Yeni İran, yeni İsrail, yeni Yaxın Şərqə doğru – TƏHLİL
İsrail hökuməti təhlükəsizliklə bağlı bir il əvvəl elan etdiyi əməliyyatı davam etdirir. Ötən gün İsrail Müdafiə Ordusunun (SAXAL) Qəzza zolağında keçirdiyi əməliyyat nəticəsində HƏMAS Siyasi Bürosunun baş katibi Yəhya əl-Sinvar və daha üç nəfər ölüb. Onu hazırda Türkiyədə olduğu iddia edilən Xaled Məşəlin əvəzləyəcəyi ehtimal edilir. Məlumatlara əsasən, İsrail gücləri onu da aradan götürə bilərlər.
Belə ehtimal etmək olar ki, Tehran yönümlü qüvvələrin, yaxud HƏMAS və Livan “Hizbullah”ı başçılarının öldürülməsi əməliyyatı İran İnqilab Keşikçiləri Qvardiyası Qüds qoşunlarının komandanı general Qasım Süleymaninin qətli ilə başlayır.
Bu il HƏMAS liderləri – İsmayıl Həniyə, Yəhya əl-Sinvar, HƏMAS Siyasi bürosu sədrinin müavini – Saleh əl-Aruri, “İzəddin əl Qassam” briqadasının komandirləri Samir Fendi, Əzzam əl-Akra “Hizbullah” lideri Həsən, Nəsrullah, “hərəkat” komandirləri – Məhəmməd Əli İsmayıl, Hüseyn Əhməd İsmayıl, Hüseyn Avad və başqaları öldürülüb.
HƏMAS, “Hizbullah” kimi qruplaşmaların liderlərinin sıradan çıxarılması İsrailin başlatdığı əməliyyatın başlıca hədəflərindəndir.
Hələ əməliyyatlara yenicə başlayanda yəhudi dövlətinin müdafiə naziri Yoav Qalant HƏMAS-a qarşı müharibəni üç mərhələdə aparacaqlarını bildirmişdi:
– ikinci mərhələ müqavimət ocaqlarını məhv etmək;
– üçüncü mərhələ Qəzza zolağında yeni təhlükəsizlik rejiminin yaradılması, onun gündəlik həyatına görə məsuliyyətin İsrailin üzərindən götürülməsi, İsrail xalqının təhlükəsizliyi ilə bağlı yeni reallığın yaradılması.
İsrail hökuməti bu mərhələlər üzrə əməliyyatları reallaşdırır. İndiki hadisələrə əsasən, belə zənn etmək olar ki, ötən illərdə baş verən silahlı qarşıdurmalarda liderlərin öldürülməsi taktikası vacib sayılmırmış. İndi isə bu, başlıca hədəfdir. İsrail təhlükəsizliyinə mane olacaq bütün qanunsuz silahlı birləşmələri, dəstələri, onların liderlərini məhv edəcəklərini qarşısına məqsəd qoyub. Öldürülənlərin siyahısına diqqət edildikdə, bu hədəfin çoxuna nail olunduğu qənaətinə gəlmək də mümkündür.
Görünən odur ki, İsraillə danışıqlara qarşı çıxıb, İran hakimiyyətinin “İsrail dünyanın siyasi xəritəsindən silinməlidir”, “İsrailə ölüm!” prinsip və şüarını müdafiə edənlər, bu istiqamətdə Tehranla bir addımlayanlar, sülh və danışıqdan imtina edənlər öldürülür, zərərsizləşdirilir. İsmayıl Həniyənin də “İsraillə danışıqlar tərəfdarı olduğu üçün” öldürüldüyü iddia olunur. Belə çıxır, İran hakimiyyəti ilə razılaşmayanlarla yanaşı, İsraillə müharibə tərəfdarları da sıradan çıxarılır.
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında sülh üçün üç şərt irəli sürmüşdü: Fələstin cəmiyyətinin radikallığının aradan qalxması (İsrailə qarşı düşmənlikdən əl çəkilməsini nəzərdə tutur-red.), Qəzza zolağının silahsızlaşdırılması, HƏMAS qurplaşmasının məhv edilməsi.
Baş nazir təklif edib ki, Fələstin cəmiyyəti müharibədən sonrakı Almaniya və Yaponiyadan nümunə götürərək dəyişməlidir.
Münaqişənin həlli ilə bağlı Səudiyyə Ərəbistanı da bir neçə ay öncə sülh planı təklif etmişdi. Həmin sənədə əsasən, HƏMAS zolaqdan Əlcəzairə təxliyə edilir, HƏMAS, “İslami-cihad” və Fəth-i özündə birləşdirən keçid şurası yaradılır. Fələstində prezident və parlament seçkilərinin keçirilməsi üçün şura dörd illiyə regional məsul şəxsləri təyin edir. Qəzza zolağında BMT-nin mandatı altında ərəblərin sülhməramlı kontingentinin yerləşdirilməsi də təklif paketində yer alıb.
İran da paysız qalmır. Səudiyyə Ərəbistanı İrana əməkdaşlıq təklif edib. Məlumata görə, sanksiyalardan ziyan görən İran iqtisadiyyatına krallıq sərmayə qoymağı öhdəsinə götürür. Bunun qarşılığında Tehran İsraillə HƏMAS arasında hərbi əməliyyatların genişlənməsinə imkan vermir.
Yəhya əl-Sinvarın ölümü ilə HƏMAS-ın Qəzza zolağında fəaliyyətinə son qoyulur.
B.Netanyahu bildirib ki, HƏMAS daha Qəzzanı idarə etməyəcək: “Bu, HƏMAS-dan sonrakı günün başlanğıcıdır”.
Bu günlərdə ABŞ-nin dövlət katibi Antoni Blinken zolaqda atəşkəs haqqında razılaşmanın 90 faizinin hazır olduğunu bildirib. Sinvarın ölümü anlaşmanın başa çatmasına və israilli girovların qaytarılmasına imkan yaradar.
Belə görünür, HƏMAS və “Hizbullah” liderlərinin öldürülməsi taktikası tərəflərin işinə yarayır. Çünki İranda da bu kimi təşkilatların maliyyələşdirilməsinə narazılıq edirdilər. Digər tərəfdə isə sanksiyalar ölkə iqtisadiyyatını ağır vəziyyətə salıb. Tətbiq edilən qadağalar səbəbindən Tehranın regional proksiləri, o cümlədən “Hizbullah” və HƏMAS-ı maliyyələşdirməsində də çətinliklərin yarandığına dair məlumatlar da yayılıb. Belə ehtimal etmək olar ki, bu qüvvələrin zərərsizləşdirilməsi dolayı da olsa İranın da marağını təmin edir. Çünki İran hakimiyyəti Həsən Nəsrullaha görə İsrailə hücum etmədi. Çox güman ki, Yəhya əl-Sinvarla bağlı da rəsmi Tehran bəyanatla kifayətlənəcək.
İran BMT TŞ-nin 1701 saylı qətnaməsinin icrasının tərəfdarı olduğunu gizlətmir. Həmin sənəd 2006-cı ildə qəbul olunub. O, İsrail – “Hizbullah” müharibəsinin dayanmasına çağırırdı. Qətnaməyə görə, İsrail Livanın cənubundan qoşunlarını çıxarır, onun yerinə Livan ordusu daxil olur. “Hizbullah” tamamilə tərksilah edilir.
Bu da Livandakı iranyönlü silahlı qruplaşmanın aqibətinin yaxınlaşdığını göstərir. Tehran “Hizbullah”ın yaradılmasında əli olmadığını bildirməklə ona gələcəkdə dəstək verməyəcəyinin də siqnalını verib. Bu qruplaşmaya başçının hələ də seçilməməsi “Hizbullah”ın da 42 illik dövrünün başa çatacağından, təşkilatın “sındırıldığından” xəbər verir.
Sovetlər dağıldıqdan sonra beynəlxalq güclərin bir-biri ilə rəqabəti də azalıb. Həm də bu ziddiyyətləri yaradan amillər ya sıradan çıxıb, ya da Rusiya, ÇİN və İran tərəfindən zəif şəkildə dəstəklənir, müdafiə olunur.
İrandakı mövcud sistemin hakimiyyətə gətirilməsi, onun İsrailə qarşı qoyulması da həmin ziddiyyətin törəməsidir. Deməli, Yaxın Şərqdə iki ölkənin bir-birinə qarşı düşmənliyi köhnə geosiyasi strategiyadan qaynaqlanır. İndi sovetlər yoxdur. Tehran ənənəvi Qərblə yaxınlaşmaq niyyətindədir. Bunu İran Prezidenti Məsud Pezeşkian dəfələrlə vurğulayıb. Onun belə strateji açıqlamaları özbaşına vermədiyini nəzərə alsaq, həmin fikirlərin həm də ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xamənei və ali rəhbərliyin adından verildiyi qənaətinə gəlmək olar.
Bu yerdə qeyd edək ki, Rusiya və Çin bəhs etdiyimiz məsələdə maraqları idarə etməkdə çətinlik çəkir. Belə bir şəraitdə yenilənməyə, yeni baxışlar sistemi yaratmağa ehtiyac duyulur.
Odur ki, bu hadisələrdən Yeni yaxın Şərq, yeni İsrail, yeni İran doğulacağını, yeni münasibətlər sisteminin yaranacağını ehtimal etmək olar.
“Ərəb inqilabı” regionda ciddi dəyişikliklərin yaranmasına nail ola bilmədi. Ancaq İsrail və İranın bir-birinə mümkün yeni yanaşması ərəb monarxlarının da yeni sistemə uyğunlaşacağını ehtimal etməyə əsas verir. Odur ki, yaxın illərdə dünya ictimaiyyətinin Yaxın Şərqdə yeni sürpriz hadisələrə şahidlik edəcəyini proqnozlaşdırmaq da mümkündür.
Sədrəddin Soltan – “Report”