Yarım əsrin astasında… - FOTO
Bu yazını yazmağım maraqlı bir vaxta-Belarusyanın paytaxtı Minsk şəhərində keçirilən İkinci Avropa Oyunlarına təsadüf edir. Oxucumuz sual verə bilər ki, qəhrəmanımızla bu mötəbər idman yarışının nə əlaqəsi var? Ancaq onu yaxından tanıyanlar yaxşı bilirlər ki, hazırda Türkiyənin Antalya şəhərində yaşayan həmyerlimiz, qardaş ölkədə Azərbaycan diasporunun fəal üzvlərindən biri, Süleyman Məmmədovun geridə qoyduğu yarım əsrlik ömrünün müxtəlif mərhələlərində idman onun həyatının mərkəzində olub. Yeniyetmə və gənc yaşlarında idmanla müntəzəm məşğul olub, sonradan isə həm vətənimizdə, həm də Türkiyədə bacarıqlı gənc idmançılara dəstək olub, lazım gəldikcə onlara maddi və mənəvi kömək edib. Və hazırda da bu xeyirxah işi davam etdirməkdədir. Mənim idmana, idman jurnalistikasına marağım da xeyli dərəcədə elə onun özü ilə bağlıdır. Belə ki, 10-11 yaşlarımda atamla birlikdə məhz o insan əlimdən tutaraq məni Nizami rayonundakı 13 nömrəli İxtisaslaşmış Olimpiya Uşaq və Gənclər İdman Məktəbinə(İOUGİM)-ə apardı, məni buradakı məşqçi-müəllimlər-Əməkdar məşqçi İbadulla Şahbanov, Vüsal Əhmədovla tanış etdi. İdmanı mənə sevdirdi. Həmin vaxtdan illər ötüb. Mən böyüyüb tələbə olmuşam, onun saçlarına dən düşüb, İbadulla müəllim, Vüsal müəllim neçə-neçə çempionlar yetişdiriblər…
Ötən zaman kəsiyində çox hadisə baş verib əslində. Türkiyədə həm də özünün xeyriyyəçilik fəaliyyəti ilə tanınan Süleyman Məmmədov xeyli insana kömək əlini uzadıb-kimilərinə maddi dəstək göstərib, kimilərinə iş verib, kimilərinə də sadəcə düz yolu göstərib…Düşünürəm ki, yazımızın həcmini nəzərə alaraq onların hər biri haqda məlumat vermək çətin olar. Sadəcə bir faktı qeyd edim: Azərbaycan Milli İdman Oyunları Assosasiyasının prezidenti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının professoru Xanlar Qurbanov da onunla yolu birləşənlər sırasındadır. Bir neçə il əvvəl Süleyman müəllimlə Türkiyədə tanış olublar. İş elə gətirib ki, Süleyman Məmmədov onun da köməyinə çatıb. Bu cür onlarca misal göstərmək olar. Maraqlıdır ki, qarşısına çıxanların əksəriyyəti idmançı və ya idmanla bağlı insanlar olur. Bu, bəlkə də, Süleyman Məmmədovun sözün əsl mənasında sağlam həyat tərzi yaşaması ilə bağlıdır…Qəhrəmanımızın Olimpiya çempinu, cüdoçu Nazim Hüseynovla dostluğu isə daha əvvələ-keçən əsrin 80-ci illlərinə aiddir. Eyni məhəllədə böyüyüb, birlikdə oynayıb, məşq edib, zallarda tər töküblər. Nazim Hüseynov həmin illəri belə xatırlayır: “Süleymanla dostluğumuzun, bəlkə də, 40-dan çox yaşı var. Məhəllədə hamı bilirdi ki, biz bir-birimizə necə yaxınıq. Bir-birimizin evinə gedərdik. Mənim valideynlərim onu, onun da valideynləri məni yaxşı tanıyırdılar. Qonşu məhəllənin uşaqları ilə dalaşanda da, futbol oynayanda da, blokumuzun qarşısında quru çörək yeyəndə də həmişə birlikdə olurduq. Azərbaycan cüdosunun ağsaqqallarından olan Tərlan Həsənov bizim ilk məşqçilərimizdən olub. O da yaxşı bilirdi ki, biz necə möhkəm dostuq.”
Süleyman Məmmədovu yaxından tanıyan dostlarından biri Vüqar Novruzov onu təmkinli, səbirli insan kimi səciyyələndirir: “O, özünün yüksək insani keyfiyyətlərinə görə çoxlarına nümunə ola bilər. Heç vaxt tələsik addımlar atmaz, heç kimin qəlbini qırmaz. Ən əsası isə xeyirxahdır. Təsadüfi deyil ki, mənə doğma qardaş kimi əziz olan Süleyman Məmmədov haqqında onu tanıyan hər kəs xoş fikirdədir. Süleymanla ancaq fəxr etmək olar, xüsusilə də onun xeyirxah əməllərinə görə.”
Süleyman Məmmədovu Azərbaycan idmanında, o cümlədən cüdo aləmində öz sözünü demiş çoxları tanıyır. Yuxarıda adını çəkdiyim məşqçilərim İbadulla Şahbanov, Vüsal Əhmədov da belələrindəndirlər. Tez-tez məndən onu soruşur, işləri barədə xəbər alırlar. Sonuncu dəfə isə daha maraqlı hal yaşandı. Çantam çiynimdə müəlllimlərlə görüşmək üçün zala daxil oldum. İkisi ilə də əl tutdum. Adətən danışmağı sevməyən, dindirməsən heç nə deməyən İbadulla müəllim əli ilə divardakı portreti göstərdi: “Bax, Kənan, Nazim Hüseynovdur. Mən, atan, Süleyman aeroportda onu qarşılayanlar arasındayıq…” Nitqinə bir qədər ara verdikdən sonra “O qədər cavanlıq xatirələrimiz var ki. Onlar, həqiqətən, yaxşı dostdurlar. Süleyman bizə çox kömək olub. Bu idman məktəbinin təmirində öz köməkliyini əsirgəməyib”-bu sözləri eşitdikdən sonra üzümə qeyri-iradi xəfif təbəssüm qonur. Süleyman Məmmədovu, gözümü açandan bəri “əmi” deməkdən yorulmadığım insanı tanıdığıma, məhz onun töviyəsi ilə idman aləminə addım atdığıma görə qürur duydum.
Evə qayıdanda yol boyu öz-özümə düşünürəm ki, görəsən, bu günün mistikası nədən ibarət idi ki, İbadulla müəllim xatirələri yada saldı? Çox keçmir ki, xatırlayıram-Süleyman Məmmədovun ömrünün 50-ci baharı yaxınlaşır…Təbrik edirəm, əziz insan! Sizinlə təkcə mən yox, onlarla gənc fəxr edir.
Kənan Novruzov