Xizəkçi dünya kubokunda tarixi nəticə qazandı
Xizəkçilərin dünya kubokunun “Tur de Ski” mərhələsində qadınların yarışında tarixi nəticə qeydə alınıb. Norveç idmançılarının yoxluğunda ilk dəfə qeyri-avropalı atlet turniri qalib kimi başa vurub.
Rakus.az xəbər verir ki, 15-ci dəfə təşkil olunan turnirdə amerikalı Cessi Diggins bu titula yiyələnib. O, sonuncu mərhələdə 10 kilometrlik məsafə üzrə keçirilən yarışı ikinci sırada tamamlasa da, bu, ali mükafata yiyələnmək üçün kifayət edib. İsveçli Ebba Anderson əksinə, sonuncu mərhələdə qələbə qazansa da, ümumi siyahıda yalnız üçüncü yeri tutub. Rusiyalı Yuliya Stupak isə “Tur de Ski” turnirini ikinci sırada tamamlayıb.
Digginsin tarixi uğur qazanmasında pandemiyaya görə İtaliyaya səfər etməyən norveçli xizəkçilərin yoxluğu da böyük rol oynayıb. Çünki qadınların analoji yarışlarında Norveç idmançılarının fəxri mükafata yiyələnməsi adət halını almışdı.