Yaxın Şərqi risklər və təhlükələrdən xilas etmək xətti
Ekspertlər Yaxın Şərqdə daha ciddi geosiyasi mübarizənin başladığı qənaətindədirlər. Xüsusilə Türkiyə ətrafında təhlükəli ssenarilər qurulur. Onu bir neçə istiqamətdən mühasirəyə alıb, sonra xaosa sürükləmək məqsədlərindən bəhs edilir.
Rakus.az xəbər verir ki, hətta müxtəlif qondarma xəritələr belə tərtib edənlər vardır. Onların başlıca məqsədləri müsəlman ölkələrini kiçik hissələrə parçalamaqla bütövlükdə regiona ağalıq etməkdir. Ancaq, deyəsən, həmin dairələrin bir qismi bunun yanlış olduğunu anlamağa başlayıb. Müxtəlif səviyyələrdən eşidilir ki, “Yaxın Şərqə müdaxilə kökündən yanlış idi”. Lakin o da maraqlıdır ki, hələlik geri çəkilən yoxdur. Mübarizə yeni üsullarla davam etdirilir. Daha çox siyasi-diplomatik fəaliyyət üzərində dayanılır. Onun fonunda geosiyasi xarakterli addımlar atılır. Böyük bir ərazidə terror dəhlizi yaratmaq planından da vaz keçilmir. Bütün bunların kontekstində Türkiyənin apardığı geosiyasi mübarizənin bir sıra aspektləri üzərində geniş dayanmağa ehtiyac vardır.
Təhlükəli ssenarilər: Ərdoğanın açıqlamaları işığında
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdə böyük güclərin apardığı geosiyasi oyunların bir sıra məqamlarını açıqlayıb. Onun söylədiklərində bütövlükdə bölgədə vəziyyətin kifayət qədər mürəkkəb və risklərlə dolu olduğu tezisi öz ifadəsini tapıb. Başlıca təhlükələr olaraq Suriya ixtilafı, terrorçuluq, birtərəfli sanksiyalar, Qüdsün statusunun dəyişilməsinə olan cəhdlər göstərilib.
Bu problemlərin çərçivəsində ayrıca Türkiyə faktorunun müəyyən dairələri narahat etdiyini vurğulayan R.T.Ərdoğan, həmin istiqamətdə meydana çıxan məqamların qısa xülasəsini verib. Məlum olur ki, Yaxın Şərqdə geosiyasi oyunların mərkəzinə Türkiyə gətirilməyə çalışılır. Faktiki olaraq, onu bir neçə istiqamətdən mühasirəyə almağa çalışırlar. Bunu İraq, Suriya, Yunanıstan, Balkanlar istiqamətində həmin dairələrin atdıqları addımlar sübut edir. Bundan başqa, onlar açıq surətdə hansısa yeni “xəritə”dən bəhs edirlər. Həmin “xəritə”də müsəlman dövlətləri 3-5 yerə parçalanmış şəkildə göstərilir. Eyni zamanda, parçalanma dayanıqsız, asılı və məzhəb faktoruna görə bir-biri ilə düşmən olan kiçik ərazilərdən ibarət olmalıdır.
Maraqlıdır ki, bu cür vəziyyətin yaranmasında bəzi Yaxın Şərq ölkələrinin də iştirak etməyə çalışdığı haqqında informasiyalar yayılır. Bununla İslam ölkələrini bir-biri ilə qarşıdurmada olan düşərgələrə bölmək niyyəti aydın olur. Bunun kimlərə sərf etdiyi hamıya bəllidir.
Lakin məsələ hazırda elə ciddi səviyyədə özünü göstərir ki, konkret fəaliyyət olmasa, ilk baxışdan absurd təsiri bağışlayan qondarma xəritələr reallaşa bilər. Bu tezisdən çıxış edərək, Ankara bəyan edib ki, hansı planların hazırlandığından xəbərdardır və onu hazırlayanlara “meydan oxuyur”. Bu mövqenin ciddiyyətini daha dərindən dərk etmək üçün son bir neçə ildə Türkiyə ilə bağlı atılan addımlara nəzər salaq.
Əvvəlcə Suriya məsələsində Türkiyəni kənarda saxlamağa çalışdılar. Ancaq Ankaranın Suriyanın daxilində malik olduğu dayaqlar hamının ağlını başına gətirdi. İkinci mərhələdə Türkiyə əsas tərəfdaşlardan biri kimi Suriya problemini həll etməyə dəvət edildi. Lakin paralel olaraq Türkiyəni çətinliyə salmaq planı da işə başladı. Bunun nəticəsi Türkiyənin “Fərat qalxanı” və “Zeytun budağı” adlı iki uğurlu hərbi əməliyyat keçirməsi oldu. Bu hərbi əməliyyatlar kifayət qədər peşəkarlıqla həyata keçirildi və düşmən darmadağın edildi. Onların nəticəsində Türkiyə İraqdan Aralıq dənizinə qədər uzanmalı olan terror dəhlizini iki yerdən qırdı. Bir sıra dairələrin terror qruplaşmalarını İraqdan çıxarıb Aralıq dənizinə daşımaq planları fiaskoya uğradı.
Bundan sonra Qəndildəkiləri fəallaşdırmağa çalışdılar. Bu dəfə hədəfləri İran sərhədindən Aralıq dənizinə qədər uzanan terror dəhlizi yaratmaq oldu. Türkiyə buna cavab olaraq “Pəncə” hərəkatını başladı. İndi həmin hərbi əməliyyatlar böyük uğurla gedir və terrorçular qaçmaqla canlarını qurtarmağa çalışırlar. Bununla Türkiyə həm İraq, həm də İranın təhlükəsizliyi üçün önəm kəsb edən bir hərbi zərbə ilə növbəti planları alt-üst etmiş olur. Hazırda terror dəhlizinin Aralıq dənizi ilə bərabər İran sərhədi hissəsi də bağlanmış haldadır. Qəndildə terrora başçılıq edənlər sağ qalmaq üçün əllərindən gələni edirlər.
Bunların fonunda Ankaranın terrorçuların Qara dəniz qrupunu tamamilə məhv etməsi çox əhəmiyyətli hadisə oldu. Bu olay, faktiki olaraq, terrorun Türkiyəyə yayıla bilməsi potensialını sıfıra endirdi. Üstəlik, adları xüsusi siyahıda olan və başlarına mükafat qoyulan terrorçular bir-bir ələ keçirilir. Bu o deməkdir ki, Türkiyə xüsusi xidmət orqanları xaricdə hazırlanan planları alt-üst etməkdədirlər.
Ancaq indi də ortaya yeni oyun atılır. Onun iki qanadı mövcuddur. Birinci qanad Aralıq dənizində Kıbrıs (Kipr) yaxınlığında Türkiyə üçün problem yaratmaq, konkret olaraq, Türkiyəni oradan təcrid edib, mühasirəyə almaq cəhdidir. Bunun üçün hətta aralarında müsəlman dövlətlərinin də olduğu beynəlxalq koalisiya yaradılıb. Həmin koalisiya Türkiyədən tələb edir ki, Kıbrıs adaları yaxınlığında enerji axtarışları aparmasın. Özləri isə orada axtarış aparıb, enerji daşıyıcıları hasil etməyə çalışırlar.
Ankara buna cavab olaraq, bölgəyə iki neft və qaz kəşfiyyat-axtarış gəmisi göndərib və iş aparır. Əks tərəf ABŞ və Avropa İttifaqını da prosesə cəlb etməyə başlayıb. Amerika və Avropa İttifaqı, faktiki olaraq, Türkiyəyə bölgədən çəkilmək ultimatumunu veriblər. Ankaranın cavabı konkretdir: “Bu tələblərin onun üçün heç bir əhəmiyyəti yoxdur”! Yəni sözü olan meydana çıxsın. Buna isə risk edən hələ tapılmır.
Mühasirə dağılır: Ankaranın cəsarətli addımları
Bununla Türkiyəni dənizdən təcrid etməyə göstərilən cəhdlər də hələlik boşa çıxır. Onların tam aradan qalxdığını demək olmaz. Ancaq aydın görünür ki, Türkiyə çox qətiyyətlidir və ona mane olmaq istəyənlərə sarsıdıcı zərbələr endirmək niyyətindədir. Bu cür vəziyyət proseslərin ikinci qanadı üzrə Suriyanın şimal hissəsində hazırda cərəyan edən hadisələr prizmasından da xeyli təhlükəli görünür. Konkret olaraq, İdlib bölgəsində hərbi təxribatlar törədildi. O cümlədən Türkiyə Silahlı Qüvvələrinin İdlibdə yerləşən hərbi birləşmələrinin müşahidə məntəqəsi raket atəşinə tutuldu. Ankaranın reaksiyası sərt oldu: əgər hücumlar davam etsə, ciddi qarşılıq veriləcək.
Paralel olaraq, İdlibdə yerləşmiş dinc əhalini bombalamağa başladılar. Bəşər Əsədə bağlı hərbi qruplar müxalifətin yerləşdiyi bir neçə məntəqəni kənar dəstəklə ələ keçirdi. Ancaq sonradan müxalif güclər şiddətli hücumla rejim qüvvələrinə ağır zərbələr vurub onları geri çəkilməyə məcbur etdilər.
Lakin təcrübə göstərir ki, iş bununla bitməyib. İndi Yaxın Şərqin iki müsəlman ölkəsi Suriyanın PYD/YPG-nin nəzarətində olan hissəsinə nümayəndələr göndərərək, əşirət rəhbərlərini Türkiyə ilə münasibət qurmamağa çağırırlar. Bununla onlar Yaxın Şərqin yad ssenarilər üzrə parçalanması planına xidmət etdiklərini göstərirlər. Lakin yerli ərəblər Türkiyəyə çox isti münasibətdədir və Ankaranı onları xilas etməyə səsləyirlər.
Beləliklə, hazırda Türkiyə üçün ən önəmli məsələ Qəndil-Sincar-Kərkük-Münbic-Tel Rifat-Kobani xəttində terror dəhlizini dağıdıb, sabitlik yaratmaqdan ibarətdir. Buna nail olunsa, onda İran sərhədindən tutmuş Aralıq dənizinə qədər geniş bir ərazidə terror zonası yaratmaq istəyənlərin bütün planları iflasa uğramış olar. Onlar üçün bu dəhlizin strateji əhəmiyyəti çox böyükdür. Çünki faktiki şəkildə uzaq Çin və Rusiyaya qədər geniş bir ərazidə terroru sürətli, səmərəli və təhlükəsiz yolla “bəsləmək” imkanı əldə edirlər. Türkiyə terror dəhlizini dağıtmaqla əslində Avrasiyanı terrordan xilas etmiş olur. Yəni məsələ ancaq Türkiyə, İraq və İranla məhdudlaşmır.
Əlbəttə, düşmən dairələr yalnız terror metodundan istifadə etmirlər. Onlar daxildə hakimiyyətin qeyri-legitimliyinə nail olmaq üçün ona qarşı çirkin kampaniyalar təşkil edir, təxribatlar törədir, seçkilərə müdaxilə etməyə çalışırlar. Türkiyə dövlət olaraq bu cəbhədə də böyük mübarizə aparır. Hələlik düşmənlərin bütün planları alt-üst olur. İstanbul bələdiyyəsinə seçkilərin sakit, demokratik və şəffaf keçməsi bu baxımdan olduqca vacibdir. Bu seçki türk demokratiyasının təntənəsinə çevriləcək!
Bütün bunlar açıq göstərir ki, Türkiyə tarixi və strateji bir mübarizə aparır. Türkiyənin qələbəsi haqqın, ədalətin, demokratiyanın, müstəqil dövlətçiliyin qələbəsi olacaq. Onun müsbət təsiri qonşu regionlara, o cümlədən Qafqaza da yayılacaq. Burada mövcud olan münaqişələrin ədalətli həlli üçün əlavə şanslar meydana gələcək. Və Rusiya ilə birgə həmin münaqişələri həll etmək üçün tarixi bir fürsət yaranacaq. Sirr deyil ki, erməni terroru hələ də bütün Cənubi Qafqaz üçün bir təhdid mənbəyi olaraq qalır. Onun aradan qaldırılması bütün regiona sülh, barış və əməkdaşlıq gətirəcək. Bundan faydalananlar sırasında erməni xalqı da ola bilər.
Türkiyənin apardığı böyük geosiyasi mübarizənin necə nəticələnəcəyini indidən demək çətindir. Çünki müasir geosiyasi dinamika olduqca mürəkkəb şərtlər daxilində formalaşır. Onun qeyri-müəyyənliyi, riskliliyi istisna deyil. Lakin bu, bir şərəf yoludur. Onu getmək zəruridir.
Newtimes.az