“Report” – 6 yaş: əsrə bərabər ayın hesabatı - FOTO - VİDEO
Bu gün “Report” İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 6 il ötür.
Hər ilin bu günü “Report”un il ərzində əldə etdiyi nailiyyətləri, həyata keçirdiyi layihələri hesabat formasında oxucularımıza çatdırırıq. Bu il də bu ənənəni davam etdiririk, lakin 1 il yox, son 1 ayın hesabatını təqdim etməklə.
Çünki məhz bu gün rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqların azad olunması istiqamətində apardığı əks-hücum əməliyyatının 1 ayı tamam olur. Haqq yolunda irəliləyən Azərbaycan Ordusunun hər yeni uğurunu böyük qürur hissi ilə təqdim etmək üçün “Report” komandası gecəli-gündüzlü fasiləsiz fəaliyyət göstərir.
Oxucuların video formatda xəbərlərə marağını nəzərə alaraq münaqişənin aktiv faza başladığı andan “Report” gündəlik bir neçə xəbər buraxılışı təqdim edir. Xarici auditoriyanın dolğun informasiya ilə təmin etmək üçün isə hər gün video xəbərlər rus dilində də təqdim olunur.
Cəbhənin müxtəlif istiqamətlərinə ezam olunmuş Agentliyin müxbir, operator heyəti işğaldan azad olunmuş kəndlərimizdən reportajlar hazırlayır, Ordumuzun düşməndən qənimət kimi götürdüyü hərbi texnikanın görüntülərini lentə alır.
Döyüş meydanında məğlub olan ermənilər namərdcəsinə Azərbaycanın dinc yaşayış yerlərini hədəfə alır. Tərtər şəhəri ötən ay ərzində faşistlərin dağıtdığı Stalinqrad kimi artilleriya yağışına tutulub. Lakin bu nə Tərtər əhalisini, nə mərmi partlayışları altında işləyən “Report”un çəkiliş heyətini qorxutmadı.
Erməni qəsbkarlarının Gəncə şəhərinə qarşı həyata keçirdiyi terror, dinc əhali yatan zaman xaincəsinə atdığı raketlər onlarla insan həyatına son qoydu. Bu zərbələr də Azərbaycan xalqının qələbə əzmini sındıra bilmədi. Bunu isə bütün dünyaya əyani şəkildə raket zərbəsindən sonra hadisə yerinə özünü çatdıran “Report”un çəkiliş qrupunun lentə aldığı balaca Bəxtiyarın təbəssümü göstərdi.
Son illər insanların həyatının bir hissəsinə çevrilmiş sosial şəbəkələr son ayda qələbə müjdələrinin carçısına çevrildi. “Report” Facebook, İnstagram, Vkontakte, TikTok səhifələri, Telegram kanalı, Twitter hesabı, “Yandex zen” vasitəsilə yalnız Azərbaycan auditoriyası üçün deyil, xarici auditoriya üçün də rus və ingilis dillərində fasiləsiz paylaşımları ilə oxucuları ən son yeniliklərlə tanış edir.
Döyüş əməliyyatlarının aktivləşdiyi ilk gündən yerli və xarici auditoriyanı dəqiq, ətraflı məlumatlandırmaq üçün Azərbaycan, rus və ingilis dillərində operativ xəbərlər istehsal edən “Report” İnformasiya Agentliyi bir çox ölkələrin nüfuzlu nəşrlərinin istinad mənbəyinə çevrilib. Münaqişənin aktiv fazaya keçməsini ən yaxından izləyənlər sırasında Rusiyanın “Vedomosti”, RBC, “Exo Moskvı”, “Regnum”, “İzvestiya” və digər media orqanları, Ukraynanın televiziya kanalları, sayt və onlayn jurnallarında “Report” İnformasiya Agentliyinin vebresursu olan “Report.az”da dərc edilən yazılar istinadla verilir.
Nəzərə alaq ki, bu gün Qarabağ dünyanın ən qaynar nöqtəsidir, regiona aid olmayan ölkələrin də mətbuatı münaqişəyə geniş yer ayırır.
Ermənistan terrorçularının beynəlxalq hüquqdan irəli gələn öhdəlikləri kobud şəkildə pozmaqla dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri, döyüş bölgələrindən kənarda yerləşən şəhərləri ağır silahlardan atəşə tutması ilə bağlı çoxsaylı xəbərlər və reportajlar da beynəlxalq mətbuatda “Report.az”a istinadla dərc olunur.
Həmçinin bir sıra disput portallarında aparılan müzakirələrdə də etibarlı mənbə kimi “Report”un dərc etdiyi yazılar şərh edilir.
Xarici ölkələrdə Qarabağ müharibəsi ətrafında müzakirələrin təşkil edilməsi də vacib məqamlardan biridir. Bu istiqamətdə “Report” İnformasiya Agentliyi Kiyevdə “Ukrayna xəbərləri” İnformasiya Agentliyinin mətbuat mərkəzində “Qarabağda müharibə: Ukraynadan baxış” mövzusunda dəyirmi masa təşkil edib. Tədbir zamanı ukraynalı politoloqlar, ekspertlər, tarixçilər, mədəniyyət xadimləri Qarabağdakı vəziyyəti və hadisələrin beynəlxalq proseslərə təsirini müzakirə ediblər. Çıxışçılar Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək hüququna sahib olduğunu və beynəlxalq hüquq normaları çərçivəsində hərəkət etdiyini söyləyiblər.
Ümumilikdə bu dəyirmi masa zamanı olan müzakirələr barədə xəbərləri 50-dən çox Ukrayna və Türkiyə xəbər saytı dərc edib.
“Report” İnformasiya Agentliyinin Analitik şöbəsi də ötən ay ərzində müharibənin siyasi, iqtisadi və digər tərəflərini əhatə edən 100-dək material hazırlayıb. Digər vacib məsələ isə hazırlanan analitik yazıların xarici medialarda dərc olunmasıdır.
Bu günlər elan olunan qələbə xəbərləri 30 ilə yaxındır doğma yurd-yuvasından didərgin düşən insanların sevinc göz yaşlarına səbəb olur. Redaksiyamızda Vətən həsrəti ilə yaşayan əməkdaşlar da daxil olmaqla öz ata-baba yurdunun azad olunması xəbərini alan şəxslər də hisslərini “Report”la bölüşür.
Ön cəbhədə olan qələbələrimizə arxa cəbhədə koronavirusla mübarizədə də dəstək olmağın vacibliyini hər kəs anlayır. Bu işdə də “Report” əhalinin maarifləndirilməsi istiqamətində dayanmadan iş aparır. Təkcə ötən 1 ay ərzində koronavirus mövzusunda Report.az-da 500-dən çox xəbər, şərh, rəy və digər multimedia materialları dərc olunub.