Siyasi 04.06.2019 02:23

Yubiley sammiti: Aİİ-nin daxili problemləri və xarici əlaqələri

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Avrasiya İqtisadi İttifaqının (Aİİ) beş illiyinə həsr edilmiş yubiley sammitinin keçirilməsinin əsası vardı. Məhz bu ölkənin birinci Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə beş il əvvəl Aİİ-nin yaradılması haqqında müqavilə imzalanıb.

Təşkilatın yaradılmasından iyirmi il öncə isə Qazaxıstan lideri Avrasiya məkanında inteqrasiya proseslərinə başlamaqla bağlı ideya irəli sürmüşdü. Deməli, bu prosesdə N.Nazarbayevin xidmətləri əvəzsizdir. Bu səbəbdən yubiley tədbirinin Qazaxıstanda təşkil edilməsi həm də rəmzi məna daşıyır. Sammitdə kifayət qədər aktual məsələlər müzakirə edilib. Aydın olub ki, üzv dövlətlər arasında bir sıra məsələlər üzrə fikir ayrılığı qalmaqdadır. Bu, daha çox daxili məsələlərə aiddir. Təşkilatın xarici əlaqələri ilə bağlı isə fikir birliyi mövcuddur. Bu tezisdən çıxış edərək iştirakçılar müəyyən təkliflər irəli sürüblər. Bütövlükdə tədbirdə müzakirə olunan məsələlərin geosiyasi aspektdə təhlilinə ehtiyac olduğunu düşünürük.

Paşinyan yenə pərt oldu: uğursuz sədrlik

Avrasiya İqtisadi İttifaqının beşinci ildönümü münasibətilə tədbirlərin Qazaxıstanın paytaxtında keçirilməsi, əslində, rəmzi məna daşıyırdı. Bununla iştirakçılar təşkilatın yaradılmasının təşəbbüskarı olan Nursultan Nazarbayevə hörmət və ehtiramlarını ifadə ediblər. Tarixin istehzasıdır ki, həmin tədbiri rotasiya qaydasına görə Ermənistanın baş naziri Nikol Paşinyan aparmalı oldu. Bu siyasətçiləri nüfuzlarına görə müqayisə etmək belə mümkün deyil. Bundan başqa, N.Paşinyan nəinki Aİİ-yə heç bir xidmət göstərməyib, hətta içdən onun əleyhinə olan adamdır. Onun təbirin gedişində təşkilatla bağlı ifadə etdiyi ironik fikirlər də təsadüfi görünmür. Hətta bir epizodda N.Nazarbayevi bu ideyanı ortaya atmaqda dolayısı ilə ittiham etməyə də çalışıb. Qazaxıstanın keçmiş Prezidenti isə təmkinlə ona iki ölkə arasında münasibətlərin normal olduğunu xatırladıb, başqa sözlə, “özünü təmkinli apar” deyib.

Maraqlıdır ki, Rusiya Prezidenti Vladimir Putin N.Paşinyanla ayaqüstü belə söhbət etməyib. Ancaq erməni mətbuatı yazırdı ki, baş nazir V.Putinlə payıza qədər iki dəfə görüşmək fikrindədir. Onların biri Rusiyada, digəri isə Aİİ-nin sammiti çərçivəsində olmalıdır. Hər nə isə Rusiya Prezidenti bu dəfə də N.Paşinyana yerini göstərib.

Yubiley sammitində N.Nazarbayev Aİİ-də göstərdikləri xidmətlərinə görə Rusiya, Belarus və Qırğızıstan prezidentlərinə öz adını daşıyan ordenlər verib. Mükafatı şəxsən özü təqdim edib. N.Paşinyan ona medal verilmədiyinə görə küsüb və vaxtından tez İrəvana qayıdıb. Ekspertlər N.Paşinyana qarşı bu davranışı onun Aİİ-də xidmətlərinin olmaması ilə əlaqələndirirlər. Ancaq Qırğızıstan Prezidenti də elə bir fəaliyyətilə fərqlənməyib, lakin o, mükafatlandırılıb. Deməli, əsas səbəb N.Paşinyanın hörmətinin olmamasıdır.

Belarus Prezidenti Aleksandr Lukaşenko adəti üzrə təşkilatın çatışmazlıqlarından bəhs edib. O, Aİİ daxilində qəbul olunan qərarların tam yerinə yetirilmədiyini və ticarətdə proteksionizmin olduğunu vurğulayıb, buna misal kimi bir sıra məhsullara qadağaları göstərib. Bütövlükdə isə Aİİ-nin uğurlu fəaliyyət göstərdiyini deyib.

Bütün bunların fonunda Aİİ-nin yubiley sammitində hansı məsələlərin müzakirə edildiyi və qərarlarda nələrin nəzərdə tutulduğu geosiyasi baxımdan maraqlı görünür. Yubiley sammiti daha çox təşkilatın xarici əlaqələrinə həsr edilib. Bir sıra dövlətlərlə, məsələn, İran, Hindistan, Çin, Sinqapur, Vyetnam və digərləri ilə əlaqələrdən bəhs edilib. Moldova Prezidenti müşahidəçi qismində iştirak etsə də, bu ölkənin üzvlük məsələsinə baxılmayıb. Güman edilirdi ki, Moldova təşkilata üzv seçiləcək.

Bunun əvəzində N.Paşinyan Sinqapurdan danışıb. Sinqapur son reytinq cədvəlində ən dayanıqlı iqtisadiyyata malik ölkə kimi göstərilib. Aİİ-nin onunla əlaqələr qurmaq niyyəti maraq doğurur. Bundan başqa, N.Paşinyanın iyulda Sinqapura səfəri gözlənilir. Yəni Moldova yerinə erməni nazirin Sinqapurdan danışması səbəbsiz deyilmiş. Bütövlükdə Aİİ-nin daxili problemlərindən deyil, daha çox xarici əlaqələrdən danışılması təsadüfi görünmür.

Məsələ ondan ibarətdir ki, bu təşkilata daxil olan ölkələr arasında hələ sözün əsl mənasında inteqrasiya yaranmayıb. Düzdür, ticarət dövriyyəsi artıb. Müəyyən inteqrasiya layihələri hazırlanır. Məsələn, Aİİ məkanında vahid təqaüd və ya vahid mobil əlaqə sisteminin yaradılması üzərində iş gedir. Bunlar fərdlərin sosial vəziyyətinə təsir göstərə bilər. Ancaq söhbət ciddi iddiaları olan regional bir təşkilatdan gedirsə, bu kimi addımlar həlledici deyil.

Təşkilatın gələcəyi: çətinliklər və ümidlər

Bütövlükdə Aİİ rəqabətə davamlı, çevik, daxilən ziddiyyətsiz bir təşkilat olmalıdır ki, əhatə etdiyi məkanda real inteqrasiya prosesi getsin. Bu aspektdə N.Paşinyanın Aİİ-nin bu il heç olmasa iki xarici dövlətlə müqavilə imzalaya biləcəyini uğurlu hal sayması diqqətdən qaçmayıb. Bu istehzanın nəticəsini zaman göstərəcək.

Bunlar onu göstərir ki, Aİİ-də daha çox xarici əlaqələrdən bəhs edilməsi geosiyasi məqsədə xidmət edir. Belə görünür ki, Rusiya qlobal geosiyasi proseslərdə öz çəkisini artırmaq və cazibə mərkəzlərindən biri olduğunu nümayiş etdirmək üçün uzağa gedən proqramları qabardır. Məlumdur ki, dünya miqyasında indi ən nüfuzlu və perspektivli inteqrasiya formatı “Bir kəmər, bir yol” layihəsi sayılır. Artıq 150-dən çox ölkə onda iştirak etməyə maraq göstərib. Bunun fonunda Aİİ-də heç olmasa iki ölkə ilə əməkdaşlıqdan bəhs etmək xeyli gülünc görünür.

N.Nazarbayev də sammitdə əsas olaraq “Bir kəmər, bir yol” layihəsindən danışıb. Aİİ-nin perspektivini həmin layihədə iştirak edib-etməməsi ilə əlaqələndirib. Bununla aydın olur ki, Aİİ-nin təşəbbüskarları belə dolayısı ilə etiraf edirlər ki, Çinin inteqrasiya modeli Avrasiyaya daha çox uyğun gəlir. Onda bəs Aİİ nəyə lazımdır? Üstəlik, bu təşkilata daxil olmaq istəyən yoxdursa, o, kimə gərəkdir? Məsələn, Moldova Prezidenti İqor Dodonu ölkə parlamenti Aİİ-yə daxil olmaq planına görə çox incidir. İndi orada ixtilaf böyüyüb və hətta İ.Dodonun impiçmenti ilə nəticələnə bilər.

Belə çıxır ki, Aİİ-ni perspektivli inteqrasiya formatı kimi qəbul edən çox azdır. Heç şübhəsiz ki, burada təşkilata daxil olan ölkələrin iqtisadi gücünün elə də böyük olmadığını da nəzərə almaq lazımdır. Onların əksəriyyətinin yardıma ehtiyacı var. Elə Belarusun davası da bir cəhətdən bu aspektlə bağlıdır. Minsk hesab edir ki, təşkilatda nəinki inteqrasiya prosesi getmir, hətta əksinə, bir sıra üzv dövlətlərdən digərlərinə qarşı istifadə etməyə çalışırlar. Belarus Prezidenti Rusiyanın adını çəkir və belə müttəfiqliyin gələcəyinin olmadığını vurğulayır.

Bu kimi faktorlara görə Aİİ-nin geosiyasi inteqrasiya məkanı kimi elə də cazibədar olmadığı qənaəti əldə edilir. Buna görə də hansısa addımlar atılmalıdır ki, bu təəssürat dağılsın. Uzaq Sinqapur bu keyfiyyətdə maraqlı obyektdir. O, həm iqtisadi dayanıqlığı baxımından ən güclü, həm də sürətlə inkişaf edən ölkədir. Üstəlik, Aİİ-dən kifayət qədər uzaq məsafədə yerləşir. Onunla hər hansı real əlaqə təşkilatın “əlinin uzun olması” təəssüratını yarada bilər.

Bu məqam Aİİ-nin yaxın illərdə daha çox geosiyasi maraqlar naminə fəaliyyət göstərəcəyi anlamını verirmi? Bu proqnozu vermək riskli olardı. Əlbəttə, geosiyasi mübarizənin kəskinləşməsi istər-istəməz Aİİ-ni də meydana çəkir. Bir tərəfdən ABŞ-ın siyasəti, digər tərəfdən isə Avropa İttifaqının fəallığını artırmaq planları və nəhayət, Çinin inteqrasiya layihəsi ciddi rəqabət mühiti yaradır. Onların içində hələlik ən zəifi Aİİ-dir. Bu səbəbdən Aİİ-nin geosiyasi mübarizə meydanına çəkilməsi xeyli ehtimallıdır.

Bununla yanaşı, Aİİ üçün təhlükəsizlik məsələsinin həll edilməsi də zəruridir. Onun daxilində münaqişələr mövcuddur. Bundan başqa, Ermənistanın təcavüzkar siyasəti nəticəsində yaradılmış Dağlıq Qarabağ probleminin hələ də aradan qaldırılmaması ciddi risklər meydana gətirir. O cümlədən Aİİ-nin də daxil olduğu məkanda təhlükəsizliyi təhdid edir. Təsadüfi deyil ki, erməni siyasətçiləri, ekspertləri və hərbçiləri tez-tez Azərbaycana qarşı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi imkanlarından istifadə edə biləcəklərini dilə gətirirlər. Lakin bu məsələnin asan olmadığı hamıya məlumdur. Bununla da Ermənistanla təşkilatın digər üzvləri arasında fikir ayrılığı hələ də qalmaqdadır.

Aİİ daxilində başqa intriqalar da vardır. Onların həll edilməsi zəruriliyi dərk edilir, lakin onların həlli mexanizmi yoxdur. Bununla yanaşı, təşkilat daxilində iqtisadi əlaqələrin inkişaf etdirilməsinə də böyük diqqət ayrılmalıdır. Çünki iqtisadi aspekt aparıcı olmaqla insanların rifah halı ilə birbaşa əlaqəlidir. Bu vəzifənin öhdəsindən təşkilatın necə gələcəyi aydın deyil. Xüsusilə Amerikanın sanksiyalarının getdikcə daha da gücləndiyi bir şəraitdə bu istiqamətdə tərəddüdlər az deyil.

Beləliklə, Aİİ-nin yubiley sammiti təşkilatın perspektivi ilə bağlı konkret fikir söyləməyə əsas vermir. Orada daha çox yadda qalan N.Nazarbayevin mükafatları və Sinqapur məsələsi olub. Mükafat keçmiş xidmətlə bağlıdır, Sinqapur isə… çox uzaqdadır.

Newtimes.az

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO