“Başakşəhər” və “Beşiktaş” qələbə qazandılar
Noyabrın 1-də futbol üzrə Türkiyə çempionatının yeddinci turunun üçüncü gününün qarşılaşmasında “Beşiktaş” öz meydanında “Yeni Malatyapor”u qəbul edib.
Rakus.az xəbər verir ki, “Vodafon Park” stadionunda baş tutan görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə bitib. Oyunda yeganə qolu 55-ci dəqiqədə Kayl Larin vurub.
Günün digər matçlarında “Başakşəhər” səfərdə “Konyaspor”u 2:1 hesabı ilə üstələyib. “Rizəspor” – “Kayserispor” görüşündə isə meydan sahibləri 1:0 hesabı ilə qələbə qazanıb.
Superliqanın yeddinci turuna “Antalyaspor” – “Fənərbağça”, “Hatayspor” – “Sivasspor” matçları ilə yekun vurulacaq.
Xatırladaq ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. Beşinci turda “Dənizlispor” istirahət edir.
Hazırda çempionatın turnir cədvəlinə 16 xalla “Alanyaspor” başçılıq edir. Ondan iki xal geri qalan “Fənərbağça” ikinci, 13 xala malik “Qalatasaray” isə üçüncü pillədə qərarlaşıb.