YENİLƏNDİ: İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirildi - FOTO
Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Rakus.az xəbər verir ki, dövlət başçısı iclasda giriş nitqi söylədi.
-Bu ilin yanvar ayında 2018-ci ilin yekunlarını müzakirə edərkən mən əminlik ifadə etdim ki, 2019-cu il ölkəmiz üçün uğurlu il olacaq. Biz ötən il keçirilmiş prezident seçkilərindən sonra islahatların yeni mərhələsinə qədəm qoyduq. Prezident seçkiləri ərəfəsində islahatların anonsu verildi və islahatların məqsədyönlü şəkildə həyata keçirilməsi üçün çox ciddi addımlar atılmışdır, hazırlıq işləri aparılmışdır. Bu ilin birinci rübündə əldə edilmiş sosial və iqtisadi nəticələr göstərir ki, biz düzgün yoldayıq, islahatlara alternativ yoxdur. Son illər ərzində müxtəlif mərhələlərdə islahatlar aparılıb və bu islahatlar nəticəsində ölkəmiz inkişaf edib. Son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Ölkəmizdə çox böyük infrastruktur layihələri icra edildi, insanların rifah halı yaxşılaşdı və respublikamızın gələcək inkişafı üçün möhkəm zəmin yaradılmışdır.
Bildiyiniz kimi, prezident seçkilərindən sonra imzaladığım ilk Fərman şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı idi. Çox ciddi Fərman idi və onun icra edilməsi nəticəsində 12 mindən çox şəhid ailəsi dövlət tərəfindən 11 min manat məbləğində vəsait alacaq. Artıq vəsaitin verilməsi prosesi başlamışdır. Əlbəttə ki, islahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq. Dünya dəyişir, vəziyyət dəyişir, qarşımızda yeni çağırışlar dayanır. Ona görə biz daim irəliyə baxmalıyıq ki, ölkəmizi necə inkişaf etdirək və inkişafı dayanıqlı və uzunmüddətli edək.
İlin əvvəlindən Azərbaycan iqtisadiyyatında baş vermiş müsbət dəyişikliklər bizim potensialımızı gücləndirir, əhali tərəfindən yüksək qiymətləndirilir və bizə əlavə maliyyə resursu əldə etmək üçün şərait yaradır. Birinci rübdə büdcə daxilolmaları ciddi şəkildə – 200 milyon manatdan çox artıb. Bunun 150 milyon manatdan çox hissəsini vergi sahəsində, 50 milyon manatdan çox hissəni isə gömrük sahəsində əldə etmişik. Sevindirici hal ondan ibarətdir ki, vergi orqanları qeyri-neft sektorundan daha çox – 136 milyon manat vergilər toplaya bilmişlər. Bu, islahatların bariz nümunəsidir. Sahibkarlar da bilirlər ki, onlar dövlətin vergisini tam ödəməlidirlər. Şəffaflıq və yeni yanaşma nəticəsində biz birinci rübdə böyük məbləğdə əlavə vəsait əldə etdik. Əlbəttə, bu, imkan yaratdı ki, biz bu vəsaiti, ilk növbədə, sosial sahəyə yönəldə bildik.
Son illərdə həm sosial, həm infrastruktur sahələrində, insanların rifah halının yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılmışdır. Büdcə daxilolmalarının artımı əminəm ki, ilboyu müşahidə olunacaq. Çünki aparılan islahatlar və yeni yanaşma prinsipləri bunu deməyə əsas verir. Beləliklə, bizdə əlavə maliyyə resursu formalaşacaqdır.
İqtisadi və sosial sahədə aparılan siyasət rəqəmlərdə də özünü büruzə verir. Beləliklə, ilin birinci rübündə ümumi daxili məhsul 3 faiz artmışdır. Bu, son bir neçə il ərzində ən yüksək göstəricidir və əminəm ki, ilin sonuna qədər bu rəqəm daha da artacaq. Çünki görülən işlər bunu deməyə əsas verir. Sənaye istehsalı 4,4 faiz artmışdır. Bu da yaxşı göstəricidir. Amma bundan daha yaxşı göstərici odur ki, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz artmışdır. Bax, gördüyümüz işlərin nəticəsi budur və sənaye istehsalının, xüsusilə qeyri-neft sektorunda sənaye istehsalının artırılması bizim siyasətimizin bariz nümunəsidir. Kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri isə 5,5 faiz artıb. İnflyasiya aşağı səviyyədədir – 2,1 faiz. Ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulub. Bu sərmayənin 2 milyardı ölkəmizin qeyri-neft sektoruna yatırılıb. Biz burada da müsbət dinamikanı görürük. Çünki bizim əsas məqsədimiz, əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafıdır. Sərmayənin cəlb edilməsi əlbəttə ki, hər bir ölkə üçün çox önəmli məsələdir, o cümlədən bizim üçün. Əgər əvvəlki illərdə daha çox neft-qaz sektoruna sərmayə qoyuluşu təmin edilirdisə, hazırda biz bunu qeyri-neft sektorunda görürük və bu da aparılan işlərin nəticəsidir. Çünki Azərbaycanda biznes mühiti yaxşılaşır, sərmayə qoyuluşu üçün daha yaxşı şərait yaradılır, həm yerli, həm xarici sərmayələr dövlət tərəfindən lazımi səviyyədə qorunur. Beləliklə, biz xarici və daxili sərmayəni cəlb etməklə ölkəmizi inkişaf etdiririk. Əlbəttə ki, Azərbaycana sərmayə qoyuluşunun perspektivləri üçün apardığımız islahatlar başlıca rol oynayır. Bildiyiniz kimi, Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı 25-ci yerə layiq görüb. Biz il ərzində 32 pillə irəliləmişik və ən islahatçı 10 ölkə sırasında yer almışıq. Əlbəttə, xarici investorlar, eyni zamanda, yerli sahibkarlar bunu görürlər, bilirlər və beləliklə, Azərbaycana sərmayə qoyuluşu prosesi əminəm ki, bundan sonra da təmin ediləcəkdir.
Beləliklə, əsas iqtisadi və sosial göstəricilər müsbətdir, dinamika təmin edilir. Əlavə gəlirlərimiz imkan verir ki, biz sosial məsələlərin həllində daha fəal olaq və daha böyük işlər görək. Bildiyiniz kimi, ilin əvvəlindən çox böyük həcmli sosial paket təqdim edildi, təsdiqləndi, müvafiq fərmanlar imzalandı. Bu prosesə hazırlığı biz keçən ildən başlamışdıq və prezident seçkilərindən sonra andiçmə mərasimində əslində, görüləcək işlərlə bağlı mənim tərəfimdən göstərişlər verildi, yeni yanaşmanın konturları müəyyən edildi. Əlavə maliyyə vəsaiti imkan verir ki, biz sosial sahəni daha da gücləndirək. Minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, tələbələrin təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər artmışdır. Nəyin hesabına, əlbəttə ki, islahatların hesabına. Ona görə ki, biz daha səmərəli işləyirik, şəffaflığı təmin edirik, biznes mühiti yaxşılaşır. Bu, bizə imkan verir ki, bu məsələləri həll edək.
Digər önəmli məsələ problemli kreditlərlə bağlı idi. Bu məsələ Azərbaycanda ən yüksək səviyyədə həll olundu. Bildiyiniz kimi, bir neçə il bundan əvvəl, neftin qiymətinin kəskin, təqribən 4 dəfə düşməsi nəticəsində neft ixrac edən ölkələr böyük çətinliklərlə üzləşmişlər. O ölkələrdə milli valyuta qiymətdən düşdü, o cümlədən Azərbaycanda. Bu, qaçılmaz hal idi. Ancaq biz qısa müddət ərzində vəziyyəti sabitləşdirə bildik. 2016-2017-ci illərdə iqtisadi və makroiqtisadi sabitliyin təmin edilməsi üçün addımlar atıldı. Baxmayaraq ki, o illərdə inflyasiya yüksək səviyyədə idi. Ancaq biz vəziyyəti sabitləşdirə bildik və beləliklə, inkişaf üçün zəmin yaratdıq. Təbii ki, bizim iqtisadi və maliyyə imkanlarımız artdıqca, ilk növbədə, vətəndaşları narahat edən bu məsələni həll etdik, özü də ən yüksək səviyyədə. Bir neçə ölkədə bu məsələ ilə bağlı müəyyən addımlar atılmışdır, müqayisə aparmaq istəmirəm. Ancaq deyə bilərəm ki, bu məsələ ən genişmiqyaslı və vətəndaşları təmin edəcək şəkildə, ədalətli şəkildə Azərbaycanda həll olunub. Nə üçün? Ona görə ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz Azərbaycan vətəndaşının rifahı üçün əlimizdən gələni edirik. Beləliklə, 100 minlərlə insanı narahat edən bu məsələ də uğurla həll olundu. Yəni, kompensasiyaların verilməsi prosesi başlamışdır və əminəm ki, qısa müddət ərzində başa çatacaqdır.
Digər məsələ vaxtilə tikilmiş, ancaq istismara qəbul edilməmiş evlərlə bağlı idi. Çoxmənzilli binalarda yaşayan vətəndaşlar əziyyət çəkirdilər, çünki o binalarla bağlı sənədləşmə işləri aparılmamışdır, müəyyən çatışmazlıqlar var idi. Ona görə bu məsələ ilə bağlı da Fərman imzalandı və indi komissiya işləyir. Artıq evlərin, mənzillərin sənədləşməsi prosesi başlamışdır. Mən bu yaxınlarda göstəriş vermişdim ki, bu işlər daha da sürətlə getsin və o qüsurlar tezliklə aradan qaldırılsın, bu məsələ də öz həllini tapsın.
Beləliklə, görülən bu işlər nəticəsində üç milyon insan imzalanmış fərmanlardan bu və ya digər formada faydalanıb, vətəndaşların maddi vəziyyəti yaxşılaşıb, onları narahat edən problemlər öz həllini tapıb. Gələcəkdə biz bu istiqamətdə addımlarımızı atacağıq. Əminəm ki, qarşıda duran bütün vəzifələr uğurla icra ediləcək. Tam əminlik var. Ölkə uğurla inkişaf edir. Ölkəmizdə sabitlik təmin olunur. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Siyasətimizə göstərilən dəstək bizi gücləndirir. Əlbəttə ki, biz daha inamla irəliyə, nikbinliklə gələcəyə baxırıq. Çünki ölkə qarşısında duran bütün vəzifələr icra edilir.
Bu ilin yanvar ayında regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramı qəbul edilmişdir. Bu da çox önəmli hadisədir. Üçüncü proqram uğurla və artıqlaması ilə icra edilmişdir. Üç proqramın icrası nəticəsində ölkəmizdə bir çox önəmli məsələlər öz həllini tapıb, o cümlədən sosial infrastruktur sahəsində. 3200-dən çox məktəb tikilib və təmir edilib. Bizdə məktəb fondu təqribən 5000-ə yaxındır. Onların böyük hissəsi yenidən qurulub və bu proses davam etdirilir. 640-dan çox tibb müəssisəsi tikilib və yenidən qurulub. Demək olar ki, indi bizim bütün şəhərlərimizdə, – bir neçə şəhəri istisna etmək şərtilə, orada da yaxın zamanlarda bu işlər görüləcək, – ən müasir avadanlıqlarla təchiz edilmiş xəstəxanalar var. Bakı şəhərində səhiyyə sahəsində çox böyük işlər görülüb, yeni xəstəxanalar, tibb müəssisələri yaradılıb.
İnfrastruktur layihələri ilə bağlı, görün, nə qədər böyük işlər görülüb. Bu gün qazlaşdırmanın səviyyəsinə görə Azərbaycan dünyada lider ölkələrdəndir, qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb. Biz ən ucqar dağ kəndlərinə qaz xətləri çəkdik. Halbuki bu, iqtisadi cəhətdən səmərəsizdir. Biz Azərbaycanda qazın mövcud olan aşağı tarifi ilə o xərcləri heç vaxt qarşılaya bilmərik. Onu da bildirməliyəm ki, Azərbaycanda təbii qazın tarifləri dünya miqyasında ən aşağı səviyyələrdən biridir, bəzi qonşu ölkələrdən iki-üç dəfə aşağıdır. Qazın olmaması insanları narahat edən məsələ idi. İndi bizim təqribən 3-4 faiz yaşayış məntəqələrimiz var ki, orada qaz yoxdur. Biz o işləri də görəcəyik.
Elektrik enerjisi ilə bağlı qoyulan investisiyalar bizə nəinki özümüzü təmin etməyə, ixrac da etməyə imkan verdi. Vaxt var idi ölkəmizi qaranlıq bürümüşdü. Vaxt var idi gecə saat 12-də televizor da söndürülürdü ki, elektrik enerjisinə sərfiyyat azalsın. Biz xaricdən elektrik enerjisini alırdıq və özümüzü güc-bəla ilə təmin edirdik. İndi biz xaricə elektrik enerjisi ixrac edirik. Ölkə daxilində bütün bu işlər görülüb. Yolların çəkilişi – 15 min kilometr avtomobil yolu salınıb. İndi hər il bütün bölgələrdə, bütün rayonlarda, o cümlədən Bakı şəhərində, Bakı qəsəbələrində bu işlər gedir. Bu, həm insanlara rahatlıq verir, həm biznes, həm də fermerlər üçün çox əhəmiyyətlidir. Bunun hər cəhətdən böyük faydası var. Mən bu gün Regional İnkişaf Proqramının ancaq bir hissəsini qeyd edirəm. Bu, doğrudan da böyük bir dönüş, böyük bir irəliləyiş oldu.
Dördüncü proqramın qəbul edilməsi önəmli hadisədir. Dördüncü proqram beş il ərzində icra ediləcək. Bu gün hələ də görə bilmədiyimiz işləri biz növbəti illər ərzində görəcəyik ki, ölkəmiz daha da inamla, uğurla inkişaf etsin.
Bu il iri sənaye müəssisələrinin açılışı olmuşdur. İki böyük zavodun – karbamid və yüksək sıxlıqlı polietilen zavodlarının açılışı bizim sənaye potensialımızı böyük dərəcədə gücləndirir. Bu zavodlarda yüzlərlə yeni iş yeri yaradılıb. Orada işləyən vətəndaşlar təlim keçiblər. Onlar bir neçə ölkədə təlim kurslarında olmuşlar. Orada işləyənlərin əksəriyyəti gənc mütəxəssislərdir. Bu, həm yeni texnologiyalardır, həm qeyri-neft sektorunun inkişafıdır, ixrac potensialımızın artırılmasıdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan sənaye istehsalı sahəsində böyük işlər görməyə qadirdir. Əlbəttə ki, sənaye istehsalı növbəti illərdə bizim üçün prioritet məsələlərdən biri olacaq. Əminəm ki, həm yerli, həm də xarici sahibkarlar bu işlərə diqqət göstərəcəklər.
İndi xaricdən investisiya, sərmayə qoymaq istəyənlərin sayı çoxalır. Xarici sahibkarlar müraciət edirlər. Mənim bu yaxınlarda Çin Xalq Respublikasına etdiyim səfər çərçivəsində görüşdüyüm iri şirkətlərin rəhbərlərinin fikri də çox müsbətdir. Onlar da Azərbaycana sərmayə qoymaq üçün indi işlər aparırlar və böyük maraq göstərirlər.
Biz bu ilin əvvəlindən ölkəmizdə bir neçə mötəbər beynəlxalq tədbir keçirmişik. Onların arasında VII Bakı Qlobal Forumunu qeyd etmək istəyirəm. Bu, dünya miqyasında bu gün ən mötəbər forumlardan biridir. Bu forumda 50 ölkəni təmsil edən 500-dən çox qonaq iştirak etmişdir. Onların arasında 50-yə yaxın fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçısı olmuşdur. Forum həm intellektual potensialına, həm də müzakirə olunan məsələlərə görə doğrudan da dünya miqyasında seçilən tədbirlərdən biridir.
Bakıda bizim təşəbbüsümüzlə OPEC+ görüşü keçirilmişdir. Bildiyiniz kimi, Azərbaycan nəinki bu təşəbbüsün iştirakçısıdır, hətta bu təşəbbüsün, – əgər belə demək mümkündürsə, – müəlliflərindən biridir. Çünki OPEC-in baş katibinin Bakıda olan zaman açıqlaması bunu göstərir. Mən bunu özüm heç vaxt demirdim. Ancaq o, bunu rəsmi qaydada bildirdi ki, hələ 2016-cı ildə Davos Ümumdünya İqtisadi Forumunda çıxış edərkən, paneldə suala cavab verərkən demişdim ki, neftin qiymətinin tənzimlənməsi üçün ən məqbul variant OPEC və iri qeyri-OPEC ölkələrinin birgə fəaliyyətidir. Onlar razılığa gəlməlidirlər ki, neftin qiyməti sabit qalsın. Hasilat aşağı düşməlidir və hər kəs buna əməl etməlidir. Ancaq o halda neftin qiyməti qalxa bilər. Əgər o vaxt neftin qiyməti təqribən 30 dollar ətrafında idisə, bu gün bu, 70 dollar ətrafındadır.
Yəni, burada da Azərbaycan öz töhfəsini verir. Bizim dəvətimizlə OPEC və qeyri-OPEC ölkələrinin görüşü Bakıda keçirilmişdir. Adətən bu görüş OPEC-in mənzil-qərargahında keçirilir, bəzi hallarda başqa ölkələrdə, o cümlədən Bakıda.
Bu il Cənub Qaz Dəhlizinin Məşvərət Şurası ənənəvi olaraq Azərbaycanda keçirildi. Bu görüşün də çox böyük mənası var. Çünki hər il keçirilən bu tədbir həm imkan verir ki, biz görülmüş işlərə nəzər salaq və ən önəmlisi, görüləcək işlər haqqında fikir mübadiləsi aparaq, birgə fəaliyyət planı tərtib edək. Beləliklə, il ərzində biz elə bil ki, özümüz üçün bir iş planı tərtib edirik.
Digər önəmli tədbirlər keçirilmişdir. Bir sözlə, Azərbaycan ilin əvvəlindən bütün sahələrdə uğurla inkişaf edir. Sosial məsələlər arasında, əlbəttə ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu il artıq 810 məcburi köçkün ailəsi yeni müasir qəsəbəyə köçürülür. Bu proses davam etdiriləcək. Bu, bizim ən prioritet məsələlərimizdən biridir. Bu məsələyə biz daim diqqət göstəririk.
O ki qaldı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə, bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Prinsipial mövqeyimiz ondan ibarətdir ki, bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr əsasında, Helsinki Yekun Aktına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll olunmalıdır. Başqa yanaşma yoxdur. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Onu da bildirməliyəm ki, danışıqlar formatı dəyişməz olaraq qalır. Baxmayaraq ki, bəzi cəhdlər olub, ancaq bizim fəaliyyətimiz nəticəsində bu cəhdlərin qarşısı alınıb. Həmçinin Minsk qrupunun həmsədrləri tərəfindən martın 9-da verilmiş açıqlama ünvanlıdır, birmənalıdır və bir daha onu göstərir ki, münaqişənin iki tərəfi var. Ona görə hesab edirəm ki, bu mövzu artıq öz həllini tapıb. Biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq, ölkəmizi, ordumuzu gücləndirəcəyik. Bu ilin əvvəlindən bu istiqamətdə də böyük işlər görülüb və görüləcək.
x x x
Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq ƏMİROV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli iclas iştirakçıları.
Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi inkişaf strategiyası 2003-cü ildən etibarən, möhtərəm cənab Prezident, Sizin tərəfinizdən uğurla inkişaf etdirilərək çox böyük nailiyyətlərə imza atılmışdır. Tərəfinizdən hazırlanaraq uğurla həyata keçirilən iqtisadi islahatlar, regionların sosial-iqtisadi inkişaf proqramları və digər cəsarətli addımlar Azərbaycanda nəhəng infrastruktur layihələrinin reallaşmasına, iqtisadiyyatın bütün sahələrinə investisiya qoyuluşlarının əhəmiyyətli dərəcədə artırılmasına gətirib çıxarmış, gələcəkdə turizmin, kənd təsərrüfatının və qeyri-neft sektorunun digər sahələrinin inkişafını təmin edəcək möhkəm təməl bərqərar olunmuşdur.
Möhtərəm cənab Prezident, 2014-2015-ci illərdə dünya bazarlarında neftin qiymətinin 4 dəfəyə qədər aşağı düşməsi ilə yaranan dünya iqtisadi böhranı və bu böhrandan ölkəmizin qısa müddətdə çıxaraq iqtisadi artımı yenidən təmin etməsi məhz qurduğunuz o möhkəm təməl sayəsində mümkün olmuşdur. Bu da bir həqiqətdir ki, regionların sosial-iqtisadi inkişaf proqramlarının və çoxsaylı infrastruktur layihələrinin uğurlu icrası olmasaydı, biz bu gün turizmin inkişafından danışa bilməzdik. Vaxtında həyata keçirilmiş nəhəng meliorasiya layihələri olmasaydı, bu gün kənd təsərrüfatının uğurlu inkişafı mümkün olmazdı.
Möhtərəm cənab Prezident, çıxışlarınızın birində qeyd etdiyiniz kimi, 2014-2015-ci illərdə baş verən dünya iqtisadi böhranına görə Siz qeyri-neft sektorunun inkişafının dayanıqlılığını təmin etmək və iqtisadiyyatın neft sektorundan asılılığını minimuma endirmək üçün nəzərdə tutduğunuz tədbirlərin müddətlərini təxminən on il qabağa çəkməli oldunuz. Lakin həmin dövrə qədər Sizin rəhbərliyinizlə həyata keçirilmiş layihələr bu mürəkkəb vəziyyəti, vətəndaşların sosial rifahını pozmadan və nəzərdə tutulmuş bütün sosial proqramları icra etməklə çətinliyi imkana çevirmək kimi bir bacarığa da imza atmağınıza şərait yaratmışdır. Sizin tapşırığınıza əsasən başlanılan layihələr də daxil olmaqla, həyata keçirməyi nəzərdə tutduğunuz yeni proqramlar, qeyri-neft sektorunda sənayenin, kənd təsərrüfatının və digər sahələrin inkişafını təmin edəcək dövlət proqramları vahid bir sənəddə – milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrində birləşdirilərək 2016-cı ilin dekabr ayında tərəfinizdən müvafiq Fərmanla təsdiq edilmişdir. Bu Yol xəritələrinin əsas icrası 2017-2020-ci illər olmaqla, dörd ili əhatə edir və keçən iki il müddətində nəzərdə tutulan tədbirlərin ən azı 50 faizinin icrası nəzərdə tutulmuşdur. Müvafiq Sərəncamınızla İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilən monitorinqin nəticələrinə əsasən, Strateji Yol xəritələrinin ümumi icrası nəzərdə tutulan 50 faizə qarşı 52 faiz təşkil etmişdir ki, bu da icra qrafikini qabaqlamaqla icranın sürətləndirilməsi anlamına gəlir. Ayrı-ayrı sahələr üzrə icra faizlərinin müxtəlif olmasına baxmayaraq, bütövlükdə nəzərdə tutulan 50 faizlik icra həyata keçmiş və 52 faizlik icra ilə biz bu məqama gəlib çıxmışıq. Ayrı-ayrı qurumların performansına nəzər yetirdikdə isə bütövlükdə bütün qurumlar 50 faiz üçün nəzərdə tutulan həddə gəlib çatmış, lakin Biznes Mühiti və Beynəlxalq Reytinq üzrə Komissiya, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Vergilər Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Strateji Yol xəritələrində onlar üçün müəyyən edilmiş tədbirlərin icrasını demək olar ki, tam şəkildə həyata keçirmişdir.
Möhtərəm cənab Prezident, Strateji Yol xəritələrinin əsas tədbirlərinin təqribən 40 faizi İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin payına düşür ki, bu məsələlərə sistemli yanaşılması, çoxsaylı komissiyaların, əlaqələndirici qrupların monitorinq qurumları ilə birgə fəaliyyəti həm hər iki nazirliyin, həm də digər qurumların birgə fəaliyyəti ilə Strateji Yol xəritələrində bu uğura imza atmağa imkan vermişdir. Mən burada xüsusilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanımın xidmətini qeyd etmək istərdim. Çünki qurumların əlaqələndirilməsi, müxtəlif fikirlərin bir araya gətirilməsi, vahid mövqedən çıxış edərək islahat proqramlarının həyata keçirilməsi istiqamətində Mehriban xanımın əhəmiyyətli dəstəyi xüsusi qeyd olunmalıdır. Strateji Yol xəritələrində tapşırığınıza əsasən müəyyən edilmiş tədbirlərin bizə nə verdiyinə baxsaq, ilk növbədə, makroiqtisadi sistemdə pul bazası hədəf götürülməklə makroiqtisadi sabitliyə nail olundu, manatın məzənnəsi sabitləşdirildi, inflyasiya optimal həddə endirildi, strateji valyuta ehtiyatları əhəmiyyətli dərəcədə artdı. Dövlət Neft Fondunun vəsaitlərindən istifadəyə dair büdcə qaydaları, beynəlxalq aləmdə “qızıl qayda” adlandırılan qaydalar təsdiq edildi. Borc strategiyası, ortamüddətli xərclər çərçivəsi qəbul edildi, fiskal dayanıqlılığın gücləndirilməsi təmin olundu, bank sektorunda əhəmiyyətli islahatlar həyata keçirildi.
Sizin tapşırığınıza əsasən biznes mühitinin daha da yaxşılaşdırılması və sahibkarlar üçün əlverişli biznes mühiti qurulması sahəsində çox ciddi addımlar atılmışdır. Prezident yanında Apellyasiya Şurası yaradıldı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi təsis olundu, sahibkarların dünya iqtisadi məkanına inteqrasiyasını təmin etmək məqsədilə “Enterprise Azerbaijan” portalı, “Azexport.az”, rəqəmsal ticarət qovşağı platformaları yaradıldı. İnvestorların maraqlarının qorunması, elektron məhkəmə, biznesə başlama, tikinti icazələri, elektrik şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış və əmlakın qeydiyyatı, müflisləşmə sahəsində əhəmiyyətli islahat tədbirləri həyata keçirilmişdir. Gömrükdə “yaşıl dəhliz” sistemi, hərtərəfli vergi islahatları, sənaye parkları, sənaye məhəllələri, aqroparklar və texnoparkların fəaliyyət dairəsi genişləndirilməklə sahibkarlara əhəmiyyətli vergi, gömrük və digər güzəştlərin verilməsi təmin edilmişdir. İlk dəfə olaraq dövlət satınalmalarının vahid internet portalı hazırlanmış və bu ildən istifadəyə verilmişdir.
Cənab Prezident, bu dövr ərzində Sizin təşəbbüsünüzlə başlanılan və liderliyinizlə həyata keçirilən meqalayihələr – Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars, Astara (Azərbaycan)-Astara (İran), SOCAR Polymer, SOCAR Karbamid kimi nəhəng layihələr məhz bu dövrdə sona çatdırılmış və fəaliyyətə başlamaqla Azərbaycan iqtisadiyyatına öz töhfəsini verməyə davam etmişdir. İcbari tibbi sığorta sistemi pilot variantda tətbiq edilmiş, uğurlu nəticələr əsas götürülərək Sizin tərəfinizdən imzalanan müvafiq qanunlarla 2020-ci ildən bütün ölkədə tətbiqi nəzərdə tutulmuşdur. İşsizlikdən Sığorta Fondu yaradılmış, məşğulluq strategiyası qəbul edilmiş, ünvanlı sosial yardımın əhatə dairəsi genişləndirilmiş və özünüməşğulluq proqramlarının icrasına başlanılmışdır.
Bu ildən başlayaraq, Sizin də qeyd etdiyiniz kimi, şəhid ailələrinə birdəfəlik ödəmə verilmiş, minimum əməkhaqqı, minimum pensiya, tələbələrin təqaüdləri əhəmiyyətli dərəcədə artırılmış, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla, bütün növ müavinətlər 100 faiz həcmində artırılmışdır. Təbii ki, bu göstəricilər iqtisadi göstəricilərdə də öz əksini tapmaya bilməzdi. İllik inflyasiya göstəricisi 2016-cı ildəki 12,4 faizdən 2018-ci ildə 2,3 faizə qədər enmiş, strateji valyuta ehtiyatları 2016-cı ildəki 37,9 milyard dollardan 2019-cu ildə 46,7 milyard dollara qalxmışdır. Büdcə xərcləri 2016-cı ildəki 17 milyard 800 milyon manatdan 2019-cu ildə 25 milyard 200 milyon manata qədər artmışdır. İlk dəfə olaraq qeyri-neft sektoru üzrə mal və xidmətlərin ixracında əhəmiyyətli irəliləyişlərə nail olunmuşdur. Bu sahədə, cənab Prezident, Sizin apardığınız islahatlar, bilavasitə rəhbərliyinizlə həyata keçirilən iqtisadi canlanma təkcə qeyri-neft məhsullarının ixracında bir milyard dollarlıq artımla nəticələnmişdir. Nominal ümumi daxili məhsulun göstəricisi isə 2015-ci ildəki 54 milyard manatdan 2018-ci ildə demək olar ki, 80 milyard manatadək artmışdır. Təbii ki, cənab Prezident, bütün bu nailiyyətlər, Sizin həyata keçirdiyiniz, nəzərdə tutduğunuz və Azərbaycan xalqının rifahına yönəldilən bu islahatlar beynəlxalq maliyyə qurumları tərəfindən də çox diqqətlə izlənilir, təhlil olunur. Dünya Bankının “Doing Business” hesabatında da Azərbaycan Respublikası 2016-cı ildəki 63-cü yerdən 2019-cu ildə 25-ci yerə yüksəlməyə nail olmuşdur.
Qeyd etdiyim kimi, 2020-ci ilin sonuna qədər Strateji Yol xəritələrinin icrası üçün cəmi 20 ay qalıb və bu 20 ay ərzində, möhtərəm cənab Prezident, Sizin dövlət və hökumət qurumları qarşısında çox mühüm tələbləriniz, tapşırıqlarınız durur. Bu müddət ərzində biznes mühiti və rəqabət məcəlləsinin qəbulu ən əhəmiyyətli məsələlərdəndir. Sizin tapşırığınıza əsasən bu iki il ərzində rəqabət məcəlləsinin qəbulu prosesi başa çatmalıdır. Ortamüddətli xərclər çərçivəsinə keçid təmin edilməli, korporativ idarəetmə standartları təsdiq olunmalı, özəl investisiyaların cəlbi artırılmalıdır. Maliyyə dərinliyinin 60 faizə qədər çatdırılması, aqrar sığortanın inkişafı, elektron kənd təsərrüfatı informasiya sisteminin ölkə üzrə tam tətbiqi nəzərdə tutulur. Neft maşınqayırması sahəsində ənənəvi istehsal sahələri bərpa olunmalı, birbaşa xarici investisiyaların cəlbi üçün tədbirlər görülməlidir. Kiçik və orta sahibkarların ümumi daxili məhsulda payının 15 faizə, qeyri-neft ixracında isə 10 faizə çatması üçün əhəmiyyətli islahat tədbirləri həyata keçirilməlidir. Lisenziya və icazələr portalının tam fəaliyyəti təmin olunmalı, açıq səma sazişləri, yeni xarici aşağı büdcəli hava nəqliyyatı şirkətlərinin cəlbi istiqamətində tədbirlər görülməlidir. Təhsil sahəsində, xüsusilə peşə təhsili sahəsində islahatlar davam etdirilməlidir.
Sizin tapşırığınıza əsasən, elektrik enerjisi sisteminin modernləşdirilməsi, kommunal xidmətlər sektorunda səmərəliliyin yüksəldilməsi istiqamətində müvafiq qurumlar tərəfindən tədbirlər hazırlanaraq həyata keçirilir. Dövlət satınalmalarının vahid internet portalının bütün dövlət satınalmaları üzrə yeganə satınalma platformasına çevrilməsi ölkədə rəqabət mühitinin formalaşması istiqamətində atılacaq ən mühüm addımlardan biridir. Uzunmüddətli hədəfləri nəzərə aldıqda 2020-ci ildən sonrakı dövr üçün təbii ki, Azərbaycan Respublikasının strateji inkişaf proqramları hazırlanmalı və təsdiq edilməlidir. Məqsədəmüvafiq hesab etdiyiniz təqdirdə qlobal, regional və yerli trendlər, çağırışlar, risklər və təhdidlər nəzərə alınmaqla, uzunmüddətli baxışlar yenidən dəqiqləşdirilib, yeni strateji proqram çərçivəsində hazırlanaraq Sizin ali diqqətinizə təqdim edilə bilər.
Möhtərəm cənab Prezident, yuxarıda sadalanan bütün hədəflərə nail olmaq üçün təkcə hökumətin və dövlət qurumlarının deyil, bütün cəmiyyətin iştirakı vacibdir. Sizin dediyiniz kimi, bu günlərdə Çin Xalq Respublikasına etdiyiniz çox uğurlu səfər bir daha təsdiqlədi ki, dünya liderləri, böyük dövlətlər tərəfindən Azərbaycanın liderinə, eyni zamanda, onun həyata keçirdiyi siyasətə çox böyük diqqət göstərilir. Sizin həyata keçirdiyiniz islahatlar, Sizin həyata keçirdiyiniz siyasət Azərbaycanı bütün bölgədə təhlükəsizlik adası halına gətirməklə gələcək inkişafın qarantı qismində çıxış edir. Ölkədə və xaricdə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı, cənab Prezident, Sizin tərəfinizdən başladılan və uzun illər həyata keçirilən bu islahat proqramlarına dəstək olmalı, cənab Prezidentin və onun siyasəti ətrafında sıx birləşməli, xalqımızın gələcək inkişafı yolunda öz töhfəsini verməlidir.
Diqqətinizə görə minnətdaram.
x x x
Kənd təsərrüfatı naziri İnam KƏRİMOV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması, bu məqsədlə torpaq və su resurslarından daha səmərəli istifadə edilməsi, yüksək məhsuldarlığın əldə olunması Zati-aliləriniz tərəfindən qarşımıza qoyulmuş əsas vəzifələrdir. Son illərdə Sizin rəhbərliyinizlə keçirilən davamlı və sistemli islahatlar nəticəsində aqrar məhsulların daxili bazar təminatı və ixrac həcmi artıb, kənd yerlərində məşğulluq və gəlir əldə etmək imkanları xeyli genişlənib.
2018-ci ildə kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi əvvəlki illə müqayisədə 4,6 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 6,8 faiz artıb. Heyvandarlıq məhsullarının istehsalında artım 2,7 faiz təşkil edib. Keçən il 1,5 milyon tondan çox tərəvəz, 1 milyon tondan çox meyvə və giləmeyvə istehsal olunub. Bu isə müstəqillik dövründə qazanılmış ən yüksək nəticədir. Həmçinin meyvə-tərəvəz məhsullarının ixracı 11,1 faiz artaraq 530 milyon ABŞ dolları olub.
Aqrar sahədə müsbət inkişaf dinamikası cari ildə də davam edir. Birinci rübdə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehsal həcmi 3,6 faiz, o cümlədən bitkiçilik 24,7 və heyvandarlıq 2,8 faiz artıb. 32 faiz çox tərəvəz istehsal olunub, meyvə-tərəvəz ixracının həcmi 28,2 faiz artıb.
Aqrar sahədə inkişafın davamlılığını təmin etmək üçün, müəyyən etdiyiniz strateji kursa uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini düzgün idarəçilik, innovasiyaların tətbiqi və fermerlərə yaxınlıq prinsiplərinə əsasən qurmuşdur. Fermerlərə xidmətlərin əlçatanlığını və keyfiyyətini artırmaq məqsədilə nazirliyin rayon idarələrinin əsasında Dövlət Aqrar İnkişaf mərkəzləri yaradılıb. Bununla da keçmiş kənd təsərrüfatı idarələri inzibati strukturdan xidmət qurumlarına çevriliblər. Mərkəzlərdə “vahid pəncərə” prinsipinə uyğun olaraq, fermerlərə 70-ə yaxın xidmət göstərilir.
Nazirliyin nəzdində fəaliyyət göstərən 4 qurumun bazasında Aqrar Xidmətlər Agentliyi yaradılıb. Agentlik baytarlıq, fitosanitar, toxum müfəttişliyi və texniki nəzarət xidmətləri üzrə çevik və səmərəli idarəetməni təmin edəcək.
Lizinq fəaliyyəti ilə bağlı həyata keçirilən islahat nəticəsində bazarda azad və ədalətli rəqabət mühiti formalaşıb. Belə ki, texnika və damazlıq heyvan alışına tətbiq edilən güzəştlər bütün təchizatçı şirkətlərə şamil olunub və “Aqrolizinq” ASC artıq bu bazarın iştirakçısı deyil. Bu isə həm texnikanın, həm də damazlıq heyvanların satış qiymətinin əsaslı ucuzlaşmasına səbəb olub.
Fermerlərə subsidiyaların və güzəştli kreditlərin verilməsində şəffaflığı və çevikliyi təmin etmək məqsədilə ötən il Aqrar İnkişaf və Kredit Agentliyi yaradılıb.
Fermerlərin qayğı və problemlərini daha yaxından dinləmək üçün bütün rayonlarda və nazirliyin aparatında Fermerlər Şuraları yaradılıb, Aqrar Könüllülər Hərəkatı formalaşdırılıb. Nazirliyin dəstəyi ilə son 6 ay ərzində 11 fermer assosiasiyası yaradılıb.
Möhtərəm cənab Prezident, fermerlərə dövlət dəstəyinin təkmilləşdirilməsi üçün tapşırığınıza əsasən subsidiyaların verilməsinin yeni qaydalarının layihəsi hazırlanıb. Bu gün fermerlərimizi qayğılandıran digər məsələlərdən biri və yüksək diqqətinizə ünvanladıqları çoxsaylı xahişləri, həmçinin kiçikhəcmli kreditlərə çıxışın asanlaşdırılması və təbii hadisələrə qarşı aqrar sığortanın tətbiq edilməsidir. Aqrar sahənin üzləşdiyi digər çağırışlar kiçik parsellərə bölünmüş torpaqların sistemləşdirilməsi, şorlaşmış, şorakətləşmiş və əkinə yararsız torpaqların yararlı hala salınması, müasir suvarmanın və təsərrüfatlararası yolların düzgün qurulmasıdır.
Ötən il nazirliyin prioritet vəzifələrindən birini Elektron Kənd Təsərrüfatı Sisteminin yaradılması təşkil edib. Sistemin istifadəyə verilməsi dövlət xidmətlərini fermerlər üçün daha əlçatan edəcək, subsidiyaların verilməsində şəffaflığı və çevikliyi təmin edəcək. Növbəti ildən subsidiyalar məhz bu sistem vasitəsilə veriləcək. Elektron sistem fermerlərə öz əkinlərini bazarın tələbinə uyğun düzgün planlaşdırmağa kömək edəcək, həmçinin bazarda məhsullar üzrə tələb-təklifin düzgün proqnozlaşdırılmasını asanlaşdıracaq. Bu günə qədər 100 mindən çox fermer sistemdə qeydiyyatdan keçib.
Kənd təsərrüfatında innovasiyaların tətbiqi, mütərəqqi həllər və texnologiyalardan daha geniş istifadənin təmin olunması da əsas vəzifələrimizdəndir. Bu məqsədlə Aqrar Elm və İnnovasiya Mərkəzi formalaşdırılıb. Həmçinin nazirliyin elmi-tədqiqat institutları araşdırmalarını innovativ yeniliklərin fermerlərə ötürülməsi istiqamətində qurublar.
Fermerlərin bacarıqlarının artırılması və maarifləndirilməsi üçün xüsusi təlim strategiyası hazırlanıb. Bilavasitə yerlərdə fermerlərə peşəkar təlimlərin və məlumatlandırma tədbirlərinin keçirilməsinə başlanılıb.
Əlverişli aqrobiznes mühitinin, fermerlərin yerli və xarici bazarlara çıxış imkanlarının artırılması üçün Sizin müvafiq Fərmanınızla Aqrar Tədarük və Təchizat Şirkəti təsis edilib. Şirkət tərəfindən “Kənddən şəhərə” satış platforması yaradılıb, davamlı olaraq müasir yarmarkalar təşkil olunur.
Möhtərəm cənab Prezident, 2019-cu ildə qarşımızda qoyduğunuz vəzifələri icra etmək və strateji hədəflərə nail olmaq üçün müvafiq tədbirlər görülüb. Cari təsərrüfat ilində 1 milyon 85 min hektar sahədə taxıl əkilib, orta məhsuldarlığın daha yüksək olması gözlənilir. 100 min hektarda pambıq əkilməsi üçün səpin işləri yekunlaşmaq üzrədir və bu il ümumi məhsuldarlığın daha yüksək olması proqnozlaşdırılır. Ötən il xam pambığın alış qiymətinin hər ton üçün 650 manat müəyyən edilməsi pambıq istehsalını fermerlər üçün sərfəli sahəyə çevirib. 800 ton yaş barama istehsalı üçün hazırlıq işləri başa çatdırılıb.
Cari ildə taxıl və pambıq istehsalındakı artımın yalnız məhsuldarlığın yüksəldilməsi hesabına əldə olunması qarşımızda duran vacib hədəflərdəndir. Həmçinin yeni meyvə bağlarının salınması, o cümlədən fındıq sahələrinin 84 min hektara çatdırılması, badam və qoz bağlarının sahələrinin genişləndirilməsi həllivacib məsələlər kimi qarşımızda durur. Zeytunçuluq, çayçılıq, çəltikçilik, sitrusçuluq, üzümçülük sahələrinin inkişafının dəstəklənməsi də əsas prioritetlərimizdəndir.
Bu vəzifələrin yüksək səviyyədə icra olunması üçün təminat məsələlərinin həllinə xüsusi diqqət yetirilib. Cari ildə mineral gübrə və pestisidlərlə təminatla bağlı hazırlıq işləri tam yekunlaşıb. Tapşırığınıza əsasən fermerlərin texnika ilə təchiz olunması diqqətdə saxlanılıb. Ötən il “Aqrolizinq” tərəfindən 6046 ədəd müasir texnika, o cümlədən 108 ədəd pambıqyığan və 250 ədəd taxılyığan kombayn alınıb. Artıq bu ildən fermerlər texnikanı “Aqrolizinq” ASC-dən deyil, 40 faiz güzəşt və 5 il faizsiz kredit tətbiq edilməklə, istədikləri şirkətdən ala biləcəklər.
Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması və xaricdən yüksək genetik potensiala malik heyvanların gətirilməsi tədbirləri də davam etdirilib. Keçən ildən yerli təsərrüfatlardan cins heyvanların alınması mexanizminin tətbiqinə başlanılıb. 2018-ci ildə süni mayalanma yolu ilə alınmış buzovların sayı əvvəlki illə müqayisədə 48 faiz artıb. Texnikalarda olduğu kimi, fermerlər damazlıq heyvanları da bu ildən “Aqrolizinq” ASC-dən deyil, 60 faiz güzəşt və 3 il faizsiz kredit tətbiq edilməklə istədikləri şirkətdən ala biləcəklər.
Möhtərəm cənab Prezident.
Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasına, aqrar sahənin şaxələndirilmiş və dayanıqlı inkişafına, fermerlərin maddi-rifah halının yaxşılaşdırılmasına göstərdiyiniz davamlı diqqət və qayğıya görə kənd zəhmətkeşləri adından Sizə dərin təşəkkürümüzü bildiririk. Sizi bir daha əmin edirik ki, qarşımıza qoyduğunuz vəzifələri layiqincə yerinə yetirmək üçün bütün səy və imkanları səfərbər edəcəyik.
Diqqətinizə görə təşəkkür edirəm!
x x x
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur ƏLİYEV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident, Zati-aliləri.
Sizin diqqət və qayğınız nəticəsində Azərbaycanın səhiyyə sistemində uğurlu islahatlar aparılmış, tibb müəssisələrinin maddi texniki bazası və kadr potensialı daima gücləndirilmiş, bütövlükdə səhiyyə sahəsində böyük nailiyyətlər əldə edilmişdir. Görülmüş işlərin davamı kimi icbari tibbi sığortanın tətbiqi Sizin növbəti uğurlu siyasətiniz olaraq, səhiyyə sisteminin daha da sürətlə inkişaf etməsinə öz töhfəsini verəcək.
Bildiyiniz kimi, genişmiqyaslı sosial layihə olan icbari tibbi sığortanın başlıca məqsədləri səhiyyə sisteminin maliyyələşdirilməsini dayanıqlı iqtisadi əsaslarla qurmaq, tibbi xidmətlərin əlçatanlığını təmin etməklə əhalini sağlamlıqla bağlı maliyyə risklərindən qorumaqdır. Ölkədə icbari tibbi sığortanın tətbiqi səhiyyə sahəsinə ayrılan maliyyə vəsaitlərinin daha da səmərəli istifadə edilməsinə və əhalinin tibbi xidmətlərdən istifadə imkanlarının artırılmasına zəmin yaradacaq.
Cənab Prezident, Sizin göstərişinizə uyğun olaraq 2017-ci ilin yanvarından etibarən ölkəmizdə icbari tibbi sığortanın pilot layihə şəklində həyata keçirilməsinə başlanmışdır. Pilot layihə ilk olaraq Mingəçevir şəhəri və Yevlax rayonunun ərazilərini əhatə etmiş, 2018-ci ildən etibarən isə Ağdaş rayonunun ərazisində də tətbiq edilmişdir. Tapşırıqlarınızın icrası məqsədilə pilot layihə çərçivəsində bir sıra mühüm addımlar atılmışdır. Belə ki, əhalisi 340 min nəfər təşkil edən pilot ərazilərdə sığorta olunanlar və 30 minə yaxın məcburi köçkün baza zərfi çərçivəsində ödənişsiz tibbi xidmətlərlə təmin edilmiş və əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükü əhəmiyyətli dərəcədə azaldılmışdır. Tibb müəssisələrinin fəaliyyətində məhsuldarlıq artırılaraq tibbi-iqtisadi rentabellik təmin olunmuşdur. Mövcud maddi-texniki baza və kadr resursları ilə daha çox pasiyentə xidmət göstərilmiş və nəticədə 2018-ci ildə pilot ərazilərdə ambulator-poliklinik gəlişlərin sayı 1,1 milyon olmuş, adambaşına düşən həkimə gəlişlərin sayı 3,2 dəfə təşkil etmişdir. Evə yazılan xəstələrin sayı isə 21 min 454 nəfər olmaqla 2016-cı illə müqayisədə 11 faiz artmışdır. Bununla yanaşı, icbari tibbi sığortanın tətbiqi nəticəsində pilot ərazilərdə anadangəlmə ürək qüsuru ilə doğulan 37 uşaq əməliyyat edilib, onlar əlillikdən xilas edilərək öz sağlamlıqlarına qovuşublar.
Pilot ərazilərdə kəmiyyət göstəricilərinin artması ilə yanaşı, rayon xəstəxanalarında əvvəllər aparılması mümkün olmayan endoprotezləşmə, TUR, laparoskopik cərrahi müdaxilələr və sair mürəkkəb əməliyyatlar həyata keçirilmişdir. Bu əməliyyatların bilavasitə rayon xəstəxanalarında aparılması əhalinin müasir və keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının təmin olunması istiqamətində atdığımız addımlardan biridir. Kadr potensialının gücləndirilməsi məqsədilə pilot ərazilərin tibb işçiləri xarici ölkələrdə təlim və təcrübə proqramlarına göndərilmişdir. Eyni zamanda, ölkədə ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görülərək Ailə Sağlamlıq Mərkəzləri yaradılmışdır.
Pilot layihənin ən mühüm nəticələrindən biri də pilot ərazilərdə fəaliyyət göstərən həkimlərin əməkhaqlarının artırılması və nəticə etibarilə onların maddi rifahının əhəmiyyətli dərəcədə yüksəldilməsi olmuşdur. Belə ki, həkimlərin orta aylıq maaşı 2018-ci ildə ölkə üzrə orta aylıq əməkhaqqının 1,9 mislini təşkil etmişdir.
Bunlarla yanaşı, 2018-ci ildə icbari tibbi sığortanın vəsaitlərinə qənaət edilməsi məqsədilə pilot ərazilərdəki xəstəxanaların fəaliyyətində səmərəliliyin təmin edilməsi, idarəetmənin müasirləşdirilməsi və maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində də müvafiq işlər görülmüşdür. Tibb müəssisələrinin fəaliyyətinin elektronlaşdırılması tam təmin edilmişdir.
Əhalinin münasibətini öyrənmək məqsədilə aparılan sorğularda respondentlərin mütləq əksəriyyəti icbari tibbi sığortanın tətbiq olunmasına dair müsbət fikir bildirmişdir. Mingəçevir şəhəri üzrə bu göstərici 88 faiz, Yevlax rayonu üzrə 79 faiz, Ağdaş rayonu üzrə isə 86 faiz təşkil etmişdir.
Agentlik tərəfindən aparılan təhlillərə və beynəlxalq ekspertlərin rəylərinə əsasən pilot layihənin ikiillik nəticələrinə görə əminliklə demək olar ki, ölkəmiz icbari tibbi sığortanın tətbiqi və sonrakı inkişafı üçün lazımi şəraitə, zəruri potensial, resurs və imkanlara malikdir.
Cənab Prezident, Sizin siyasi iradəniz sayəsində icbari tibbi sığorta sahəsində görülmüş işlərin davamı olaraq “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanuna dəyişikliklər layihəsi hazırlanmış və 2018-ci il dekabrın 28-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmişdir. 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək Qanunda bütün əhaliyə təcili və təxirəsalınmaz tibbi yardım, habelə ilkin səhiyyə xidməti üçün sığorta haqlarının dövlət büdcəsi tərəfindən ödənilməsi göstərilmişdir. Həmçinin ölkə əhalisinin 45 faizini təşkil edən iqtisadi qeyri-fəal əhali, başqa sözlə desək, uşaqlar, tələbələr, pensiyaçılar, sosial müavinət və ünvanlı sosial yardım alan şəxslər, hamilə və sosial məzuniyyətdə olan qadınlar üçün sığorta haqqının dövlət büdcəsi tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Bu isə Sizin sosialyönümlü islahatlarınızın və həssas əhali kateqoriyasına göstərdiyiniz yüksək qayğının bariz nümunəsidir. Eyni zamanda, vurğulamaq istərdim ki, 2018-ci il dekabrın 20-də 418 nömrəli Fərmanınızla “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin yaradılması və dövlət tibb müəssisələrinin TƏBİB-in tabeliyinə verilməsi, dövlət tibb müəssisələrinin elektronlaşdırılması, habelə icbari tibbi sığortanın sonrakı inkişafı ilə bağlı qərarlar qəbul edilmiş və bundan irəli gələrək Agentlik qarşısında mühüm vəzifələr qoyulmuşdur.
“Tibbi sığorta haqqında” Qanuna edilmiş dəyişikliklərin 2020-ci ildə qüvvəyə minməsini nəzərə alaraq, ölkənin səhiyyə sisteminin icbari tibbi sığorta tələblərinə uyğunlaşdırılması ehtiyacı yaranmışdır. Bu məqsədlə tərəfimizdən tibb müəssisələrinin ilkin qiymətləndirilməsi həyata keçirilmiş və nəticədə 2019-cu il üzrə görüləcək işlərə dair tədbirlər planı işlənib hazırlanmışdır. Tədbirlər planına uyğun olaraq tibb müəssisələrinin elektronlaşdırılması ilə bağlı zəruri işlərin görülməsi və informasiya texnologiyalarının geniş tətbiqi nəzərdə tutulur. Bununla yanaşı, tibb müəssisələrinin icbari tibbi sığorta sisteminə keçidini təmin etmək məqsədilə tibb işçilərinin biliklərinin artırılması və bacarıqlarının təkmilləşdirilməsi üçün bir sıra təlimlərin keçirilməsi planlaşdırılır.
Eyni zamanda, dövlət tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətini beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Agentlik Səhiyyə Nazirliyi ilə birgə tibb müəssisələri üçün keyfiyyət standartları üzərində işə başlayıb. 2020-ci il ərzində 20 standartın tətbiqi nəzərdə tutulub. Standartlara uyğun fəaliyyət göstərən tibb müəssisələri Agentlik tərəfindən keyfiyyət indeksinə uyğun əlavə maliyyələşmə imkanı əldə edəcək. Sonrakı illərdə isə keyfiyyət standartlarının sayının 200-ə çatdırılması nəzərdə tutulub.
Əhalinin icbari tibbi sığorta çərçivəsində yararlana biləcəyi xidmətlərin toplusunu ehtiva edən xidmətlər zərfinin hazırlanması, habelə tibbi xidmətlərin tariflərinin müəyyənləşdirilməsi üzərində işlər aparılır. Həmçinin qarşıya qoyulan mühüm vəzifələrdən biri də səhiyyə işçilərinin gəlirlərinin əmək bazarının tələblərinə uyğun tənzimlənməsidir. Hazırda bu istiqamətdə işlər yekunlaşmaq üzrədir və layihələr ən qısa zamanda aidiyyəti üzrə təqdim olunacaq.
Sonda Zati-alilərinizi bir daha əmin etmək istərdim ki, icbari tibbi sığortanın ölkədə uğurlu tətbiqi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi öz potensialını səfərbər edərək, Sizin etimadınızı doğrultmağa çalışacaq. İndi sayı 10 milyon olan əhalimizin icbari tibbi sığortalanması kimi şərəfli missiyanı bizə həvalə etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
x x x
Dövlətimizin başçısı iclasda yekun nitqi söylədi.
-Bizim islahatlarımız davam edir. Bu gün məruzələrdə səslənən fikirlər deməyə əsas verir ki, islahatlar yaxşı nəticələr verir. Strateji Yol xəritələrinin icrası ilə bağlı məlumat verildi və iki il ərzində yol xəritələrinin icrası 52 faiz təşkil edir. Bu, deməyə əsas verir ki, bu önəmli proqram 2020-ci ilin sonuna qədər icra ediləcək və beləliklə, biz bütün sahələrdə irəliləyişə nail olacağıq. Çünki artıq məruzə edilən məsələlər göstərir ki, hər bir sahə üzrə çox ciddi addımlar atılır. Büdcə gəlirlərimiz artır, makroiqtisadi vəziyyət sabitdir, islahatlar öz nəticəsini verir, biznes mühiti yaxşılaşır. Yəni, biz bütün sahələrdə islahatların uğurlu nəticələrini görürük. Kənd təsərrüfatı sahəsində aparılan islahatlar öz nəticəsini verir, icbari tibbi sığorta ilə bağlı görülən işlər gözəl nəticə verir. İki ildir ki, bu proqram icra edilir və pilot layihələr insanları razı salır, vətəndaşlar razıdır, həkimlərin əməkhaqqı qalxır. Yəni, bu, ciddi addımlardır və göstərir ki, biz hər bir sahədə yeni addımlar atmalıyıq, dünyanın ən mütərəqqi təcrübəsini Azərbaycana gətirməliyik, tətbiq etməliyik və nəticə etibarilə daha da uğurlu inkişaf modeli ortaya qoymalıyıq.
Ümumiyyətlə, deyə bilərəm ki, biz hazırda iqtisadiyyatımızın yeni inkişaf strategiyası üzərində işləyirik, bu proses başlanmışdır. Bu prosesə qabaqcıl beynəlxalq mütəxəssislər, alimlər cəlb ediləcək ki, yeni inkişaf strategiyamız uğurlu olsun və gözəl nəticələrə gətirib çıxarsın. Bu günə qədər görülmüş işlər bunun üçün gözəl zəmin yaratdı. Biz əsas infrastruktur layihələrini icra etdik. Qeyd etdiyim kimi, növbəti beşillik proqram – Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bu gün hələ də görə bilmədiyimiz bütün layihələri icra edəcəyik. Bu, möhkəm bir zəmindir. Biz bu zəmin üzərində yeni iqtisadi inkişaf modeli qurmalıyıq və qururuq. Bizdə həm təcrübə, həm də iradə var. Deyə bilərəm ki, aparıcı beynəlxalq maliyyə qurumları bizim bu siyasətimizi dəstəkləyir. Mənim həm Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər mötəbər maliyyə qurumlarının rəhbərləri ilə keçirdiyim çoxsaylı görüşlər göstərir ki, aparılan islahatlara bu qurumlar tərəfindən çox böyük dəstək var. Onlar da öz tərəfindən dəstəyini bundan sonra da göstərmək, bu işləri bizimlə birlikdə görmək istəyirlər. Biz də bunu istəyirik və onların təcrübəsi, o qurumlarda fəaliyyət göstərən mütəxəssislər, əlbəttə ki, bu işlərə cəlb olunacaqdır. Beləliklə, biz indiki yol xəritələrinin icrasını uğurla başa vurmalıyıq və 2021-2025-ci illəri əhatə edən yeni proqramı işləyib təqdim etməliyik.
O ki qaldı, digər məsələlərə, ilin sonuna qədər elektrik enerjisi ilə bağlı modernləşdirmə prosesi davam etdiriləcək. Mövcud stansiyaların potensialının gücləndirilməsi üçün işlər aparılır. Yenidənqurma, bərpa, modernləşmə işləri nəticəsində biz mövcud stansiyalarda ən azı 400-500 meqavat əlavə enerji gücü əldə edə bilərik. Artıq bütün hesablamalar var və əminəm ki, biz bu işdə uğur qazanacağıq. Beləliklə, hesab edirik ki, ancaq modernləşmə nəticəsində bir böyük yeni stansiya qurulacaq. Əgər biz “Şimal-2” stansiyasının tikintisini də əlavə etsək, – o da təqribən 400-500 meqavat gücünə malik stansiya olacaq, – bizim enerji potensialımız daha da artacaq və ölkəmizin artan sənaye potensialı, artan əhali əlbəttə ki, gələcəkdə də etibarlı qaydada elektrik enerjisi ilə təmin ediləcəkdir.
Giriş sözümdə qeyd etdim ki, qazlaşdırma Azərbaycanda ən yüksək səviyyədədir və bu il də qazlaşdırma ilə bağlı işlər aparılır. Biz imkanlardan maksimum istifadə etməliyik ki, bu gün hələ də qaz almayan qəsəbələrə, kəndlərə qaz xətləri çəkək. Şəhərlərdə bəzi yerlərdə qazın təzyiqi aşağıdır və bu məsələ ilə bağlı müvafiq göstərişlər verildi, işlər görülür ki, əhaliyə keyfiyyətli qaz verilsin. Eyni zamanda, “Azəriqaz” tərəfindən bəzi hallarda əsası olmayan işlərə də son qoyulmalıdır. Çünki mənə məlumat verilir ki, “Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır. Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır. Bütün sahələrdə – elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır.
İçməli su layihələrinin icrası ilə bağlı deyə bilərəm ki, bu günə qədər 38 şəhərdə bu layihələr başa çatıb. Əvvəlki illərdə su ilə təmin edilməyən 38 şəhərə biz təmiz içməli su xətləri çəkdik ki, suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının standartlarına uyğundur. Bu ilin sonuna qədər əlavə 5 şəhərdə bu layihələr başa çatmalıdır və 12 şəhərdə işlər davam edir. Növbəti illərdə onlar da başa çatacaq.
Son illərdə meliorativ tədbirlərin həyata keçirilməsi geniş vüsət almışdır. Biz bir neçə il ərzində yüz minlərlə hektar yeni torpağa su xətləri çəkdik. Bu il biz ən azı əlavə 70 min hektara su xətləri çəkib, orada da meliorativ tədbirləri yaxşılaşdıracağıq. Minimum 1000 kilometr avtomobil yolu çəkilməlidir. Minimum ona görə deyirəm ki, biz ilin əvvəlində bu hədəfi götürmüşdük. Ancaq yerlərdən gələn təkliflər və müraciətlər deməyə əsas verir ki, bu problem hələ də mövcuddur, baxmayaraq ki, 15 min kilometr avtomobil yolu çəkmişik. Ona görə də həm Bakı şəhərində, həm Bakı qəsəbələrində, – bildiyiniz kimi, indi bu işlər geniş vüsət alıb, – və bölgələrdə əlavə tədbirlər görüləcək. Bu proses su xətlərinin çəkilişi ilə uzlaşmalıdır. İlk növbədə, kommunikasiyalar, su xətləri çəkilməlidir, ondan sonra yollar. Yəni, biz bu işləri paralel şəkildə görürük.
Mən qeyd etdim ki, Azərbaycan bu gün xarici sərmayələrin qoyuluşu üçün öz imkanlarını təqdim edir və bu, hər bir ölkə üçün çox önəmli məsələdir. Şadam ki, qeyri-neft sektoruna investorlar tərəfindən böyük maraq var. Burada əsas məsələ bürokratik əngəlləri aradan götürməkdir. Biz potensial investoru cəlb etməliyik, investoru axtarmalıyıq, ona sübut etməliyik ki, Azərbaycana sərmayə qoysun. Ancaq bəzi hallarda hansısa yerli və ya xarici şirkət investisiya qoymaq istəyəndə onun qarşısında süni, bürokratik və digər əngəllər yaradılır. Bu, tamamilə qəbuledilməzdir, buna yol vermək olmaz. İnvestisiyaların cəlb edilməsi hər bir ölkənin iqtisadi inkişafı üçün əsas şərtlərdən biridir. Azərbaycanda dövlət investisiyaları qoyulur və qoyulmalıdır. Ancaq biz çalışmalıyıq ki, özəl sektor daha da böyük həvəslə investisiyalar qoysun. Biz buna nail oluruq və nail olacağıq. Dövlət hər zaman bu sahədə öz dəstəyini göstərəcək.
Bu il məcburi köçkünlər üçün yeni yaşayış binalarının tikintisi nəzərdə tutulur. Bildiyiniz kimi, son illərdə yüzdən çox köçkün şəhərciyi salınıb. Biz 10 ildən çoxdur ki, çadır şəhərciklərini ləğv etdik və məcburi köçkünlərə yaxşı şərait yaratdıq. Ancaq hələ də ağır vəziyyətdə yaşayan köçkünlər var və onların problemlərinin həlli bizim üçün əsas məsələlərdən biridir. Keçən il 6 min köçkün ailəsi üçün yeni müasir evlər tikilib, mənzillər təqdim edilib. İlin əvvəlində təqribən 6 min köçkün ailəsi üçün mənzillərin tikintisi nəzərdə tutulurdu, biz bu mənzillərin, evlərin sayını artıracağıq. Artıq müvafiq göstərişlər verildi, əlavə vəsait ayrılıb və işlər başlamışdır. Burada da ədalət əsas prinsip olmalıdır və bu gün bu prinsip təmin edilir.
Bu il şəhid ailələrinə dövlət tərəfindən ən azı 800 mənzil veriləcək. Bütövlükdə, 6500-dən çox şəhid ailəsi dövlət tərəfindən mənzillə təmin olunub. Qarabağ müharibəsi əlillərinə bu il ən azı 600 minik avtomobili veriləcəkdir. Bu günə qədər 6200 avtomobil verilibdir. Onu da bildirməliyəm ki, bu həcmdə bu təcrübə ancaq Azərbaycanda mövcuddur. Biz bu işləri ardıcıl şəkildə görürük və görməliyik. Ona görə bizim bu sahədəki siyasət bir daha onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz ağır, çətin vəziyyətdə yaşayan insanlara mütləq kömək etməliyik və edirik. Qeyd etdiyim rəqəmlər bunun əyani sübutudur.
İş yerlərinin yaradılması Azərbaycanda daimi proses olmalıdır. Son 15 il ərzində 2 milyon iş yeri yaradılmışdır. Ancaq, eyni zamanda, bu müddət ərzində əhali 1,7 milyon artmışdır. Bu, çox müsbət haldır. Bildiyiniz kimi, bu il 10 milyonuncu vətəndaş dünyaya gəlib. Artıq biz 10 milyonuq. Bu, tarixi nailiyyətdir. Əlbəttə ki, bu, ölkəmizi gücləndirir, potensialımızı artırır. Ancaq, eyni zamanda, artan əhali infrastruktur layihələrinin, iş yerlərinin yaradılması üçün əsas şərtdir. Çünki uşaq bağçaları, məktəblər tikilməlidir, infrastruktur layihələri icra edilməlidir. Sovet vaxtında yaradılmış infrastruktur ovaxtkı əhaliyə hesablanmışdı. İndi Bakı şəhəri böyüyüb, əhalisi artıb, rayonlarda da əhali artıb. Ona görə bu məsələyə biz daim diqqət göstərməliyik. Misal üçün, bir çox infrastruktur layihələri, o cümlədən içməli su layihələri artan əhalini nəzərə almaq şərtilə 2030-cu ilə qədər hesablanıb.
Yenə də deyirəm, iş yerlərinin yaradılması üçün sərmayə qoyuluşu əsas vəzifədir. Dövlət tərəfindən yaradılan iş yerləri, sadəcə olaraq, sosial xarakter alır. Biz bunu edirik və edəcəyik. Ancaq bu missiyanı özəl sektor sərmayə qoyuluşu hesabına öz üzərinə götürməlidir. Sərmayə qoyuluşu olmasa iş yerləri necə yaradıla bilər?! Dövlət daim iş yerlərini yarada bilməz. Biz, sadəcə olaraq, işsizliyin azaldılması üçün bu işləri görürük. Bildirməliyəm ki, bu il 40 min ödənişli ictimai iş yeri açılır. Mənə verilən məlumata görə, artıq 35 min insan bu il ödənişli ictimai işlərlə təmin edilib. Bu, yenə də deyirəm, sosial təşəbbüsdür, sosial dəstəkdir. Ancaq özəl sektor, ilk növbədə, sərmayə qoymalıdır, iş yerləri yaratmalıdır və rəqabətqabiliyyətli məhsul istehsal etməlidir.
İş yerlərinin yaradılması üçün, əlbəttə ki, vacib amillərdən, vasitələrdən biri özünüməşğulluq proqramıdır. Biz buna da başlamışıq. Bu proqram çox böyük rəğbət qazanıb. Biz hər il özünüməşğulluq proqramı çərçivəsində təqribən 7 minə yaxın insanı işə cəlb etmək fikrindəyik. Ancaq yerlərdən gələn sifarişlər qat-qat çoxdur. Bunu biz nəzərə almalıyıq və öz planımıza düzəlişlər etməliyik. Bu, əlbəttə ki, təkcə maliyyə vəsaiti tələb edən məsələ deyil, burada bir çox texniki məsələlər, vasitələrin alınması var, ondan sonra, nəzarət mexanizmi tətbiq edilməlidir. Bəzən müəyyən vasitələr vətəndaşlara veriləndən sonra bəzi vətəndaşlar o vasitələrdən səmərəli şəkildə istifadə edə bilmirlər və bu imkanı əldən verirlər. Ona görə burada, əlbəttə ki, dövlət tərəfindən həm tövsiyə verilməlidir, – mən bilirəm ki, treninqlər də keçirilir, – eyni zamanda, nəzarət də kifayət qədər güclü olmalıdır. Azərbaycanda özünüməşğulluq proqramının həm məşğulluq, həm iqtisadi inkişaf, həm də istehsal baxımından çox böyük gələcəyi var. Onu da bildirməliyəm ki, aparıcı beynəlxalq maliyyə qurumlarının, misal üçün, Dünya Bankının, digər bankların rəhbərləri ilə görüşlər əsnasında bu məsələni də mən qaldırmışdım və onlarda da buna böyük maraq var. Biz onları cəlb etməliyik. Bizim indi maliyyə imkanlarımız var. Ancaq təcrübə baxımından, onlarda olan təcrübə bizdə yoxdur. Çünki biz bu işə təzə başlamışıq, onlar isə dünyanın müxtəlif yerlərində bu proqramı təşviq edirlər. Ona görə özünüməşğulluq proqramına daim diqqət göstərilməlidir. Mən bu mövzu ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm. Məhz ona görə ki, bu, çox vacib məsələdir.
Qeyd etdiyim kimi, bu il maaşlar, pensiyalar artırıldı və bu proses davam etdiriləcək. Mən bildirmişəm, biz bu məsələni daim diqqətdə saxlayırıq. Qeyd etdim ki, son 15 il ərzində maaşlar və pensiyalar dəfələrlə artıb. Ancaq bu, bizi tam qane edə bilməz. Ona görə, bundan sonra da minimum əməkhaqqı, minimum pensiya və digər sosial müavinətlərin artırılması nəzərdə tutulur. İmkan daxilində biz bunu edəcəyik. Bu sahədə öz siyasətimizi ardıcıl şəkildə aparacağıq.
Sosial infrastrukturla bağlı, – bu da daim diqqət mərkəzində olan məsələdir, – bildirməliyəm ki, bu il 100-ə yaxın məktəb tikiləcək və ya əsaslı təmir ediləcək, o cümlədən modul tipli məktəblər. Bunun da çox böyük faydası var, xüsusilə ucqar kəndlərdə. Bu məktəblər həm tez bir zamanda ərsəyə gəlir, həm də keyfiyyət baxımından çox yüksək standartlara cavab verir. Beləliklə, hesab edirəm ki, biz qəzalı məktəblər problemini bu il, uzaqbaşı gələn il həll edəcəyik. Yəni, Azərbaycanda bir dənə də olsun qəzalı məktəb olmamalıdır. Bu istiqamətdə böyük işlər görülüb və görüləcək.
Bu il 10-a yaxın yeni mərkəzi rayon xəstəxanası fəaliyyətə başlayacaq. Beləliklə, Azərbaycanda bir dənə də şəhər, rayon olmayacaq ki, orada ən müasir standartlara cavab verən tibb mərkəzi olmasın.
Üç olimpiya idman mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulurdu, onlardan biri artıq açıldı. Altı milyon insan dövlət hesabına tibbi müayinədən keçəcəkdir. Bu da bizim təşəbbüsümüzdür, çox ciddi sosial addımdır və vətəndaşlar bundan faydalanırlar. Hər bir vətəndaş il ərzində öz sağlamlığına fikir verməlidir və müayinədən keçməlidir. Dövlət bu şəraiti yaradıb. İlk növbədə, hər bir yerdə müasir avadanlıqlar var. Eyni zamanda, dövlət hesabına bu məsələ öz həllini tapır.
İcbari tibbi sığortanın tətbiqi ilə bağlı artıq qeyd etdim ki, 3 pilot layihənin təcrübəsi çox müsbətdir. Artıq məruzədə də səsləndi ki, biz indi genişmiqyaslı proqramın icra edilməsinə hazırıq. Bu da çox ciddi sosial addım olacaqdır.
Bakı şəhərində nəqliyyat-təsərrüfat problemlərinin həlli üçün əlavə tədbirlər nəzərdə tutulur, şəhər nəqliyyatı təkmilləşir. Bu il 300 ən müasir avtobusun Bakıya gətirilməsi nəzərdə tutulur. Beləliklə, bu, şəhər nəqliyyatına böyük töhfə olacaqdır. Şəhərə yeni metro vaqonları gətiriləcəkdir. Yüzlərlə yeni lift quraşdırılacaq. Bu məqsədlər üçün dövlət büdcəsində vəsait nəzərdə tutulur. Şəhərətrafı dəmir yolunun çəkilişi prosesi davam etdirilir. Bu da şəhər nəqliyyatının işini böyük dərəcədə yaxşılaşdıracaqdır.
Bu il Ağsu, İsmayıllı, Şamaxı rayonlarında baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması üçün fəal işlər gedir. Müntəzəm olaraq mənə məruzə edilir. Minlərlə yeni ev tikilib əsaslı təmir ediləcək. Dövlət vəsaiti ayrıldı. Yenə də demək istəyirəm ki, biz bu məsələyə çox operativ şəkildə yanaşdıq. Vətəndaşların problemlərini nəzərə alaraq çalışmalıyıq ki, bu işlər tez bir zamanda başa çatsın. Halbuki bu, ağır işdir, ilk növbədə, təhlil aparılmalıdır, komissiya işləməlidir, dəymiş ziyanın həcmi müəyyən edilməlidir və tikinti işləri aparılmalıdır. Əlbəttə ki, bu, zaman tələb edən bir məsələdir. Həm dövlət qurumları, həm də özəl sektor bu işlərə qoşulub. İşlər indi geniş vüsət alıb. Həm vətəndaşların evləri təmir olunur, yeni evlər tikilir, həm də çoxmərtəbəli binaların tikintisi başlamışdır. Çalışmalıyıq ki, bu məsələ də qısa müddət ərzində öz həllini tapsın. Mən bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişdim. Bir daha demək istəyirəm ki, inkişaf etmiş ölkələrdə bu işləri sığorta şirkətləri görür. Vətəndaşın evi sığortalıdır, sığorta pulunu alır, gedir özü üçün ev tikir. Nəzərə alsaq ki, bizdə belə deyil, dövlət bu məsələni öz üzərinə götürür. Bir daha demək istəyirəm ki, ən gözəl nümunə göstərən ölkələrdən biri Azərbaycandır, həm keyfiyyət, həm müddət, həm operativlik və həm də vətəndaşlara qayğı baxımından.
Ona görə Azərbaycan vətəndaşları əmin ola bilərlər ki, ən ağır məqamlarda dövlət onların yanındadır. Dövlət orqanları, mərkəzi və yerli icra orqanlarının nümayəndələri daim vətəndaşlara qayğı, diqqət göstərməlidirlər, daim vətəndaşların yanında olmalıdırlar. Müvafiq icra orqanlarının rəhbərlərinə və məsul şəxslərə göstəriş verildi ki, onlar daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar. İcra başçıları qəsəbələrdə, kəndlərdə olmalıdırlar, vətəndaşların problemlərini eşitməlidirlər, onlara biganə qalmamalıdırlar, onlara şərait yaratmalıdırlar, onlara dəstək olmalıdırlar, kömək göstərməlidirlər. Bu sahədə çox ciddi islahatlar aparılır və aparılacaq.
Ümumiyyətlə, idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac var. Mən bunu demişəm, bu gün də, əvvəlki çıxışlarda da. Hər bir sahədə inkişaf üçün böyük meydan var. Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq nəticə də olacaq. Bu, ictimaiyyət tərəfindən də mütləq yüksək qiymətləndiriləcək. Ona görə bir daha demək istəyirəm ki, yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar.
Biz regional inkişaf proqramını böyük dərəcədə yerlərdən gələn məktublar, sifarişlər əsasında formalaşdırmışıq. Hansı problemlər insanları narahat edir, biz o problemləri də dövlət proqramına salmışıq və onları həll edirik. Amma bəzi hallarda bu layihələrin icrası ilə bağlı da bir çox qüsurlar, bir çox çatışmazlıqlar olur. Bunlar aradan qaldırılmalıdır. Əlbəttə ki, ictimai nəzarət daha da güclü olmalıdır.
Ölkəmizdə makroiqtisadi vəziyyət sabitdir. Mən qeyd etdim, inflyasiya aşağı səviyyədədir – 2 faizdən bir qədər çoxdur. Manatın məzənnəsi sabitdir. Belə olan halda, əlbəttə ki, süni qiymət artımına yol vermək qətiyyən olmaz. Bəzi hallarda bəzi məhsulların qiymətlərində artım olur. Bunun heç bir əsası yoxdur. Bəzi hallarda mövsümi xarakter daşıyır. Amma bəzi hallarda qiymətlər süni şəkildə artırılır. İndi ölkə iqtisadiyyatında canlanma var. İnsanların alıcılıq qabiliyyəti artır. Biz bunu indi statistik göstəricilərdən görürük. İndi istehlak bazarına nəzarət edən qurumlar bunu görür. Maaşlar, müavinətlər artır, problemli kreditlərlə bağlı ödənişlər başlamışdır. Ancaq biz imkan verə bilmərik ki, bundan hansısa natəmiz adamlar, möhtəkirlər istifadə etsinlər, qiymətləri süni şəkildə qaldırsınlar, yaxud da ki, hansısa bir inhisarçılıqla məşğul olsunlar. Ona görə istehlak qiymətlərinə daim nəzarət olmalıdır. Süni qiymət artımına qətiyyən yol verilməməlidir. Müvafiq qurumlar bu işlərlə çox ciddi məşğul olmalıdırlar.
Sənaye istehsalı sahəsində iri sənaye müəssisələrinin yaradılması prosesi yaxşı nəticələr verir. Ancaq biz çalışmalıyıq ki, kiçik, orta sənaye müəssisələri daha da fəal olsun, həm yeniləri yaradılsın, həm də fəaliyyətdə olan sənaye obyektləri öz işini təkmilləşdirsinlər ki, rəqabətqabiliyyətli məhsullar istehsal olunsun. Bu, həm iş yerləridir, həm yerli istehsaldır, idxaldan asılılığın aradan qaldırılmasıdır. Sənaye parklarının bu sahədə böyük əhəmiyyəti var. Bizdə sənaye parklarında, sənaye zonalarında 60-a yaxın rezident var. Bu parklara, zonalara artıq 3,3 milyard dollar sərmayə qoyulub. Əgər biz sənaye parklarını yaratmasaydıq, bu vəsait də qoyulmazdı. Orada güzəştli şərtlər tətbiq olunur, investorlar vəsait qoyur, iş yerləri yaradır və nəticə etibarilə ölkəmiz inkişaf edir.
İnşaat sektorunun inkişafına biz daha böyük diqqət göstərməliyik. İnşaat sektorunda hazırda canlanma var. İnşaat sektorunda minlərlə, on minlərlə insan işləyir. Hazırda Bakı şəhərində 400-ə yaxın çoxmərtəbəli bina tikilir. Bu, onu göstərir ki, bu sektorda çox böyük canlanma, irəliləyiş var, tikinti materiallarının istehsalı artır. Yəni, inşaat sektoru iqtisadiyyat üçün çox böyük əhəmiyyət daşıyan sahədir. Burada, əlbəttə ki, dövlət tərəfindən sahibkarlara tam dəstək verilməlidir, bütün bürokratik əngəllər aradan qaldırılmalıdır. Əlbəttə ki, sahibkarlar da dövlət nəzarəti altında bütün memarlıq və şəhərsalma qaydalarına əməl etməlidirlər.
Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə birinci sosial evlər layihəsi uğurla başa çatıb. Yasamal yaşayış kompleksi istifadəyə verilib. Mən bu kompleksin açılışında olmuşam. İndi isə ikinci layihə icra edilir – Hövsan qəsəbəsində. Orada indi 3 minə yaxın mənzil inşa edilir. Bu qurum – MİDA mənim təşəbbüsümlə yaradıldı və məhz sosial məna daşıyan bir layihədir. Sosial evlərin tikintisi minlərlə ailənin mənzillə təmin edilməsi üçün şərait yaradır. Bu, minlərlə iş yeri yaradır və eyni zamanda, inşaat sektoruna böyük təkan verir. Yəni, təkcə bir yaşayış kompleksində 3 minə yaxın mənzilin tikintisi görün nə qədər insanı bu işlərə cəlb edir, nə qədər sahibkarı işlə təmin edir.
Kənd təsərrüfatı ilə bağlı aparılan islahatlar haqqında məruzə edildi. Bu sahə də daim diqqət mərkəzindədir. Bildiyiniz kimi, dövlət bu sahəyə çox böyük dəstək, yardım göstərir. Güzəştli şərtlərlə gübrələr, yanacaq, subsidiyalar, texnika verilir. Mən deyə bilərəm ki, Azərbaycan bu sahədə dünya miqyasında fermerlərə dəstək baxımından ən qabaqcıl ölkələrdən biridir. Həm də onlardan vergilər də tutulmur, torpaq vergisi istisna olmaq şərti ilə. Yəni, bu sahəyə maksimum dəstək verilir. Bu sahədə aparılan islahatlar, əminəm ki, daha da böyük nəticələrə gətirib çıxaracaq. Hesab edirəm ki, idiki 3,6 faiz artım bizim potensialımızı tam əks etdirmir. Çünki bu qədər işlər görülür – həm meliorativ tədbirlər, həm dövlət tərəfindən dəstək. Fındıqçılıq, üzümçülük, pambıqçılıq, taxılçılıq, meyvəçilik, tərəvəzçilik sahəsində görülən işlər indi burada məruzədə də səsləndi. Yəni, bizim istehsalımız və ixracımız böyük dərəcədə artır. Mən hesab edirəm ki, görülmüş işləri və islahatları nəzərə alsaq kənd təsərrüfatında artım daha da yüksək ola bilər.
Azərbaycanda kənd təsərrüfatı texnoloji sahəyə çevrilməlidir və burada yeni mexanizmlər, o cümlədən aqrar sığorta mexanizmi tətbiq edilməlidir. Bununla paralel olaraq, biz kəndlərdə investisiya layihələrinin icrası ilə bağlı düşünməliyik. Mən tapşırıq verirəm ki, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birgə işləsinlər. Bəlkə işçi qrup da yaradıla bilər ki, kəndlərdə investisiya layihələrinin icrası ilə bağlı təkliflər hazırlansın. Hər bir kənd üzrə belə proqram ola bilər. Biz investisiyaları daha çox şəhərlərə cəlb edirik. Ancaq kəndlərin yeni inkişaf konsepsiyası hazırlanmalıdır.
Əlbəttə ki, mən bütün bu işlərdə sahibkarların rolunu qeyd etmək istərdim. Son vaxtlar Azərbaycanda güclü sahibkarlar sinfi formalaşıb. Mən sahibkarları daim dəstəkləyirəm, sahibkarlarla çoxsaylı görüşlərdə onlara öz dəstəyimi ifadə edirəm, dövlət onları dəstəkləyir, həm güzəştli kreditlərlə, həm tövsiyələrlə və yaradılmış şəraitlə. Əgər infrastruktur layihələri olmasa idi, sahibkar investisiya qoya bilməzdi. Əgər işıq, qaz, yol yoxdursa, hansı sahibkar harasa vəsait qoya bilər. Biz bunu yaratdıq, üstəlik kreditlər də verdik. Bu günə qədər sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Təkcə bu il 170 milyon manat həcmində kredit veriləcək, əvvəllər verilmiş və qaytarılan kreditlər hesabına. Ona görə sahibkarlar bundan sonra da fəal olmalıdırlar və yeni müəssisələr, iş yerləri yaradılmalıdır. Mən onlara tövsiyə etmişdim ki, mövcud müəssisələrdə əlavə iş yerləri yaratsınlar. Çünki dövlət 40 min ödənişli ictimai iş yeri yaradır. Mənə verilən məlumata görə, sahibkarlar bu il təqribən 8 min ödənişli ictimai iş yeri yaradacaqlar. Bu, onlar üçün böyük bir yük olmayacaq, ancaq vətəndaşların məşğulluq problemini həll edəcək. Baxın, dövlət və özəl sektor ancaq bir il ərzində 50 minə yaxın ictimai iş yeri yaradacaq. Əlbəttə, biz gözləyirik ki, yeni müəssisələr, yeni sənaye sahələri yaradılsın və burada iş yerləri kifayət qədər çox olsun.
Bu il bölgələrdə beş “ASAN xidmət” mərkəzinin yaradılması nəzərdə tutulur və beləliklə, onların sayı 20-yə çatacaq. Mənə verilən məlumata görə, Bakı şəhərində də yeni mərkəzlərin tikintisinə ehtiyac var. Çünki “ASAN xidmət”in funksiyalarının həcmi və müraciətlərin sayı artır, bəzi yerlərdə növbələr yaranır. Biz “ASAN xidmət”i məhz ona görə yaratdıq ki, bu, asan olsun, bu xidmət rahat olsun, növbə olmasın, heç bir pozuntu olmasın, şəffaf olsun. Buna nail olmuşuq. “ASAN xidmət”in bəyənmə əmsalı 100 faizə yaxındır. Ancaq nəzərə alsaq ki, funksiya genişlənir və müraciətlərin sayı artır, bəzi yerlərdə növbələr yaranır. Ona görə göstəriş vermişəm ki, – ilkin vəsait də ayrıldı, – Bakı şəhərində əlavə iki “ASAN xidmət” mərkəzi yaradılsın və beləliklə, onların sayı 22-yə çatacaq.
Görülmüş işlər deməyə əsas verir ki, biz düzgün yoldayıq. Buna heç bir şübhəmiz yoxdur. İqtisadi, sosial sahələrdə və bütün başqa sahələrdə islahatlar bundan sonra da aparılacaq. Bildiyiniz kimi, bu yaxınlarda məhkəmə-hüquq sahəsində islahatlarla bağlı müvafiq Fərman imzalanmışdır. Hesab edirəm ki, onun icrası bu sahədə də ciddi dönüşə səbəb olacaq. Yəni, biz gərək hər bir sahədə irəli gedək. Yeniliklər, müsbət təcrübə, dünyada mövcud olan ən mütərəqqi yanaşma Azərbaycanda tətbiq edilməlidir. Nəzərə almalıyıq ki, bizim neft-qaz sektorumuz da iqtisadiyyata böyük dəstəkdir. Nəzərə almalıyıq ki, biz indi nəqliyyat mərkəzlərindən birinə çevrilirik. Bu yaxınlarda Çində keçirilmiş “Bir kəmər, bir yol” Forumunda Azərbaycanın iştirakı bir daha onu göstərir ki, ölkəmiz bu önəmli layihənin tərkib hissəsidir. Bizim gəlirlərimiz artacaq, maliyyə və iqtisadi imkanlarımız daha da böyüyəcək.
Biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik, daim irəliyə baxmalıyıq. Əminəm ki, biz bu ili də uğurla başa vuracağıq, 2019-cu il də ölkəmiz üçün, xalqımız üçün uğurlu olacaq. Sağ olun.