Yaqut Qarayeva gənclərə səsləndi
“Mən xüsusən xəstəliyi yüngül keçirəcəklərini düşünən gənclərimizə müraciət edirəm. Onlar yalnız özlərini düşünməsinlər, hər kəsin evində yaşlılar, xroniki xəstəliyi olanlar var. Diqqətsizlik edərək onları risk qarşısında qoyurlar”.
Rakus.az xəbər verir ki, bu barədə AzTV-nin “Hədəf” proqramında qonaq olan TƏBİB-in departament rəhbəri Yaqut Qarayeva məlumat verib.
O bildirib ki, kim ki, ordumuza, qələbəmizə dəstək olmaq istəyir “COVİD-19”la mübarizəyə qoşulsun:
“TƏBİB-in hər bir üzvü cəbhəyə dəstəkdir. Sadəcə hər kəs özünü qorumaqla bizə şərait yaradacaq ki, biz rahat şəkildə əsgərlərimizə qulluq edə bilək”.
Y.Qarayeva həmçinin, hazırda aparılan test sayından da danışıb:
“Fevral ayında testləri aparan laboratoriyalarımızın sayı az idi. Lakin bu günə qədər TƏBİB-in nəzdində regionlarda laboratoriyalar açıldı. Hazırda 9 mindən çox test edirik və bundan da çox edə bilərik. Test sayı çox olarsa, aşkarlanma da çoxala bilər. Hər aşkarlanan pozitiv hadisə asimptomatik olsa belə, başqa insanlar üçün təhlükədir. Aşkarlayıb izolyasiya ediriksə, bu, xəstəliyin qarşısının alınmasında vacib addımdır”.