Formula-1 digər şəhərlərimizdə keçirilə bilər? – Arpadarai
Ötən gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin iclasında Formula-1 yarışlarının əhalinin sıx yaşadığı ərazilərdə, böyük meqapolislərin mərkəzi hissəsində keçirilməsinin bəzi problemlərə yol açdığı bildirilərək, yarışların gələn ildən Naxçıvanda, daha sonra isə Gəncədə keçirməyi təklif edilib. İclasda həmçinin o da qeyd olunub ki, bu cür beynəlxalq yarışın digər şəhərlərimizdə keçirilməsi bölgələrin tanıdılmasında və turistlərin cəlbində mühüm rol oynaya bilər.
Rakus.az xəbər verir ki, Partiyanın təklifinə münasibət bildirən “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai bildirib ki, Formula-1 yarışlarının digər şəhərlərimizdə keçirilməsi hazırda mümkünsüzdür:
“Təəssüf ki, bu təklifi reallaşdırmaq mümkün deyil. Çünki bunun üçün Formula-1-in trasını hazır vəziyyətə gətirmək lazımdır. Bununla yanaşı, bu yarışların trası artıq təsdiq olunub və hər il təsdiq olunmuş trasda keçirilir. Trası yarışlara uyğun vəziyyətə gətirmək asan deyil və bunu hər dəfə dəyişmək də mümkün deyil. Göründüyündən də çətindir. Bizdə artıq asfalt qatı yenilənib və bir sıra işlər görülüb. Bütün bu işlər Avtomobil Federasiyası və Formula-1 tərəfindən təsdiqlənir. Ona görə də bu təklif gözəl olsa da, təəssüf ki, icrası çox çətindir”. (axar.az)