Yaşlı deputatlar parlamentə gəlməyəcəklər
Milli Məclisin aprelin 9-da keçiriləcək iclasında yaşı 65-i keçən deputatların əksəriyyəti iştirak etməyəcək.
Rakus.az xəbər verir ki, bu, Azərbaycanda koronavirusla əlaqədar tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədardır.
Deputatlardan Vahid Əhmədov, Eldar İbrahimov, Fəzail Ağamalı, Əli Məsimli, Tahir Rzayev, Ziyad Səmədzadə və digərləri parlamentin iclasına qatılmayacaqlar.
İclasa qatılmayacaq deputatların öz təkliflərini yazılı şəkildə Milli Məclisə təqdim edəcəklər.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Report”a bildirib ki, yaşı 65-dən yuxarı olan deputatlar Azərbaycanda tətbiq olunan karantin rejiminin tələblərinə əməl edəcəklər: “Bu baxımdan mən və yaşı 65-dən çox olan digər həmkarlarım sabahkı iclasda iştirak etməyəcəyik”.
Ümumiyyətlə, Milli Məclisdə yaşı 65 və yuxarı 27 deputat var.
Xatırladaq ki, parlamentin sabahkı iclasında Nazirlər Kabinetinin 2019-cu il üzrə fəaliyyəti barədə hesabatı dinləniləcək. Hesabatı Baş nazir Əli Əsədov təqdim edəcək.