BOK prezidenti: “İdman insanları xilas edə bilər”
“İdmanın insan sağlamlığı üçün nə qədər vacib olduğu koronavirus pandemiyası dövründə bir daha aydın oldu” .
Rakus.az xəbər verir ki, bu fikri Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax “G-20” ölkələri liderlərinin sammitində bildirib.
T.Bax qeyd edib ki, koronavirus böhranı idmanın fiziki və zehni sağlamlıq üçün nə qədər zəruri olduğunu bir daha göstərib: “Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) BOK ilə əməkdaşlıq müqaviləsi imzalamaqla bunu etiraf etmiş oldu. Bu razılaşmaya əsasən, BMT, ÜST və BOK “Birlikdə sağlamlıq” adlı kampaniyaya başlayıblar. İdman insanları xilas edə bilər”.
BOK-un koronovirusa qarşı peyvəndin hazırlanması işinə töhfə verməyə hazır olduğunu bildirən qurumun rəhbəri son vaxtlar həmrəyliyə daha çox ehtiyacın olduğunu vurğulayıb. O bildirib ki, tezliklə Tokio Olimpiya və Paralimpiya Oyunlarında birlik və həmrəylik nümayiş etdiriləcək.
Tokioda Yay Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək, Paralimpiya Oyunları isə avqustun 25-dən sentyabrın 6-dək keçiriləcək.