Separatçılar arasında artan gərginlik – işğalçılığı təsdiqlənən Ermənistan – TƏHLİL - FOTO
Nikol Paşinyan hökumətinin iş adamlarının ovuna çıxması, onları “bizimkilərə” və “onlara” bölməsi artıq etirazlar yaradır. Məsələn, iş adamı Mqer Sedrakyana qarşı ittiham irəli sürülüb. Ancaq Samvel Aleksanyan adlı başqa bir iş adamı üçün növbəti güzəşt tətbiq edilir. Ermənistan KİV-i onu “hökumətin sevimlisi” adlandırır. Müxalifət nümayəndələri isə ölkədə sosial-iqtisadi vəziyyətin ağır olması ilə bağlı çıxışlar edirlər.
Bu günlərdə Paşinyan Tavuş vilayətinin Azərbaycanla sərhədyanı kəndlərinə səfər edib. O, əhalinin üzləşdiyi ağır sosial problemlərin həllindən, bu istiqamətdə görülən işlərdən danışmaqdansa, sakinlərə “ruhani dərsi” keçib: “Əsas məsələ dolanışığın deyil, ruhun kasıb olmamasıdır. Qalib xalq qalib yaşamağa başlamalıdır. Bu masanın və ciblərin dolu olması bağlı deyil”.
Ermənistanda hakimiyyətin bölüşdürülməsi sahəsində də problem həllini tapmayıb. Baş nazir Nikol Paşinyanla prezident Armen Sarkisyan arasında nüfuz mübarizəsi davam edir. Konstitusiya Məhkəməsi sədrliyinə prezidentin irəli sürdüyü namizədin paşinyançı parlament tərəfindən qəbul edilməməsi buna əyani sübutdur.
Yerevandakı gərginlik özünü Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində separatçıların başçıları arasında da göstərir. Silah qaçaqmalçılığına görə əvvəllər azadlıqdan məhrum edilmiş Samvel Babayan (“təhlükəsizlik şurasının katibi”) bölgədəki “lderinin” nəzarətindən çıxır. Eləcə də Masis Mailyan (“XİN başçısı”), “hərbçilərin komandirləri” hər kəs öz oyununu oynayır. Babayanla Mailyan arasında ədavət çoxdan var. Sonuncu “seçki” adlı qurama tədbirdə Samvel Masisi dəstəkləməkdən imtina etmişdi. İkinci bu heyfi onda qoymaq istəmir. Ona görə də yeri düşən kimi Babayanın gözdən düşməsi üçün ən adi hadisədən istifadə edir. “Hərbçilərin komandirləri” isə birmənalı olaraq Yerevana bağlı qüvvə sayılmır. Separatçıların başçısı Araik Arutyunyan Yerevanla Moskva arasında vurnuxur.
Yeri gəlmişkən, bir müddət əvvəl Qarabağdakı erməni icması arasında rus dilinin tədris saatının artırılması barədə məlumat yayılmışdı. Paşinyan və komandası işğal altında olan torpaqlar özünü hakim kimi göstərməyə, münasibətlərdə isə separatçıları “tərəf olaraq” təqdim etməyə səy edir. Separatçıların başçılarının hərəsinin müxtəlif havaya oynaması rəsmi Yerevanın iddia və istəklərini kölgədə qoyur. Qarabağda bu dəstənin öz arasında münaqişəsindən Ermənistan hakimiyyətinin narahat olmasına dair məlumatlar yayılıb. Xəbərdə bildirilib ki, Babayan Ermənistanla “Qarabağ” arasında “qarşılıqlı hərbi yardıma dair” “müqavilənin” “bağlanmasına qarşı çıxıb”. O, Qarabağdakı erməni icmasının gəncləri ilə görüşdə bildirib: “Biz kiminlə hərbi ittifaqa dair müaqavilə imzalayırıq? Burada nə var, hamısı erməni ordusunundur. Nədir, Ermənistan öz-özü ilə müqavilə imzalayır?” Bu xəbər Qarabağda ermənicə KİV-də yayılıb. Ancaq Ermənistandan zəng edildikdən sonra xəbər bütün informasiya vasitələrindən yığışdırılıb.
Əslində Samvel Babayanın bu bəyanatı Ermənistanın, onların himayədarları və havadarlarının Qarabağdakı “müdafiə qüvvələri” barədə uydurmaları dağıdır. Bununla da işğal altında olan Azərbaycan torpaqlarındakı bütün hərbçilərin və texnikanın Ermənistana məxsus olduğu bir daha təsdiqlənir. Samvel bununla həm də Ermənistanın işğalçı olduğunu da bəyan edib.
Beləliklə, Nikol Paşinyanın, arvadı Anna Akopyanın, Armen Sarkisyanın Qarabağa səfərləri heç də rəsmi Yerevanın separatçılar arasında böyük nüfuzunun olması demək deyil. Bu, heç Qarabağı işğal altında Ermənistanın saxladığı anlamına da gəlməz. Belə davranış ermənilərin daha böyük faciələrə sürüklənəcəyindən xəbər verir.
…Hadisələrə əsasən belə qənaətə gəlmək olar ki, Qarabağda separatçılar arasında ciddi fikir ayrılığı var, Yerevan isə bunun öhdəsindən gəlməkdə çətinlik çəkir.
Sədrəddin Soltan – “Report”