Bu Milli Məclisin tarixində ilk haldır – Aydın Hüseynov
“Məlum olduğu kimi, Milli Məclisdə satınalmaların həyata keçirilməsi üçün açıq tender elan edilib. Satınalmaların açıq tender vasitəsilə həyata keçirilməsi parlametimizin tarixində ilk haldır. Bu, Milli Məclis tərəfindən son dövrlərdə həyata keçirilən islahatların tərkib hissəsi kimi qiymətləndirilə bilər”.
Rakus.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, parlamentimiz iqtisadi proseslərdə tətbiq edilən müasir texnologiyalara, qabaqcıl innovativ alətlərə və dünya təcrübəsinə geniş yer verməkdədir: “Ölkəmizdə iqtisadi islahatların dərinləşdiyi bir dövrdə Milli Məclisin belə bir nümunəvi addım atmaqla şəffaflığın və azad rəqabətin təmin edilməsinə xüsusi önəm verdiyini göstərir, satınalmalar sahəsində olduqca açıq və şəffaf dövlət qurumu olduğunü nümayiş etdirir. Bu, son aylar ərzində Milli Məclisin fəaliyyətinin səmərəliliyinin artırılması və ölkəmizdə həyata keçirilən hərtərəfli islahatlar strategiyasına uyğun olaraq bütün strukturlarında davam etdirilən instisional islahatların tərkib hissəsi kimi dəyərləndirilə bilər”.
A.Hüseynov onu da qeyd edib ki, Milli Məclisdə bir müddət “Dövlət satınalmaları haqqında” qanun qəbul edilib və parlament sözügedən qanunun tətbiqinə riayət edərək aparıcı və nümunəvi rol oynamaqla iqtisadi sahədə yeniləşmə, müasirləşmə meyarlarına xüsusi diqqət və əməl etdiyini göstərir: “Milli Məclis bu qərarı ilə həm də dövlət satınalmalarının həyata keçirilməsində digər dövlət qurumlarına hesabatlılıq, ünvanlılıq və şəffaflıq sahəsində örnək olur, digər dövlət orqanlarının da bu prosesdə fəal iştiraka dəvət edir. Açıq tenderlərin keçirilməsi iqtisadi sistemimizdə baş verən ictimai açıqlıq, ünvanlılıq prinsiplərinin genişlənməsinə yol açacaq, şəffaf iqtisadiyyat quruculuğu istiqamətində aparılan əhatəli islahatların genişlənməsinə, dövlət, biznes və digər sektorlarda şəffaflığın artırılmasına, ictimaiyyətə dövlət satınalmaları ilə bağlı bütün zəruri məlumatların açıq olmasına səbəb olacaq. Açıq tenderlərin keçirilməsi dövlət satınalmaları sahəsində şəffaflığın və azad rəqabətin artırılmasına, bütün sahibkarların bu prosesdə fəal iştirak etməsinə imkan verəcək, əlverişli biznes şəraitinin yaradılmasına əhəmiyyətli töhfə olacaq”.