Bu gün Azərbaycan Ağsaqqallar Şurasının yeni inzibati binasının açılış mərasimi keçirilib.
Rakus.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu münasibətlə Ağsaqqallar Şurasının üzvlərini təbrik edib.
Xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqal tövsiyəsinin və məsləhətinin əhəmiyyətini vurğulayan Hikmət Hacıyev bildirib ki, Prezident İlham Əliyev cəmiyyətimizdə ağsaqqalların roluna çox böyük önəm verir. Azərbaycan ağsaqqalları tariximizin bütün dövrlərində öz sözlərini deyiblər. Ağsaqqallar Şurası bu gün ölkəmizin inkişafına, Prezidentimizin yürütdüyü siyasətə öz dəstəyini göstərir.
Prezident İlham Əliyevin cəmiyyətimizdə ictimai birliklərin, vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dövlət orqanları yanında məşvərətçi şuraların yaradılmasına böyük əhəmiyyət verdiyini diqqətə çatdıran Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan cəmiyyəti və mədəniyyətində ağsaqqal sözünün öz çəkisi, xüsusi yeri var. Biz bunu çox böyük fəxrlə deyə bilərik ki, heç bir ölkədə Ağsaqqallar Şurası institutu yoxdur. Azərbaycan bu mənada da özünün əsrlərlə formalaşmış zəngin təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşə bilər. Beynəlxalq səviyyədə sülhün, əmin-amanlığın və mədəniyyətlərarası dialoqun təşviqi prosesində Azərbaycan ağsaqqalları da öz sözlərini deyə bilərlər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında Ağsaqqallar Şurası deyilən bir institut var ki, burada bizim təsisatımız fəal rol oynayır.
Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib. Ağsaqqallar Şurasının üzərinə böyük məsuliyyət düşdüyünü deyən Eldar Quliyev bildirib ki, şuranın birinci vəzifəsi regionlarda qurumun bölmələrinin tərkibini yenidən formalaşdırmaqdır: “Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləməklə, bu siyasəti regionlarda vətəndaşlarımıza çatdırmaq bizim vəzifələrimiz sırasındadır. Ötən ilin bizim üçün dəyəri o oldu ki, 30 il ərzində həll edilməyən Qarabağ problemi dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həllini tapdı. Torpaqlarımız 44 gün ərzində işğaldan azad edildi. Bu nailiyyətimiz Prezident İlham Əliyevin daxili və xarici siyasətinin məntiqi nəticəsi idi. İnanırıq ki, bu torpaqlarda quruculuq-abadlıq işləri böyük sürətlə həyata keçiriləcək. Biz də Ağsaqqallar Şurası olaraq bu prosesdə yaxından iştirak edəcəyik”.
Ağsaqqallar Şurasının növbəti üç il üçün fəaliyyət proqramı qəbul etdiyini bildirən Eldar Quliyev deyib: “İlk növbədə, yerlərdə seçkilər keçirilməlidir, eyni zamanda, nizamnamələr təsdiq edilməli və şərait yaradılmalıdır. Dövlətimizin başçısının bizə göstərdiyi etimadı doğruldacağımıza əminik”.
Sonra tədbir iştirakçıları yeni inzibati binada yaradılmış şəraitlə tanış olublar.