Yeniyetmə güləşçimiz dünya çempionu oldu
Rakus.az Azərbaycan Güləş Federasiyasının saytına istinadla xəbər verir ki, yarışda 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçilər mübarizə aparıb.
Güləşçimiz Cəbrayıl Hacıyev (65 kiloqram) ilk görüşündə türk rəqibini çətinlik çəkmədən məğlub edib – 11:5. Avropa Gənclər Olimpiya Festivalının çempionu sonra iranlı pəhləvanla qarşılaşmadan qalib ayrılıb. Yapon güləşçini də mübarizədən kənarlaşdıran Cəbrayıl yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında C.Hacıyevin rəqibi Gürcüstan təmsilçisi olub. Festivalda tam üstünlüklə qalib gəldiyi rəqibin ciddi müqaviməti ilə üzləşən yığmamızın üzvü hesabda 2:6 geridə olsa da, əzmkarlıq nümayiş etdirərək son saniyələrdə icra etdiyi uğurlu fəndlərlə adını finala yazdırmağı bacarıb. C.Hacıyev həlledici görüşdə festivalın finalında məğlub etdiyi Rusiya idmançısıyla qarşılaşıb və Bakıdakı ssenari təkrarlanıb. Yenə hesabda geriyə düşən yığmamızın üzvü 6:4 hesablı əzmkar qələbə qazanaraq dünya çempionu olub.