər. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.
Erməni təcavüzkarların Azərbaycan xalqına qarşı törətdikləri növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. Səkkiz ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Soyqırımının törədilməsinə görə Ermənistanın ozamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır.
Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 min nəfərdən artıq adam yaralandı və əlil oldu. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qaldı.

1994-cü ildə ozamankı Prezident Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 Fevral – Xocalı Soyqırımı Günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.
Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə “Ana harayı” adlı abidə ucaldılıb.
Bildirək ki, Heydər Əliyev Fondu Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi və təşkilatçılığı ilə soyqırımı ilə bağlı xüsusi layihə çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar, silsilə tədbirlər, sərgilər, anım mərasimləri keçirilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” kampaniyasının səmərəsi isə ildən-ilə artır. Kampaniyasının səmərəsi isə ildən-ilə artır. Kampaniya çərçivəsində keçirilən tədbirlərdə məqsəd Xocalıdakı cinayətə hüquqi-siyasi qiymətin verilməsinə, bütün dünyanın Xocalı soyqırımını tanımasına nail olmaqdır. Təsadüfi deyil ki, 2012-ci ilin yanvarında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının İndoneziyanın Palembanq şəhərində keçirilən VII sessiyasında 51 ölkənin parlament nümayəndələri Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı kimi tanınması ilə bağlı müvafiq qətnamə qəbul edib.
“Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyası hazırda dünyanın onlarla ölkəsində uğurla həyata keçirilir və faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlib. Hazırda Pakistan, Meksika, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina və s. ölkələrin parlamentləri Xocalı faciəsini soyqırım və Azərbaycana qarşı cinayət aktı kimi tanıyıblar. Bundan əlavə, Xocalı soyqırımı ABŞ-nin onlarla ştatının qanunverici orqanları tərəfindən də tanınıb.

Azərbaycan Xocalı soyqırımının 34-cü ildönümünü artıq başını dik tutaraq yad edir.
2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayında birgünlük lokal xarakterli antiterror əməliyyatında Azərbaycan Ordusunun rəşadəti və qəhrəmanlığı sayəsində tarixi torpaqlarımız, o cümlədən Xocalı rayonu işğaldan azad olundu və 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı ucaldıldı.
Ermənistanın daim mülki əhalini hədəf seçən təxribatlarına və hərbi təcavüzünə cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı.
Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut etdi ki, zamanla metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. 44 gün sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi.
Haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilib, 2008-ci ildən isə bu fəaliyyət “Xocalıya ədalət” beynəlxalq kampaniyası ilə geniş vüsət alıb. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınıb və faciəyə beynəlxalq siyasi qiymət verilib.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xocalının azad edilməsindən sonra oraya səfərləri, sakinlərlə görüşləri zamanı Xocalı soyqırımını heç vaxt unutmayacağımızı bildirib, Xocalını yenidən dirçəldəcəyimizi söyləyiblər.
2024-cü il fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Prezident İlham Əliyev bildirib: “Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik. Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın”.
İndi Xocalıda bərpa-quruculuq işləri aparılır, 2024-cü ilin may ayından etibarən sakinlərin doğma yurdlarına qayıtmasına başlanılıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksi yaradılmasına başlanılıb.
Xocalı getdikcə inkişaf edəcək, çiçəklənəcək, yeni nəsillər daha firavan yaşayacaqlar. Azərbaycan xalqı isə heç bir vaxt Xocalı faciəsini unutmayacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev beynəlxalq səviyyədə keçirilən “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətini nəzərə alaraq, “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” 13 fevral 2014-cü il tarixli sərəncam imzalayıb.
Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman Ordumuz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Ağdərə, Əsgəran, Xocavənd, Xankəndi ilə yanaşı, Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Xocalı şəhərində artıq 144 ailə (651 nəfər) sakin məskunlaşıb. Ümumilikdə isə Xocalı rayonu üzrə (bir şəhər və yeddi kənd) 950 ailə (3 min 916 nəfər) doğma yurduna qayıdıb.
2026-cı il fevralın 5-də isə Bakı Hərbi Məhkəməsinin qərarı ilə Xocalı hadisəsinin törədilməsində təqsirkar bilinən bir qrup Ermənistan vətəndaşına ömürlük və ya 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilib.
Onlar Xocalı hadisəsinin törədilməsində günahkar bilinməklə yanaşı, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə günahkar biliniblər.
44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman Ordumuz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Ağdərə, Əsgəran, Xocavənd, Xankəndi ilə yanaşı, Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.














