Çör-çöpümüzün də həsrətini çəkirdik – Əməkdar jurnalist
Yurd həsrəti dünyanın ən ağır dərdidir. Bu ağrı ilə yaşamaq qismətimizə yazıldığından həyatımızın hər anı o torpaq harayı ilə yaşamışıq. Səhərlər gün işığında, gündüzlər xatirələrimizdə, axşamlar xəyalımızda, gecələr yuxumuzda düşmən tapdağında olan torpaqlarımızda gəzmişik. Bir an belə yolumuzu, izimizi, cığırımızı, gülümüzü, otumuzu, susuzluqdan quruyan ağaclarımızın budağını, çör-çöpümüzü belə unutmamışıq. Daxilən yana-yana, kömürə dönüb kül olana qədər sızlamışıq. Bu gün haqq dünyasında olan valideynlərimizin qaysaq bağlamayan yaralarının ah-naləsində yanmışıq. Anamın atama etibar etdiyi evimizin imdad diləyən açarının harayından qovrula-qovrula qalmışdıq.
Yurd dərdi qəddimizi əymişdi. Uşaq vaxtı gəzdiyimiz, oynadığımız torpaqlar, başına fırlandığımız və budaqlarını sındırdığımız ağaclar, əzdiyimiz otlar, qırdığımız kol-kos üçün darıxmışdıq. Torpaqdan güc almaq hissiyyatımızı itirmişdik, yurdda qalan xatirələrimizi danışmaqdan usanmışdıq. Havasına, suyuna, torpağına əsir kimi möhtac idik. Dünyasını dəyişənlərimizin son arzuları qarşısında (bulağımızın suyundan içmək istərdim, gözümə həyətimizin torpağını tökərsiniz) aciz qalmışdıq.
Prezident İlham Əliyevin Azərbaycan tarixinin 300 illik tarixinə bəxş etdiyi qəhrəmanlıq salnaməsi işğal altında olan torpaqlarımızın azad olunması ilə nəticələnir. Bu torpaqlar arasında digər rayon və kəndlərimizlə yanaşı Zəngilan rayonunun da adının çəkilməsi həyatımızı bir an içərisində dəyişdi. YURD HƏSRƏTİmiz tarixdə qaldı. Daxilən gücləndik, mənən saflaşdıq, bütövlüyümüzə qovuşduq, birliyimizi möhkəmləndirdik.
Qələbəmiz prezidentlə xalqımızın birliyinə, ordumuzun sonsuz qüdrətinə, dostlarımızın sadiqliyinə və rəşadətinə, düşmənimizin vandallığına, sülhə və insanlığa qarşı edilən hərbi təcavüzlərə dəstək olan nadanların əməllərinə, qəbul etdiyi qərarların 30 il ərzində kağız üzərində qalmasına və faşist siyasətinə sadiq qalan Ermənistanın hərəkətlərinə aşıq-aşkar göz yuman ölkələrin və beynəlxalq təşkilatların mövqesizliyinə bir daha aydınlıq gətirdi. Ali Baş Komandanımızın rəhbərliyi altında Ordumuzun düşmənə tutarlı cavab verməsi, regionda sülhü bərpa etməsi Azərbaycanın dünya birliyində olan qüdrətini və rolu durmadan artırmaqdadır. Çünki illər ərzində həll olunmamış qlobal bir problemin 1 ayda həllini tapması ölkəmizin qüdrətinin göstəricisidir.
İndi yurda qovuşmaq üçün həyəcanlı günlərimizin astanasındayıq…
Mikayıl Nərimanoğlu
Əməkdar jurnalist