Şəhid olmağa da hazır idim – QAZİ - FOTO

Könüllü olaraq Vətən Müharibəsində iştirak etməklə düşmənə qarşı igidliklə vuruşaraq yaralanan Qaradağ rayonu Müşfiqabad qəsəbənin sakini Ayaz Allahverdiyev əməliyyatdan və 40 günlük müalicədən sonra evə qayıtdı. Valideynləri, qohumları, yaxınları və qonşuları tərəfindən qarşılanan igidin qayıdışı münasibətilə qurban kəsildi.
Qəhrəmanımız bildirdi ki, sentyabrın 21-də evlərindən xəbərsiz Milli Ordu sıralarına qatılaraq təlim keçdikdən sonra döyüşə yollanıb. Füzuli rayonu və kəndləri uğrunda gedən döyüşlərdə əsgər yoldaşları ilə birlikdə qəhrəmanlıq göstərərək düşməni torpaqlarımızdan geri çəkilməyə məcbur ediblər. Belə döyüşlərin birində isə – Şuşaya gedən yolda oktyabrın 20-də ayağından və belindən snayperlə ağır yaralanıb. Tibbi əməliyyatdan sonra 8 gün reanimasiyada, 32 gün isə hərbi hospitalda müalicə alıb. Ev şəraitində müalicəsini davam etdirdikdən sonra yenidən əməliyyat olunmalıdır.
Döyüş yolu barədə danışan Ayaz Allahverdiyev bildirdi ki, xeyli müddət idi, bu günü səbirsizliklə gözləyirdim. Bu ilin iyul ayında növbəti dəfə düşmən hərbi təcavüzünün qarşısı alındıqdan sonra ordu sıralarına yazılmaq qərarımı qətiləşdirdim. Beləliklə, könüllü müraciətimdən sonra sentyabrın 21-də istəyimə nail olundum və Milli Ordumuzun əsgəri kimi təlimlərə qatıldım. Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişinə isə əməl edənlərin birincilərindən oldum və ilk andan həmlə taborunun əsgəri kimi döyüşlərə atıldım. Əsgər yoldaşlarımla birlikdə dəfələrlə ağır döyüşlərdə iştirak etmişəm. Çünki bizim hər birimizin bir arzusu vardı: Ali Baş Komandanımızın tapşırığına əsasən İşğal altında olan torpaqlarımızı azad etmək və Azərbaycanın ərazi bütövlüyünə nail olmaq. Hətta bu yolda şəhid olmağa belə hazır idik. Şəhid olanlara Allahdan rəhmət diləyir, yaralılara cansağlığı arzulayıram. Şükürlər olsun bu günümüzə, qələbə çalaraq ZƏFƏR bayramımıza hazırlaşırıq.