Türkiyə avrokuboklardan uzaqlaşır
Türkiyə Super Liqasının qalibi olacaq komanda UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində yerini itirmə təhlükəsi ilə üzləşib.
Rakus.az xəbər verir ki, bu, Avropa Liqasının qrup mərhələsinin VI turunda “Sivasspor”un İsraildə “Makkabi” (Təl-Əviv) komandasına 0:1 hesabı ilə uduzmasından sonra baş verib.
Bu mövsüm Çempionlar Liqasının qalibi öz liqasında qitənin bir nömrəli klub turnirinə vəsiqə əldə etməsə, Türkiyə çempionu qrup mərhələsinda iştirak üçün pley-offda oynayacaq.
UEFA reytinqində 13-cü pilləyə geriləyən Türkiyənin 2022/2023 mövsümündə birbaşa ÇL-in və Avropa Liqasının qrupuna komanda göndərə bilməyəcəyi dəqiqləşib. 2021/2022 mövsümünün qalibi nüfuzlu turnirdə iştirak üçün pley-offda mübarizə aparmalıdır.
Çempionlar Liqasında çıxış edən “Başakşehir” klubu da “Sivasspor” kimi avrokuboklarla vidalaşıb. 15 ildən sonra ilk dəfə qonşu ölkənin heç bir klubu növbəti mərhələyə vəsiqə qazana bilməyib.