Təbrizin tarixi haqqında ƏSƏR nəşr olundu
Qacarlar sülaləsinin məşhur nümayəndəsi şahzadə Nadir Mirzənin (1827-1885) AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan “Təbriz darüssəltənəsinin tarixi, coğrafiyası və görkəmli şəxsləri” əsəri Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilib.
İnstitutdan Rakus.az-a bildiriblər ki, kitab Təbriz şəhərinin qədim dövrlərdən tutmuş XIX əsrədək olan tarixi mənzərəsini əks etdirir. Nadir Mirzə əsəri yazarkən özünün 40 illik müşahidələrini qələmə almaqla yanaşı, 100-dək tarixi sənəd, məktub və fərmandan istifadə edib.
Kitabda Təbrizdə baş verən ən mühüm tarixi hadisələr, əhalinin yaşayış tərzi və adət-ənənələri, şəhərin məhəllələri, qədim tikililəri, coğrafi məkanları, bağ-bağçaları, burada bişirilən təamlar haqqında geniş və dəqiq məlumat verilir. Bundan başqa, əsərdə Təbrizin görkəmli siyasət və din xadimləri, alimləri, şairləri, şəhərin tarixində iz qoyan sadə sakinlər barədə də bəhs olunur.
Əsəri fars və ərəb dillərindən Əlyazmalar İnstitutunun əməkdaşı Rauf Şeyxzamanlı tərcümə edib. O, kitabdakı izahların, şərhlərin və “Ön söz”ün müəllifidir. Nəşrin baş elmi məsləhətçisi akademik Teymur Kərimli, redaktoru filologiya üzrə elmlər doktoru Nəsib Göyüşovdur.