“Zəngi mahalı adı saxtalaşdırılaraq Zəngəzur adlandırılıb” - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında veriliş hazırlanıb.
Rakus.az xəbər verir ki, verilişdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İlhami Cəfərsoy Urartu dili haqqında danışıb.
O bildirib ki, Urartu dili qədim türklərin izləridir: “Urartu erməni, yox, türk dövlətidir. Urartu yazılarında gizlənən türk sözləri var. Tarixdən həqiqətlər silinib. Urartu mənbələrində Kür və Araz çay adlarının əsl mənşəyi göstərilir. Urartu mixi yazılarında Ulduz, Ay, Günəş türk semantikasının sübutudur”.
Onun sözlərinə görə, Zəngəzur adı uydurmadır: “Qədim xəritələrdə bu sirr açılır. Zəngi mahalı adı saxtalaşdırılaraq Zəngəzur adlandırılıb. Van, Araz, Kür qədim türk nəsillərinin coğrafiyasıdır. Qafqaz sadəcə dağ deyil, qədim Ttrk xalqının adıdır”.
Professor İtaliyanın Qafqaz şəhərində kimlərin yaşamasından, azərbaycanlıların Troyadan İtaliyaya uzanan qədim köç marşrutundan, Siciliyada Karaman şəhəri və türklərin unudulmuş izindən, Durna şəhəri və Alban irsi, İtaliyanın türk qatlarından, İspaniyada Kür nəsli və Azərbaycanla bağlı elmi möcüzədən söz açıb.
İ.Cəfərsoy Van gölü ətrafındakı sirrə, Urartunun əsl sahiblərinin kim olduğuna, “qədim erməni mənbələrində ermənicə söz niyə yoxdur”, eləcə də “ermənilər niyə akademik Marın adını lənətləyirdi” suallarına aydınlıq gətirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş noyabrın 12-də saat 19:00-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.















