“Ev şəraitində müalicə olunanlar infeksiya mənbəyidir”
“Hazırda ölkədə ailədaxili koronavirusa yoluxmalar çoxalıb”.
Rakus.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, ev şəraitində müalicə olunan çoxsaylı insanlar var:
“Həmin xəstə infeksiya mənbəyidir. Əgər xəstə özünü təcrid etməsə, ailənin digər üzvlərində də yoluxma artır. Bu, tez-tez müşahidə edilir. Ona görə həmin xəstə özünü təcrid etməli, eyni zamanda, evdə olan digər şəxslər də özünü qorumalıdır.
Təəssüf ki, əhalimiz xəstəlik haqqında kifayət qədər məlumatlı deyil. Bir şəxs soyuqlama olanda dərhal xəstəxanaya müraciət edir, ağciyərləri rentgen və ya KT müayinəsindən çıxır. Heç bir xəstəlik olmayanda rahat gəzməyə başlayır.
Ağciyərlərin zədələnməsi yalnız ağırlaşma hallarında olur. Xəstəliyin başlanğıcı, ortasında və ya sonunda bu aşkarlanmır. Xəstəliyin diaqnozu üçün PZR test etdirməlidir”, – o qeyd edib.
O bildirib ki, ictimai nəqliyyatda, avtobuslarda sıxlıq müşahidə olunur:
“Lazım olmadığı halda ictimai nəqliyyatdan istifadə etməyək və evdən çıxmayaq”.